backend

Qəbələdə nə baş verir – 108 nəfər də İrana keçmək istəyir

Qəbələdə nə baş verir – 108 nəfər də İrana keçmək istəyir
108 nəfər əlində ağ bayraq İrana keçməyə hazırlaşır
Onlar Qəbələ Rayon Məhkəməsinin ədalətsizliyinə görə vətəndaşlıqdan imtina edəcəklərini bildirirlər
Qəbələ rayonunda 108 nəfər Azərbaycan vətəndaşı ölkədən imtina edərək İrana keçmək istəyir. Səbəb isə Qəbələ Rayon Məhkəməsinin ədalətsiz hökmüdür. Rayon sakini Akif İsmayılov “Azadlıq”a bildirib ki, oğlu Sərxan İsmayıllı kiçik miqyaslı davanın şahidi olub. Lakin istintaq onu təqsirləndirilən şəxs qismində işə cəlb edib: “Hara yazdıq nəticəsi olmadı. Oğlumu təqsirləndirilən şəxs qismində işə cəlb etdilər. Qəbələ Rayon Məhkəməsi də onu 1 il azadlıqdan məhrum etdi. Digər şəxsə isə 1 il 6 ay “iş” verdilər. Halbuki həmin şəxsə maksimum 15 sutka düşürdü. Çünki elə də böyük dava olmayıb. İki gənc bir-birlərilə süpürləşiblər”.
Akif İsmayılov bildirib ki, məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubovun qəbulunda olub: “Təsəvvür edin, nazir məni dinləyəndən sonra orada olan bir generala dedi ki, məgər orada böyük dava, bıçaqlaşma olub ki, cinayət işi başlamasız. 15 sutkalarını verin getsin. Lakin yenə də nəticəsi olmadı”.
Akif İsmayılov əlavə edib ki, onun və digər həbs olunan şəxslərin yaxınları, ümumilikdə 108 nəfər Azərbaycan vətəndaşılığından imtina etmək istəyirlər: “Başqa yolumuz yoxdur. Biz belə ədalətsizliyə dözə bilmirik. Əlimizə ağ bayraq götürüb İrana keçmək istəyirik”.
Mövzunu diqqətdə saxlayacağıq.