backend

Ermənilərdən rusiyalı tarixçiyə - Təxribat

Ermənilərdən rusiyalı tarixçiyə - Təxribat
Ermənilər tərəfindən yazdığı kitablara və apardığı elmi araşdırmalara görə terrorla hədələnən rusiyalı tarixçi alim Oleq Kuznetsov ində də təxribata çəkilir.

Bu barədə APA-nın Moskva müxbirinə Oleq Kuznetsov özü məlumat verib. Tarixçi alimin bildirdiyinə görə, o, APA-da yayımlanan "Rusiyalı tarixçi alim ermənilər tərəfindən terrorla hədələnir" adlı məqalədən sonra sosial şəbəkələrdə təxribatla üzləşib.

Belə ki, Feysbuk sosial şəbəkəsində ermənilər tərəfindən idarə olunan profil fotosunda "Azərbaycan: Dələduzlar Akademiyası" yazılan "Azərbaycan tarixinin saxtalaşdırılması" adlı səhifədən Oleq Kuznetsova "dostluq" müraciəti göndərilib.

O.Kuznetsov qeyd edib ki, ermənilər tərəfindən idarə olunan bu səhifə sosial şəbəkədə yalan məlumat yaymaqla məşğuldur: "Yaxşı məlumdur ki, həmin səhifə rus dilli internet məkanında Cənubi Qafqaz tarixini erməni nöqteyi-nəzərindən əks etdirən məlumatlar yaymaqla məşğuldur. Onların yaydığı yazıların məğzi oxuculara bu tezisi aşılamaqdır: azərbaycanlılar Cənubi Qafqazda bolşeviklər tərəfindən yaradılan yeni siyasi millətdir. Türk xalqları bu region üçün gəlmədirlər, regionun qədim xalqı isə ermənilərdir. Məhz bu tezisləri oxuculara aşılamaq məqsədi güdürlər. Hesab etmirəm ki, erməni opponentlərim Cənubi Qafqaz tarixinə aid bəzi məsələlər barədə məni maarifləndirmək qərarına gəliblər. Ermənilərin məni və mənim elmi təhqiqatlarımı Rusiya və rus dilli ictimaiyyətin gözündən salmaq səylərini bildiyimdən, hesab edirəm ki, bu hərəkət mənim səhv edərək bu səhifəyə qoşulmağa razılıq verəcəyim ümidi ilə edilib. Əgər belə etsəydim, məlum səhifənin "skrinşot"u həmin dəqiqə praktiki olaraq bütün Ermənistan mediasının sərəncamında olardı. Erməni KİV-i də mənim "satqın" olduğumu və Azərbaycana "xəyanət" etdiyimi nümayiş etdirərdi. Bu, onu göstərir ki, erməni ictimaiyyət nümayəndələrinin hərəkəti yeni səviyyəyə keçib: təhdid və hədə-qorxu fəaliyyətlərindən məni planlı olaraq gözdən salmaq fəaliyyətinə keçiblər".

Rusiyalı tarixçi ermənilərin bu addımlarından sonra da geri çəkilməyəcəyini, tarixdə baş verən həqiqətlərin gün üzünə çıxması üçün araşdırmalarına davam edəcəyini söyləyib: "Bununla əlaqədar bəyan etmək istəyirəm ki, mən hər zaman Azərbaycan xalqına simpatiya bəsləmişəm. Lakin bu, heç vaxt təhqiqat aparan zaman mənə elmi və tarixçilik prinsiplərindən vaz keçməməyimə, eləcə də ictimai-siyasi mövzulara aid olan yazılarımda obyektivliyi qorumağıma maneə olmayıb. Bundan sonra da bu mövqedə dayanacam".

Qeyd edək ki, erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan rusiyalı tarixçi alim Oleq Kuznetsov ermənilər tərəfindən terrorla hədələnib. Tarixçi hər gün ermənilərdən təhdid dolu elektron məktublar aldığını söyləyib. Ermənilər rusiyalı tarixçidən onlar haqqında yazmağı dayandırmağı tələb edirlər. Onun əks halda ermənilər tərəfindən cəzalandırılacağı bildirirlər. O. Kuznetsov bu işlərin arxasında Ermənistan xüsusi xidmət orqanlarının dayandığını söyləyib.