backend

Şərifovu kimlər və niyə şərləyir?

Şərifovu kimlər və niyə şərləyir?


İndi dünyanın elə bir vaxtıdır ki, saxta “Filankəs filan dövlətin agentidir” ittihamı, iftirası, iddiası ilə adamı güllə qabağına çıxarmaq, türməyə saldırmaq mümkün deyil.

Ancaq dünyanın elə zamanıdır ki, eyni ittihamla adamı işdən çıxartdırmaq, gözdən salmaq olar.

Məkan SSRİ, zaman 1935-39 arası olsaydı, Rusiya prezidenti Putinin qrup yoldaşı Yuri Şvetsin bir açıqlaması kifayət idi ki, Azərbaycanın maliyyə naziri Samir Şərifovu gecəylə vəzifəsindən götürüb türməyə aparsınlar.

Öz növbəsində, onun türməyə salınması kifayət idi ki, üçqat agent olduğunu, hətta dördüncü, beşinci dövlətin xüsusi xidmət orqanları ilə əlaqə yaratmağa çalışdığını boynuna alsın.

“İfşa olunmuş” nazirin bircə etirafı da kifayət idi ki, onunla ünsiyyəti olmuş yüzlərlə adam cəzalandırılsın.

O zamanlar bu cür bir yazıyla, bir donosla ifşa olunan minlərlə vəzifəli şəxs olub. Onların hamısını məhv ediblər, yalnız 15-20 ildən sonra aşkara çıxıb ki, adamları nahaq güllələyiblər, əslində ittihamların hamısı qurama, sübutlar isə saxtaymış.

İçində Azərbaycan da olmaqla, bütün sovet respublikaları bu məşum, məşəqqətli mərhələni keçiblər və o kütləvi psixozla, normaya çevrilmiş ictimai paranoya ilə keçən illər arxada qalıb.

Ancaq nə xalq, nə də dövləti, cəmiyyəti idarə edənlər o illəri, ən ümdəsi isə o ənənəni unutmayıblar.

Sovet dövrünün axır illərində belə donoslar vasitəsilə rəqibi məhvetmə yolu enli və hamar idi və o yolla irəliləyənlər çoxdu. Tələqurmalar, torbatikmələr, ipi kəsib quyuya salmalar, qələmqırmalar postsovet dövründə də yaşadı, hələ də yaşayır.

Ümumiyyətlə, hakimiyyət uğrunda mübarizə, karyera davası həmişəyaşardır. Bu mübarizə hər cür çirkinliyi, eybəcərliyi özündə yaşada bilir. Bu mübarizəyə qoşulanlar üçün heç bir yüksək dəyər, mənəvi baryer yoxdur. Məqsəd rəqibi məhv etməkdirsə, hər vasitə məqbuldur.

Maliyyə naziri Samir Şərifovun barəsində yayılan ittihama bir də bu prizmadan baxmaq lazımdır.

Məsələ ilə bağlı versiyalardan biri budur ki, perspektivli kadr Şərifovun torbasını tikməyə çalışanlar var və onlar çox ustaca iş görür, onun baş nazirliyə gedən yolunun qarşısına kəsmək istəyirlər.

Təsəvvür edin, nazirin adını üçqat agent olmaqda hallandıran şəxs öz ölkəmizdəki hər hansı bir analitik və ya siyasətçi deyil. Əgər bu sözü ölkənin ən məşhur politoloqu, sabiq təhlükəsizlik zabiti və ya tanınmış siyasətçisi desəydi, bunu ciddiyə alan olmayacaqdı.

Ancaq o sözü ABŞ-da sığınmış (və ya satılmış) bir kəşfiyyatçı deyir. O, tanınmış adamdır, üstəlik, onu mötəbər göstərə biləcək nüanslar var: Putinlə bir qrupda oxuması, dövlət sirlərinə çıxışı olması və s.

Məhz belə bir adam dünyanın 200 dövlətindən biri olan Azərbaycanın 30-a yaxın nazirindən birinin adını çəkir. Həm də o, bu adı elə-belə, sözgəlişi çəkib ötmür, təfərrüatlı dosye yayır.

Bəs bu bir sifariş məhsuludurmu? Elədirsə, bunu ona kim sifariş edib? Təbii ki, bu, aydınlaşdırılmalıdır. Özü də həmin sifarişçi Azərbaycandan olmalıdır və baş nazir postuna iddiası olan biri olmaması mümkün deyil.

Yox, ortada hər hansı gizli bağlılıq (azərbaycanlı iddiaçı və Şvets) yoxdursa, sual çıxır: Bu şəxs birdən-birə niyə belə etsin? Məşhur filmdə deyildiyi kimi, görəsən, onu buna vadar edən nədir?

Bu ittihamın Rusiya rəhbərliyinin, konkret Putinin sifariş olması istisnadır. Şvets Putinin qatı düşmənidir. Onu hər fürsətdə yamanlayır, pisləyir, ona görə də onun iradəsinə uyğun hərəkət etməsi ağlasığan deyil.

O da bəllidir ki, Şvets son vaxtlar heç bir siyasi məqsəd güdmədən, sırf kommersiya niyyəti ilə bildiyi hər şeyi qələmə alan və bestsellerə çevrilən kitablar yazaraq böyük pullar qazanan biridir. Bu baxımdan yanaşılsa, onun Şərifovun adını çəkməsi olduqca ciddi məsələdir.

Bununla belə, orası da var ki, bir dövlətin mühüm nazirliklərindən birinə rəhbərlik edən şəxsi gecələr ratsiya ilə şifrəli radioqramlar göndərən casus-kəşfiyyatçı ilə eyniləşdirmək olmaz. Nazir statusunda olan şəxslər hansısa dövlətə rəğbətlidirlərsə, çox zaman həmin dövlətin rəhbər şəxsləri ilə olan əlaqələrini, dostluqlarını gizlətmirlər.

Məsələn, baş nazirin sabiq müavini Abbas Abbasovun Rusiya rəhbərliyi ilə ciddi əlaqələri, dostluğu vardı və hamı bunu bilirdi, hətta bu əlaqələrdən dövlətin mənafeyi üçün istifadə edilirdi.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ABŞ-da səlahiyyətli şəxslərlə müəyyən dostluqları, əlaqələri vardı.

İndiki nazirlərin çoxunun Türkiyənin rəhbər şəxsləri ilə yaxşı münasibətləri var, az qala hamısı Türkiyə deyəndə sözün önünə “qardaş” kəlməsi artırırlar.

Ancaq bu, o demək deyil ki, bu və digər qonşu (eləcə də uzaq) dövlətlərə rəğbətli olan, o dövlətlərdəki ayrı-ayrı dairələrlə əlaqəsi olan nazirlər mütləq təmsil etdikləri dövlətin sirlərini satır və ya onun ümdə mənafeyini ayağa verirlər.

Əlbəttə, belə şəxslərin olması, hətta şəbəkə şəklində fəaliyyət göstərmələri də istisna deyil.

Ümumiyyətlə, heç nə istisna deyil. Ona görə də ciddi və təfərrüatlı açıqlamalara ehtiyac var. Heç bir halda cidanı çuvalda gizlətmək mümkün olmayacaq. Üçqat agentlik söhbəti doğrudursa, yaxın zamanlarda səsi çıxacaq.