backend

Rövşən Bağırovun Lerikdəki özbaşınalığının xronologiyası--PRE ZİDENTİN NƏZƏRİNƏ!

Rövşən Bağırovun Lerikdəki özbaşınalığının xronologiyası--PRE ZİDENTİN  NƏZƏRİNƏ!
Ucqar dağ rayonu olan Lerik sosial problemlər məngənəsində çabalamaqdadır. Sosial problemlərin ağırlığı, xüsusi ilə də işsizlik səbəbindən rayon demək olar boşalıb. Regionların sosial – iqtisadi inkişafı ilə ilə dövlət proqramlarının nəticələri Lerikdə qətiyyən hiss olunmur. Hətta Lerik rayon İcra Hakimiyyətinin yaydığı rəsmi məlumatlarda bu öz əksini tapıb.

Üstəlik, Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov başda olmaqla məmur özbaşınalığı da rayonda sosial problemləri bir qədər də ağırlaşdırıb.
Mətbuatda Lerik rayonunun problemləri vaxtaşırı işıqlandırılır. Rayondakı məmur özbaşınalığı çılpaqlığı ilə ifşa olunur. Buna baxmayaraq Leriklə bağlı mediada səsləndirilən ciddi ittihamlara rayon icra hakimiyyəti səviyyəsində belə reaksiya verilmir.

Mediada Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun özbaşınalığı ilə bağlı yazılan faktların bir qismini sizə təqdim edirik:

Qeyd edək ki, Rövşən Bağırov 2007-ci ildə Lerik rayonuna icra başçısı təyin olunub. Elə təqdim edəcəyimiz faktların xülasəsi 2007-2016-cı illəri əhatə edir.
• AR Prezidentinin “Respublikanın ən ucqar yaşayış məntəqələrini də qazlaşdırmaq” sərəncamı əsasında 37 kilometrlik Lənkəran – Lerik qaz xətti 8 il bundan əvvəl çəkilməsinə baxmayaraq, indiyə kimi rayon mərkəzi və 10-15 kənd istisna olmaqla əksər kəndlər təbii qazla təhciz olunmayıb.
• Lerik – Lənkəran Dövlət şossesi dağılmış, yolun asfalt örtüyü tamamilə sıradan çıxmışdır!

• Rayonun yol qovşaqlarının 90%-i bərbad vəziyyətdədir. “Noda – Xanagah” yolunun çəkilməsi üçün AR Prezidenti cənab İlham Əliyevin ayırdığı 3 milyon manat vəsaitin müəyyən hissəsi mənimsənildiyindən (KiV-də 30% göstərilir), bu yol keyfiyyətsiz çəkilmiş və başa çatdırılmamışdır.
• Rayon elektrik təchizatı şəbəkəsi bütövlükdə keçən əsrin 60-cı illər vəziyyətinə salınmışdır. Rayonun təbiətinə şeh düşən, meh əsən kimi işıqlar da sönür. Lerik İcra Hakimiyyətinin yaydığı məlumatlarda bu fakt təsdiqini tapır.

• İllərdir ki, müxtəlif çirkin yollarla rayonda əhalinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına qənim kəsilmişdır. Bu xüsusda, başqa yerlərdə əldə etdikləri qazanc hesabına rayonun Vizəzəmin, Daster, Şingədulan, Ağçay, Noda və başqa kəndlərində həmyerliləri üçün iş yerləri açmaq istəyən sahibkarların yarımçıq qalmış və ya sökülmüş obyektlərini bariz nümunə göstərmək olar. Məhz, bu səbəbdən, R. Bağırovun Lerik rayon İcra Hakimiyyətinə başçılığı dövründə bir dənə də olsun, istehsal müəssisəsi və ya iş yeri açılmamışdır. İşsizlik, yolsuzluq, işıqsızlıq, qazsızlıq kimi ciddi sosial-iqtisadi problemlərin olması, eləcə də gənclərin asudə vaxtlarının daha mənalı və səmərəli keçirilməsinə xidmət edə biləcək mədəniyyət və idman infrastrukturlarının iflic vəziyyətə salınması rayonun 80 000 nəfər sakinindən 50 000 nəfərdən çoxunun dolanmaq üçün, yurd-yuvalarını tərk edərək, başqa yerlərə köç etmələrinə səbəb olub…

• Rayon təhsil sistemi korrupsiya girdabına düçar edilib. Təhsilin səviyyəsinə görə, Lerik ölkə üzrə sonuncu yerlərdən birini tutur. Orta məktəb direktorları yana-yana giley-güzar edib mediaya dediklərini təqdim edirik: “Hətta, dövlətin dəftərxana ləvazimatları üçün ayırdığı 300 (üç yüz) manat vəsaitin də, 225 (iki yüz iyirmi beş) manatı nağd şəkildə geri alınır. Bunun 150 manatı R. Bağırov, 50 manatı təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, 25 manat isə onun mühasibi üçün geri alınır”. Onlar Dövlətin məktəblərə ayırdığı 1000 dəstdən çox kompyüterin də, R. Bağırov və təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov tərəfindən necə mənimsənildiyi barədə giley-güzar ediblər. Son məlumatlara görə, icra başçının göstərişi ilə rayonun bütün müəllimlərin maaşlarından 50 manat tutulub.

• Rayonun bütün mədəniyyət ocaqları məsuliyyətsizlik və baxımsızlıq səbəbindən dağılmış və ya sökülmüşdür.
• Rayonun nadir ağaclara malik meşə massivləri qırılaraq, məhv edilib. Həmin ağaclar R. Bağırovun himayə etdiyi şəxslər tərəfindən satış məqsədi ilə başqa yerlərə daşınır.
• Əhaliyə verilən sosial yardımların 50%-i mənimsənilir.
• Səhiyyə xidməti keyfiyyətsiz və primitiv səviyyəyə salınıb.
• Qayğısızlıq nəticəsində rayonun kənd təssərrüfatı sahəsi çökmüşdür. Dövlətin fermer təssərrüfatlarına, kəndlilərə ayırdığı sübsidiyalar mənimsənilir.
• Rövşən Bağırov rayonun Lənkərançay boyu meşə torpaqlarını qeyri-qanuni olaraq, öz qohumlarının adına özəlləşdirilmişdir.

Bu siyahını uzatmaq da olar, amma görünən mənzərə odur ki, Lerik rayonunda bu sayaq idarəçiliklə, prezident İlham Əliyevin “regionlarda sahibkarlığın inkişafı və insanların həyat səviyyəsinin yüksəldilməsi”ndən söhbət gedə bilərmi?…

Bu sadaladığımız faktlar ayrı-ayrı zamanlarda aşağıdakı kütləvi informasiya vasitələrində işıqlandırılıb:
1)“Modern.az” saytı, 16.01.2011. 2) “İdeologiya” xəbər portalı, 20.09.2014. 3)“XalqXeber” saytı, 08.01.2015. 4)”Qaynarxətt” RİM, 02.03.2015. 5)“Rublika.az” saytı, 05.11.2015. 6)“Günxəbər.Com saytı, 16.09.2015. 7)“AFN News. Saytı, 11.09.2015. 8)“Qaynarinfo” saytı, 25.01.2016. 9)“Xəbərçi Tv” saytı, 29.01.2016. 10)“7news.az” saytı, 23.01.2016. 11)Xəbər.TV saytı, 10.02.2016. və sair.

Qeyd edək ki, Lerik İcra Hakimiyyəti səsləndirilən bu iddialara cavab verməmiş və dolayısı ilə ittihamları təsdiq etmiş olublar.
Mətbuatda yazılanlara inansaq görürük ki, iş vaxtının əsas hissəsini əhalinin həyat-səviyyəsinin yaxşılaşdırılmasına, onların problemlərinin həllinə deyil, “Relaks” istirahət mərkəzində istirahətdə, əyləncələrdə keçirdən Rövşən Bağırov illərdir ki, Lerik rayonunda əhaliyə yalnız pislik etmək üçün gəlmiş, qəddar, zalım və tamahkar məmur obrazının prototipi kimi ad çıxardıb.

Mətbuat Rövşən Bağırovun “Dostluq” parkı yaxınlığında tikdirdiyi villanın sökülməsini də xəbər vermişdi.
Ən dəhşətlisi isə, artıq ard-atda iki çağırış lerikliləri Azərbaycan Respublikası Milli Məclisində təmsil etmək yükünü çiyinlərinə götürmüş İqbal Məmmədovun vədə xilaf çıxmasıdır! Belə ki, MM-in deputatı İqbal Məmmədov bütün bu nöqsanlar və çatışmazlıqlar barəsində bir dəfə də olsun təmsil olunduğu parlamentdə məsələ qaldırmamış və ölkə başçısına məruzə etməmiş, mətbuatda da çıxış etməmişdir. Zənnimcə, bunun da, özünəməxsus səbəbi və “sirri” vardır…
Məsul dövlət vəzifəsi, eləcə də vətəndaşların taleyi həvalə olunmuş, bu sayaq bürokrat, laqeyd, məsuliyyətsiz, rüşfətxor və bacarıqsız məmurlarla heç bir sosial-iqtisadi sıçrayışa nail olmaq mümkün deyildir!

Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov barəsində səsləndirilən ittihamlara nəhayət ki, cavab verəcəyinə ümid edirik.