backend

Türkiyə - Rusiya qarşıdurması bu gün axşam saat 9-a təyin olunub

Türkiyə - Rusiya qarşıdurması bu gün axşam saat 9-a təyin olunubNə qədər “idman siyasətdən ayrıdır” deyilsə də, bunun 100% belə olmadığı hamıya məlumdur. Təsadüfi deyil ki, bəzi ölkələrin komandaları heç bir halda, püşk nəticəsində belə, bir oyunda qarşı-qarşıya gələ bilməzlər. Çünki oyun vaxti və ondan əvvəl nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Əgər dekabrda Türkiyə ilə Rusiyanın münasibətlərinin bu həddə gəlib çatacağını bilsəydilər, çox güman ki, nə oyun, nə də İstanbuldakı oyun ətrafında bugünkü gərginlik olmayacaqdı. Amma püşk atılıb və konservativ mövqeyi ilə məşhur olan beynəlxalq futbol qurumu qərarını dəyişməyib: Türkiyə və Rusiya komandaları üz-üzə gəlməlidirlər.

Bu gün İstanbulun Kadıköy səmtində polislərin sayının azarkeşlərin sayına nisbətdə hər zamankından qat-qat çox olacağı sözsüzdür. Rusiya “Lokomotiv”in Türkiyəyə gəlməsindən hələ 2-3 gün əvvəl öz polisini də İstanbula ezam edib. Rus polislər öz komandalarının təhlükəsizliyini qorumalıdırlar, halbuki, bu, həmişə oyunu qəbul edən tərəfin borcu olub və bu gün də belədir
Stadionda və onun ətrafında arzuolunmaz hadisələrin yaşana biləcəyini “Fenerbahçe” klubunun rəhbərliyi də güman edir. Təsadüfi deyil ki, dünən klub öz tərəfdarlarına müraciət edərək oyun vaxtı siyasi şüarların səsləndirilməməsini xahiş edib. Bir az irəli gedərək, türk komandasının təmsilçiləri dünən axşam Atatürk hava limanında “Lokomotiv”i gül-çiçək dəstələri ilə qarşılayaraq, sanki hər şeyin yaxşı olacağına eyham vurublar.

Amma “Lokomotiv”in bu cür səviyyəli, özü də belə güclü rəqibə qarşı oyuna matçın başlamasına cəmi 24 saat qalmış gəlməsi və oyundan 1 gün əvvəlki ənənəvi məşqdən imtina etməsi də təsadüfi deyil. Rusiyalılar da mümkün ola biləcək bütün təxribatların ehtimalını minimuma endirməyə çalışırlar.

Nə olursa olsun, bu gün axşam saat 9-da döyüş baş tutmalıdır. İstanbulda. Türk və rus komandaları arasında. Canlı yayımda, hər kəsin gözü qarşısında..