backend

Bağlanan banklara olan kreditlər hara və necə ödəniləcək?

Bağlanan banklara olan kreditlər hara və necə ödəniləcək?
“İlkin şərtlər keçərli sayılacaq”.

Mərkəzi Bank ötən həftə bir neçə kommersiya bankının lisenziyasını geri aldı.

7news.az virtualaz.org-a istinadən xəbər verir ki, bağlanmış banklardan biri - “NBC bank” fəaliyyətini yenidən bərpa etsə də, “Qafqaz İnkişaf Bankı” ASC, “Atrabank” ASC, “Gəncəbank”, “Bank of Azerbaijan”, "United Credit Bank", “Texnikabank”ın barəsində verilən qərar qüvvədə qaldı.

Bundan sonra müəyyən suallar yaranıb. Bank bağlandığı halda müqavilə şərtləri dəyişə və ya kreditin ödəniş müddəti borclunun razılığı olmadan dəyişdirilə bilərmi? Və ya uzunmüddətli kreditlər bundan sonra hara və necə ödəniləcək?

Vəkil Əkrəm Həsənov bildirib ki, ləğv edilmiş banklardan kredit götürənlər borcunu əvvəlki qaydada qaytaracaq. Bank müştərilərin razılığı olmadan kreditin müqavilə şərtlərini dəyişə bilməz və borcluları da buna məcbur edilə bilməzlər:

“Banka olan kreditlər bankın aktividir, yəni əmlakıdır. Bankın borcları həmin aktivlər hesabına ödənilməlidir. Bu aktivləri ləğvetmə komissiyası idarə edəcək. Bir qayda olaraq, başqa banklara satacaq”.

Məsələn, 10000 manat məbləğində krediti fəaliyyət göstərən digər banka 9000 manat məbləğinə satacaqlar. Əldə edilən vəsait hesabına bankın borcları ödəniləcək.

Vəkil deyir ki, borc alan da artıq yeni banka borclu olacaq. Lakin kredit müqaviləsini bağladığı ilkin şərtlər keçərli sayılacaq. Kredit satılanadək isə borc alan krediti ləğvetmə komissiyasına ödəyəcək.

Qeyd edək ki, ləğv edilmiş bankların bütün filiallarının qapıları bağlıdır. Müştərilər yalnız mərkəzi ofislərə gedərək kredit ödəyə bilirlər.

Banklardan telefon zənglərinə də cavab verilmir. “NBC bank” bu gün fəaliyyətini bərpa etdiyinə dair rəsmi məlumat yaysa da, bankın mərkəzi ofisindən, eləcə də filiallarından telefonlara cavab verilmir.

Müştərilər isə gecikmiş kreditlərə görə faizlərin hesablanmasından narahatdırlar. Yalnız “NBC bank”ın Nəsimi filialında kreditlərin mərkəzi ofisə ödənilməli olduğuna dair elan vurulub.