backend

Erməniyə ərə gedən Sezen Aksu, yoxsa İlhamə Quliyeva...

Erməniyə ərə gedən Sezen Aksu, yoxsa İlhamə Quliyeva...
Nə günahın yiyəsiyiksə, uşaqlığımızın, gəncliyimizin sevimli sənətkarları, sevə-sevə oxuduğumuz yazıçılar, şairlər, hər mahnısında onlarla xatirəmiz yatan müğənnilər özlərini bizim gözümüzdən salmaq üçün əllərindən gələni edirlər. Hətta bəzən əllərindən gəlməyəni də edirlər…
İlhamə Quliyeva kimi fərqli səsə malik, bənzərsiz ifası olan müğənni yüz ildə bir yetişə, ya yetişməyə. Onun bir mahnısı var, "Bir xumar baxışla”, hamınız dinləmiş olarsınız. Yəqin, razılaşarsınız ki, elə bircə bu mahnı onun Azərbaycan musiqi tarixinə düşməsi üçün yetərlidir.
Bəs o mahnını oxuyan, içimizi silkələyən müğənni niyə özünü bu günə salır? Niyə ən çirkin, insanlıqdan, sənətdən ən uzaq işlərdə adını hallandırır? Nə olub bizə, kimdən əskiyik? Niyə biz mahnılarına vurulduğumuz sənətçilərin özlərinə vurula bilmirik? Bəzən hansısa sənətkar haqqında danışanda deyirlər, içən olub, narkoman idi, mavi olub, lesbiyan idi. Ancaq məncə, belə şeylərə təəccüblənmək, bu xüsusiyyətləri sənətkarların mənfi cəhəti kimi qələmə vermək düzgün deyil. Bunun bizə heç bir dəxli yoxdur.
İlhamə Quliyeva yeddi dəfə ərə gedə bilərdi, on yeddi kişiylə sevgi yaşaya bilərdi, bu olardı onun şəxsi həyatı, öz seçimi. Təsəvvür edin ki, Yıldız Tilbe onu öz evində saxlayan Sezen Aksunun sevgilisi ilə yatıb. Sezen kimi adam onu bu günə kimi bağışlamır. Ancaq Yıldızın minlərlə dinləyicisi var və bu səhvi onun böyük sənətkarlığından heç nə qoparmır.
Eynilə Sezen Aksunun erməni nəslindən olan bir adamla evli olması, müğənninin onlarla qohumluğunu və qohumlarına sevgisini etiraf etməsi ona olan sevgimə zərrə qədər də təsir etməmişdi. Mənim üçün o yenə sevginin, ağrının, cəsarətin, məsumluğun, ümumilikdə insan hisslərinin, qadınlığın ifadəsi olaraq qaldı. Təbii ki, mahnılarıyla, ifasıyla…
Bizim geyiminə, həyat tərzinə, sevgilisinə, ərinə görə əxlaqsız adlandırdığımız əcnəbi sənətçilər ucqar bölgələrdə məktəb açdırırlar, bəşəri problemlərdən, mənəvi haqsızlıqlardan danışırlar, terroru lənətləyirlər, suriyalı qaçqınların uşaqlarıyla birlikdə ölümə məhkum olmalarından narahatlıqlarını bildirirlər, kimsəsiz uşaqları övladlığa götürürlər…
Bizdə necədir? Bizim sənətkarların yaxşılıq etməkləri bir yana, səhvləri də, günahları da sanki başqa materialdandır, daha qaranlıqdır, daha iblisanədir.
Bir sənət adamı qulluqçunu niyə qarşısında diz çökdürsün ki? Bir sənət adamı niyə kimisə həbs etdirmək istəsin ki? İlhamə Quliyeva neçə il müğənnilik edib, ən azı mahnılarının sözlərini oxuyub, beş-altı şeir kitabı vərəqləyib, musiqi təhsili alıb. Bəs niyə bütün bunlardan heç bir mənəvi informasiya ala bilməyib?
Şəxsən mənim üçün mavi, narkoman sənətkar, kimisə tutdurmaq istəyən, kiminsə ləyaqətini alçaltmaq istəyən İlhamə Quıiyevadan daha yuxarıda dayanır.
Mənim üçün iki İlhamə var. Birinci "Ayrılıq nəğməsi”ni, "Bir xumar baxışla”nı, "Neylərsən, mənə neylərsən”, "Unut məni”ni oxuyan İlhamədir. O İlhamə böyük ürəyə, səsə, istedada malik sənətkardır. Ehtirama və rəğbətə layiqdir. O biri İlhamə isə mafioz və odioz bir fiqurdur. Bədbəxt bir qadının onun qarşısında diz çökməyindən ləzzət alır. Ona boyun əyməyən müğənniləri həbs etdirmək istəyir. Təkəbbürlüdür, eqoistdir, gözü özündən başqasını görmür.
Mən birinci İlhaməni seçirəm. Azərbaycanın bütün talantlı adamlarını birinci İlhamə kimi görmək istəyirəm. Ancaq nə qədər ki pul və mövqe mənəviyyat qanunlarını üstələyir, birinci ilhamələr ikinci ilhamələrə çevriləcəklər. Və həmişə ikincilər qalib gələcəklər…
Sevinc Fədai