İsmayıllıda ürək parçalayan mənzərə: Dörd azyaşlı övladları ilə köhnə avtobusda yaşayırlar - Video

452

İsmayıllıda ürək parçalayan mənzərə: Dörd azyaşlı övladları ilə köhnə avtobusda yaşayırlar - Video

İsmayıllı rayon sakini Rahib İsmayılov “Azadlıq” qəzetinə müraciət edərək, yaşadığı dözülməz həyat şəraitindən bəhs edib

Rahib İsmayılov İsmayıllının qaçqın və məcburi köçkünlər üçün salınmış Qarabağ qəsəbəsində yaşayır. O, 4 azyaşlı övladı, ailəsilə birlikdə sığınacaq halına gətirilən köhnə PAZ avtobusunda məskunlaşıb.

Rahib İsmayılov işsizdir. Dediyinə görə, dəfələrlə rayon rəhbərliyinə, məşğulluq idarəsinə müraciət etsə də, onu işlə təmin edən tapılmır. Özünün sağlıq durumu da ağır işlərdə işləməsinə imkan vermir.

“Qolumun birində şikəstlik var, əlimin iki barmağı vaxtı ilə dəzgahda işləyərkən kəsilib. Ağır işdə işləyə bilmirəm. Evimə aylıq bir qara qəpik daxil olmur. Qalmışıq Allahın ümidinə. Ailəmlə köhnə PAZ avtobusunda yaşayırıq. Onu da, sağ olsunlar, dostlar verib… Evimdə üç oğlan uşağı böyüyür. Bunlar gələcəyin əsgərləridir. Bu gün övladlarım xəstə böyüyəcəklərsə, onda onlar necə əsgər olacaqlar? Neft-qaz ölkəsində belə yaşamaqmı olar? Bu hökumət hara baxır?..” – deyə R.İsmayılov dərdini dilə gətirir.

R.İsmayılov sual edir ki, dövlət rəsmilərinin iddia etdiyi kimi, ölkəmiz gündən-günə inkişaf edirsə, bəs onun ailəsi niyə faktiki küçədə yaşayır?

“Yalandan danışırlar ki, ölkəmiz günü-gündən inkişaf edir. Buna deyirlər inkişaf?Heç olmaz belə inkişafdan. Budur da Azərbaycan vətəndaşının həyat şəraiti. Belə olmaz axı, insanı belə bezdirmək olmaz. Biz daha cana doymuşuq, belə yaşaya bilmirik. Ac-susuz, qazımız-işığımız yox… Dəmir avtobusun içində nə qədər ömür çürütmək olar?..

İmkan tapa bilmirəm ki, övladlarımı həkim müayinəsindən keçirim. Ünvanlı sosial yardım almaq üçün dəfələrlə rayondakı mərkəzə müraciət etmişəm. İki ildir məni get-gələ salıblar. Heç olmasa gəlib yaşadığımız şəraitə baxış keçirməyiblər. Bu cür yaşayış vəziyyəti ilə əgər dörd övladıma yardım düşmürsə, onda bu dövlətdə yaşamağa dəymir. Bu uşaqlar dövlətin gələcəyidir. Bəs dövlət niyə öz gələcəyinə biganə yanaşır?..”, – deyə İsmayıllı sakini bildirir.

Rahib İsmayılov qəzetiiz vasitəsilə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət etmək istədiyini də qeyd edir: “Cənab Səlim Müslümov, axşama kimi isti kabinetinizdə əyləşib, televiziyadan boş vədlər verməkdənsə, gəlin regionlara, baxın görək bizim kimi ailələrin nəyə ehtiyacı var. Gəlin görün İsmayıllıda sizin tabeçiliyinizdə olanlar nə işlərlə məşğuldurlar. Sizin işçiləriniz İsmayıllıda bazar açıb. Neçə ildir müraciət edirəm ki, dörd övladım var, dözülməz şəraitdə yaşayıram. Bircə dəfə gəlib mənim vəziyyətimlə maraqlanmayıblar. Bəlkə siz bölgələrə çıxıb bircə imkansızla maraqlanmısınız? Yox, bunu etməmisiniz. Səlim Müslümov, sizin işiniz, vəzifəniz nədən ibarətdir? Niyə işinizlə məşğul olmursunuz?”.

R.İsmayılov ailəsini normal mənzillə təmin etmək üçün əlaqədar dövlət orqanlarından, ölkənin imkanlı şəxslərindən kömək istəyir, ailəsinin ünvanlı yardımla təmin olunmasını tələb edir.