backend

Putin gəldi, gördü və qalib gəldi

Putin gəldi, gördü və qalib gəldi

Vladimir Putinin qələbəsi nədən ibarətdir? Hesab edirəm ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsinin əsl hədəflərinə şübhə edənlər azdır. De-yure, əlbətdə ki Rusiya qoşunları uzaq Şərqdə yoldaş Əsədin çağırışına tələsərək özünün “beynəlmiləl borcunu” yerinə yetirir.

Ancaq biz hər şeyi öz adı ilə çağıracağıq-Putin Suriyaya girdi ki, Qəzzafinin dəhşətli aqibətini yaşamaq baxımından taleyi tükdən asılı olan Əsədin hakimiyyətini qorusun. Suriya diktatorunun dağılmış ordusu bir tərəfdən İŞİD və digər radikal terror qruplaşmalarının, digər tərəfdən qərbmeylli müxalifət qruplarının təqibləri altında qazana düşmüşdü.
Putin gəldi, gördü və qalib gəldi


“Hizbullah” İnqilab Keşikçiləri Korpusu ilə birlikdə Əsədin sonuncu dayağına çevrilmişdi və müxalifətin Dəməşqə yolunu kəsirdi. Məhz bu ərəb paytaxtında “ərəb baharı” adını alan yeni geosiyasi inqilab baş çatmalıydı. İran Suriyanı itirsə şübhəsiz ki, Livanı da itirəcəkdi. Dəməşqin çöküşündən sonra Beyrutun taleyi praktiki olaraq həll olunacaqdı, ardınca isə islam inqilabının liderləri Yaxın Şərqdəki nüfuzları ilə vidalaşacaqdı. Bax elə buna görə də İran Suriya uğrunda ölüm-dirim savaşına girdi/
Putin gəldi, gördü və qalib gəldi


Ancaq özünün bütün geosiyasi gücünə baxmayaraq İranın təkbaşına İŞİD-in irəliləyən ölüm maşınını və Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatçıları tərəfindən təlim keçilmiş, yaxşı silahlanmış müxalifəti dayandırması kifayət qədər mürəkkəb məsələ idi. Yaxın Şərqdə siyasi təsirini itirəndən sonra İran regional əhəmiyyətini və geosiyasi manevr məkanını da əldən verəcəkdi. Bundan əlavə Qərblə tarixi nüvə sövdələşməsindən sonra Latakiya və İran-İraq-Suriya qaz kəməri Tehran üçün birinci dərəcəli vəzifəyə çevrilmişdi.
Putin gəldi, gördü və qalib gəldi


Bəs Putin niyə Suriyaya müdaxilə etdi? Şübhəsiz ki, bu parlaq hərbi-siyasi kombinasiya ilk növbədə Ukrayna məsələsinin aktuallığının azaldılması üçün düşünülmüşdü. Ukraynada Putin özünün əsas siyasi vəzifələrini yerinə yetirmişdi. “Krımnaş” epopeyası rus ruhunun yüksəlişində böyük rol oynadı. Donbassın ələ keçirilməsi və Ukraynanın federallaşma perspektivi ilə faktiki olaraq parçalanması Kremlin əlində bütün Ukraynada situasiyanın manipulyasiyası üçün mühüm alətə çevrildi.
Putin gəldi, gördü və qalib gəldi
Əgər Avromaydan Qərbin Kiyevdəki Rusiya təsirini aradan qaldırmaq üçün birinci cəhdi idisə Krımda və Donbassda oynanılan ikinci partiyanı Putin qazandı. O, Ukraynada qalib gəldi. Və bu qələbəni onun əlindən almaq istəyirdilər. Ukrayna məsələsi dünya siyasi gündəmində dominantlıq etməyə başladı. Və Qərb Rusiyanın timsalında üzdəniraq dövlət obrazımı yaratdı. Dünya liderlərinin Putinə Avstraliyada təşkil etdikləri biabırçı boykotu yada salın.



Əvəzində Putin nə edir? Heç demə dünya tərəfindən küncə sıxışdırılanda və ümidsiz vəziyyətdə olanda Putin rəqibini qəfil haqlayan tamamilə gözlənilməz partiyanı oynayır. Rusiya qoşunları formal olaraq Əsədin dəvəti ilə Suriyaya müdaxilə etdi. Həmin vaxt Suriyada Əsəddən başqa hakimiyyət də yox idi. Və amerikalılar etiraf edir ki, cəmi bir neçə ay ərzində Rusiya aviasiyası Əsədin əsas düşməni-qərbmeylli müxalifətin bütün infrastrukturunu və döyüş mövqelərini məhv edə bilib. Belə bir vaxtda Antalyada dünya liderləri Putini böyük hörmətlə qarşıladılar-eh, görün bizim dünyamız nə qədər konyunktur və ikiüzlüdür.

Putin iki əsas vəzifənin öhdəsindən gələ bildi: a) dünya gündəmi Ukrayna məsələsindən Suriyaya yönəldi, b) Rusiya aviasiyası müxalfətin Dəməşqə hücumunu dayandırdı. “Ərəb baharı”nın ilk günlərindən Kreml ideoloqları təhdid və qorxu ifadə edərək deyirdilər ki, yeni demokratikləşmə dalğası və xaos vakxanaliyası Yaxın Şərqdən sonra Türkiyəyə, daha sonra Cənubi Qafqaza, nəhayət Mərkəzi Asiyaya yayılacaq.



Rusiyanın ətrafında narıncı zolaq Kreml ideoloqlarının əsas siyasi fobiyası idi və onlar bu barədə dayanmadan açıq danışırdılar. Təsadüfi deyildi ki, Ərdoğanın Fətullah Gülənin başçılıq etdiyi “beşinci kalon”la həlledici çəkişməsində Putin Ankaraya hər cür dəstək verdi. “Paralel dövlət”lə toqquşma zamanı Türkiyə hakimiyyətinin kabinetlərindəki gülənçilərin siyahısını Ərdoğana Moskvadan verdilər. Hətta Suriya ekspedisiyasında Putin Ərdoğana axıra qədər arxayın idi, onu özünün müttəfiqi sayırdı. O, ən az zərbəni Türkiyədən gözləyirdi. Bax buna görə də Rusiya təyyarəsinin vurulması əhvalatından sonra Putin arxadan zərbə haqda danışırdı. O, öz müttəfiqinin ən çoxu neytral qalacağını gözləyirdi. Çünki Ərdoğanı əmin edirdi ki, Əsəddən sonra inqilab xaosu Türkiyə şəhərlərini və rayonlarını bürüyəcək.

Lakin Ərdoğan üçün Suriya adi stavkadan daha ötədir. Suriya Türkiyə mallarının ənənəvi satış bazarıdır, uğrunda İranla mübarizə apardığı ölkədir. Ərdoğan “ərəb baharı”ından sonra Yaxın Şərqin mənəvi atasına və ilhamvericisinə çevrilmək istəyirdi. Və əlbətdə ki, Putinin Suriyaya müdaxiləsi Ərdoğanın planlarını pozdu.

Türkiyə gah etnik türkomanlar, gah öz sərhədi boyu artan kürd təhlükəsi bəhanələri ilə Suriyaya hərbi müdaxilə etmək, beləliklə də Rusiya ilə toqquşmaq riski ilə üz-üzə qaldı. Qərb Türkiyəyə aydın şəkildə bildirdi ki, Rusiya ilə münaqişəyə qarışan deyil, heç bunu etməyəcək də.

Suriya kampaniyası zamanı Qərb daha iki amili hesablamışdı. Birincisi: Rusiya quru qoşunlarını yeridəcək və tezliklə Rusiyaya sink tabutlar göndəriləcək. Yəni “əfqan sindromu”nun təkrarı. Putin bu səhvə yol vermədi və tələyə düşmədi. O, ancaq havadan müharibə ilə kifayətləndi. Müxalifətlə döyüşməyə Əsədə İran “könüllüləri” də bəs edərdi. İkincisi: Qərb hesablayırdı ki, sanksiyalar və neftin ucuzlaşması Rusiya iqtisadiyyatını çökdürəcək. Ancaq Qərbdə əsas qanunauyğunluğu hesablamadılar: Rusiyada iki iqtisadiyyat və iki reallıq var-birində Kreml, o birində rus xalqı yaşayır. Rus xalqı isə siyasətə qarışmır. Üstəlik Rusiya iqtisadiyyatı da oliqarxik elitanın əlindədir. Onların isə öz hesabları və kölgə iqtisadiyyatları var.



Nəticədə Qərbin Putini Suriya dramnın tərəfi-iştirakçısı kimi tanımaqdan başqa yolu qalmadı. Bununla da cəmi yarım il əvvəl üzdən iraq dövlətə çevirmək istədikləri Rusiyaya böyük dividendlər gətirdilər. Nəhayət Rusiya bombardmanları altında geri çəkilən Suriya müxalifətinin ağır durumunu başa düşdülər.

Suriyada təkcə Əsədin və Dəməşqin taleyi həll olunmurdu, bütün dünyanın taleyi həll olunurdu. Ərəb baharı başa çatdı. Və Putin onu Yaxın Şərqin özündə boğdu. Bu haqda hələ bir neçə il əvvəl düşünməyin özü belə dəhşətli idi.

Bizim gözlərimizin önündə yeni dünya düzəni formalaşır. Və belə görünür ki, Putini Qərbdə yaxşı tanımayıblar. O, hücum etməkdədir. Və mən tezliklə Kiyevdə siyasi çəkişmələrin yenidən qızışmasından təəcüblənmərəm. Gündəmi dəyişməyin vaxtıdır...

Yusif Əliyev

Virtualaz.org