backend

Cazibə

Cazibə Məsul məmur üçün iş yerində bekarçılığın alayı ləzzəti var. Masa arxasında kresloya söykənib üç yüz altmış dərəcə fırlanasan aram-aram özünçün. Adama ləzzət eləyir. Arabir də əlinə qara qələm götürüb "siftə" 100-lük dolların üzərində cizgilər qoyasan. Birdən qapı döyülə. Nərmənazik katibə xanım qu quşu kimi içəri boylanıb naz-qəmzəylə soruşa: - Müəllim, çay içirsiz?.. İncə, zərif və həzin səsin sehri səni pırpız eksperimentindən ayıra, mənalı-mənalı baxıb gülümsünərək ilk növbədə başınla təsdiq işarəsi verəsən. Bu da azlıq edə, qarşındakı gözəl simaya baxıb sevincək içindən xoş bir gizilti keçirəsən və deyəsən: -Buyurun... ...Bəh, bəh, nə gözəl əndamı varmış bu qızın, Üzü gül, ləbləri bal, eyni xumarmış bu qızın... Bu qədər məstanə bir zərifliklə adam lap cəhənnəmə də gedər e. Gözəllik nəyə qadir deyil, həqiqətən insanı öz sehrinə bələyib başına sabunsuz çatı salar da istədiyi səmtə apara bilərmiş. Bu sehrə uymasan da olmur, qadan alım. Səni də qada görməyəsən, elə bunun özü də qada-bəla deyilmi? Adamı məcbur edir ki, iş-gücünü müavinə tapşırıb sevgili, lakin üzgün və sahilsiz hicran yaşasın. Bu hicranın ardınca vüsal gəlir...Ah...necə də tanış anlardı. Belə əsrarəngiz mənzərəyə görə gündə min kərə şükürlü olmaq azdır. İnsan olaraq özünü həm də yaradanın ən sevimli bəndələri hesab edirsən. Yoxsa, gözəl və nazlı-nemətli bir məmləkətdə dünyaya gətirərdimi, möhür, kabinet, kreslo, katibə, sərvət bəxş edərdimi? Aparıb atardı bayquların uladığı, banquların quruldadığı Okeaniya adalarından birinə, ya da ki, illərlə suya həsrət qırmızı Saxara qumları üzərinə buraxardı ki, başlı başını saxla görüm...Yaşa görüm bacarırsan, ya yox. Belə qutsal mərhəmətdən gözəl nə var? Başı olmayanda pul olur, pulu olmayanda-baş. Bircə qaqaş, qalır ki, oturduğun kreslonun, cənnətlik kabinet mikrohavasının katibəqarışıq qədrini biləsən. Onu cəhənnəmə döndərməyəsən. Yoox, mən demədim ki, bizlər yaşadığımız bu müqəddəs diyarı cəhənnəmə tay eləmişik. Biz o cəhənnəmi yaşamasaq pul qazana bilmərik. Alnımıza belə yazıblar. Durub o mübarək başını pəncərədən bayıra çıxarıb baxsan hər şeyi görəcəksən. Ağız büzmə, yoxsa arxadan "dürtmə"ləyib kəlləmayallaq edəcəklər...Nə isə, dediyim odu ki, belə süni sehrin cazibəsindən ayılanda gec olur... Bu da adi iş günlərindən biri. Katibə xanım həmişəki kimi qapıdan içəri boylanıb qəribə biganəlik çökmüş turşulu siması ilə nəyəsə işarə vermək istəyir. Anlamadığında isə söylənir: -Aaa, buna bax e... Müəllim, dedim axı yanınıza gələnlər var... Cavab yerinə üç nöqtə. Məsələdən onsuz da az-çox xəbərdarsan. Bilirsən ki, "yuxarı"dan gələn vəzifəli adamın əlindəki sənin yerinə təyinat barədə əmrdi, gətirib. Bu da son. Karyera bitdi. Perspektivin katibəqarışıq gözdən itdi. Gedib oturub odur e, təzə müdirin qılığında... Keçmiş olsun, köhnə məmur qardaş. Sən öz kabinetinə sığmadın. Şişib özünə müşkül qazandın. Yan basdığın kreslonun xatirələrində yoxsan. Sənə katibəlik etmiş o incəbel xanıma isə təzə bir "müəllim" qazandırmısan... Fəaliyyət Qurbanov