backend

Mərkəzi Bank artıq dövlət qurumu deyil: Bu, nəyi dəyişəcək?

Mərkəzi Bank artıq dövlət qurumu deyil: Bu, nəyi dəyişəcək?


Ekspertlər Mərkəzi Bankın publik hüquqi şəxs olmasının səbəblərini izah ediblər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli Qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanunun 2.1-ci maddəsində “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilir.

Bu qanun qüvvəyə mindiyi günədək Mərkəzi Bankın qəbul etmiş olduğu normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti olan maliyyə bazarlarına nəzarət orqanının aktları qüvvəyə minənədək öz hüquqi qüvvəsini saxlayır.

Ekspertlər Mərkəzi Bankın publik hüquqi şəxs olmasının səbəblərini izah ediblər.

Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın statusu dəyişdirilib və bu qurum publik hüquqi şəxsə çevrilib: “Artıq bundan sonra Mərkəzi Bank dövlət orqanı deyil. Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini doğru addımdır. Mərkəzi Banka inamın ciddi şəkildə azaldığını nəzərə aldıqda bank sektorunu qorunması üçün bu sahədə institutsional islahatlara ehtiyac vardı. Manata inamın bərpası Mərkəz Banka olan etibarın qaytarılmasından keçir. Mərkəzi Banka yaxın zamanlarda inamı bərpa etmək mümkün olmadığından bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqsədəuyğundur. ABŞ-ın Federal Rezerv Sistemi də müstəqil qurumdur. O baxımdan, belə praktika var. Mərkəzi Bankın publik elan edilməsi əslində səlahiyyətlərinin əksər hissəsinin alınıb Maliyyə Bazaralarına Nəzarət Palatasına verilməsindən sonra baş verib. Burada nəzərə alsaq ki, Mərkəzi Bankın səlahiyyətləri kiçilib, artıq bank sektorunda əvvəlki səlahiyyətlərə malik deyil. Banklara nəzarəti həyata keçirəcək qurum deyil artıq. Həmin nəzarət Palataya edilir. Publik hüquqi şəxs məsələsi əslində mərkəzi Bankın səlahiyyətlərinin kiçildilməsindən sonra baş verdi. Bununla da Mərkəzi Bankın dövlət qurumu kimi fəaliyyət göstərmir. Yeni hüquqi statusa malikdir. Əvvəla, Mərkəzi Bankın yeni statusu onun üçün öhdəliklər müəyyənləşdirir. Əgər kommersiya banklarının linkvidiklə bağlı problemi olursa və ya qısamüddətli dövrdə maliyyə çatışmazlığı ilə üzləşirsə, o zaman banklar Mərkəzi Bankın mərkəzləşmiş kreditlərin alınması ilə bağlı müracitə edə bilərlər. Mərkəzi Bank həmin müraciətlərə ən iki bank günü ərzində baxıb cavab verməlidir. Mərkəzləşmiş kreditlərlə bağlı öhdəliyinin artırılması anlamına gəlir. Eyni zamanda, əvvəlki dövrlərdə Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit resurslarından faydalanan bankların sayı az idi. Bankların çoxunun mərkəzləşmiş kredit resurslarına çıxış imkanları yox idi. Güman olunur ki, əslində kommersiya banklarının həmin kreditlərə çıxış imkanları artırılacaq. Publik hüquqi şəxs Mərkəzi Banka imkan verəcək ki, xaircdən vəsait cəlb edə bilsin. Mərkəzi Bank əslində yeni statusu ilə beynəlxalq qurumlarla həm də vəsaitlərin cəlb edilməsi istiqamətində əməkdaşlıq edib valyuta ehtiyatlarının artırılmasına nail ola bilər. Eyni zamanda, publik hüquqi şəxs Mərkəzi Bank xidmət müqaviləsi ilə yerli və ekspertləri işə cəlb edə bilərlər. Əslində Mərkəzi Bankın statusunun dəyişdiriılməsində də məqsəd səlahiyyətlərinin Palataya verildikdən sonra banklara inamın müəyyən qədər artırılmasına nail olmaqdan ibarətdir. Qısa müddətdə buna nail olmaq mümkün deyil. Eyni zamanda, düşünürəm ki, əslində Mərkəzi Bankın statusunun dəyişdirilməsi həm də institusional dəyişikliklərlə müşahidə olunmalıdır. Eyni zamanda, həm Mərkəzi Bankda kadr siyasətinə yenidən baxılmasına ehtiyac var ki, manata inamı formalaşdırmaq mümkün olsun. Çünki manata inamın artırılması Mərkəzi Banka etimadın formalaşması ilə bağlıdır. Əgər Mərkəzi Banka cəmiyyətin, bankların, xüsusən də vətəndaşların etimadı formalaşmayacaqsa, o zaman manata inamı bərpa etmək çox çətin olacaq”.

Ekspert Natiq Cəfərli isə qeyd edib ki, Mərkəzi Bankın dövlət qurumu olmaması ilə bağlı bir çox ölkələrin təcrübəsi var: “Bir çox ölkələrdə belə təcrübə var. Mərkəzi Banklar bəzi ölkələrdə hətta özəl qurum kimi fəaliyyət göstərirlər. Məsələn, ABŞ-da Federal Rezerv Sistemi tamamilə özəl qurumdur. Amma Konqres qarşısında hesabatlılığı var. Yəni belə təcrübə var. Azərbaycan da bu təcrübədən istifadə etmək istəyir. Amma bunun səbəbləri fərqlidir. Azərbaycanda belə bir mexanizmlərin yaradılması və belə keçidin olmasının bir neçə səbəbi var. Birinci ondan ibarətdir ki, Mərkəzi Bank son dövrdə kifayət qədər nüfuzunu itirmiş bir quruma çevrilib. Devalvasiyaların həyata keçirilməsində öndə olduğu üçün həm də ölkədə fəaliyyət göstərən banklarla ciddi problemləri yaşandı. Çünki devalvasiyalardan sonra əziyyət çəkən qurumlardan biri əhali ilə paralel olaraq həm də banklar oldu. Çünki bankların da kifayət qədər xarici öhdəlikləri və borcları var idi. Banklarla Mərkəzi Bank arasında obrazkı desək, soyuq müharivə yaşanırdı. Banklaırn idarə olunmasında Mərkəzi Bankın rolu qıcıq yaradırdı artıq. Ona görə də Mərkəzi Bankın banklara nəzarət etmə funksiyası demək olar ki, tamamilə Mərkəzi Bankın əlindən alındı. Artıq bankların digər bir qurum, yeni yaradılmış qurum tərəfindən nəzarət olunması, fəaliyyətinin yoxlanılması və fəaliyyətində olan bəzi çətinliklərin aradan qaldırılması üçün qanunvericlik bazasını və qərarvermə səlahiyyətlərini Mərkəzi Bank icra etməyəcək. Bu, birinci səbəbdir. Çünki Mərkəzi Bankla banklar arasında yaranmış qeyri-sağlam mühit ümumi bank sektoruna təsir göstərirdi”.

Ekspertin sözlərinə görə, ikinci səbəb ondan ibarətdir ki, Mərkəzi Bankın devalvasiyada öncüllük etməsi bir yandan hökumətin də sığortalanmasına səbəb olmalı idi: “Yəni bundan sonra düşünürəm ki, hətta hökumət nümayəndələri belə Mərkəzi Bankın işini ciddi tənqid emtəyə başlayacaqlar. Çünki əvvəllər dövlət qurumu olduğu üçün Mərkəzi Bankın fəaliyyətini tənqid edə bilmirdilər. İndi isə düşünürəm ki, devalvasiyalarla bağlı bütün məsuliyyəti Mərkəzi bankın üzərinə atacaqlar. Mərkəzi Bank artıq “islanmışın yağışdan nə qorxusu” prinsipi ilə devalvasiyaları və manatın məzənnəsinin zəifləməsini sona çatdırmağa çalışacaq, sona çatdıracaq bu işi. Üçüncü səbəb isə odur ki, bəzi beynəlxalq auditlər Azərbaycanda belə bir keçidin ümumi iqtisadi mühit üçün zəruri addım olma ehtimalından çox danışırdılar və hökumətə tövsiyyələr verirdilər. İllərdir bu, davam edirdi. Hökumət də sanki indiki situasiyada bir şəraitin yarandığını düşünərək bu addımı ataraq həm də beynəlxalq qurumlara bir mesaj verir ki, Azərbaycanda köklü islahatlar həyata keçiriləcək və yaxud keçirilməyə başlandı. Bu mesaj çox vacibdir. Azərbaycanın reytinqi aşağı düşdükcə beynəlxalq maliyyə bazarlarına çıxışı da çətinləşəcək. Ona görə belə bir mesajın verilməsi, beynəlxalq imicin bu sahədə bir az reabilitasiya olunması vacibdir. Bəzi məsələlər də var. Bizim əlimizdə faktlar yoxdur. Bəzi məsələlər bundan ibarət idi ki, Mərkəzi Bankla Maliyyə Nazirliyinin arasında da fikir ayrılıqları və toqquşmalar olub. Bu döyüşdən Maliyyə Nazirliyi qalib çıxdı. Maliyyə Nazirliyi artıq Mərkəzi Bankın bəzi funksiyalarının ondan alınmasına nail oldu. Bu barədə danışıqlar var, amma faktla təsdiq etmək, sübut etmək imkanımız olmadığı üçün öncə sadaladığım üç faktoru əsas sayıram ki, bu məsələnin, qərarın verilməsində bu üç faktor önəmli rol oynadı”.