backend

Novruz yarmarkalarında qiymətlər məlum oldu - SİYAHI

Novruz yarmarkalarında qiymətlər məlum oldu - SİYAHI
Kənd təsərrüfatı məhsulları yarmarkalarına xeyli sayda insan axını var, xüsusilə aztəminatlı ailələr bu yarmarkalara daha çox üz tutur.

Bunu "APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Hal-hazırda özünün də Xətai rayonunda təşkil olunan yarmarkada olduğunu bildirən M. Hacıyevin sözlərinə görə, yarmarkalarda qiymətlər bazar qiymətlərindən 20-30% aşağıdır.

"Mal ətinin qiyməti 5,50 manat, qoyun əti 6 manat, quş əti 2,30-2,80 manat, yumurtanın qiyməti 0,10-0,11 manatdır. Bayramla əlaqədar daha çox alınan qoz ləpəsi 7-9 manat, fındıq ləpəsi 9-10 manat, qoz 4 manat, fındıq 5 manat, şabalıd 4-5 manata təklif olunur.

Həmçinin tərəvəzin qiymətlərin enmə müşahidə olunur, pomidorun qiyməti 1,80 manat, xiyar 1,80 manat, kələm 0,20-0,30 manat və s. arasındadır”, - deyə nazirlik rəsmisi bildirib.

Tələbat yaranarsa, yarmarkaların sayının artırılması məsələsinə gəlincə, nazirliyin sözçüsü bildirib ki, nazirlik yarmarkaların sayının çox olmasına, daha çox çeşiddə, daha çox miqdarda məhsulun bazara çıxarılmasına çalışır:

"Çünki məhsulun çeşidi və bolluğu qiymətlərin də düşməsinə təsir edir.

Məsələn, Sumqayıt şəhərində yarmarkalarda satışa çıxarılan məhsullar Bakıda satışa çıxarılan məhsulların həcmi qədərdir. Bundan başqa, 20 gün olar ki, Abşeronda da yeni yarmarka açmışıq.

Artıq rayonlarda da bayram qabağı yarmarkalar təşkil olunur. Hazırda yerli icra hakimiyyətləri, Bakı şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır ki, münasib yerlərdə, əhalinin daha sıx olduğu ərazilərdə yarmarkalar təşkil olunsun.

Bu yerlər müəyyənləşəndən sonra yarmarkaların da sayı artacaq. Artıq Nəsimi və Yasamal rayonlarında da yarmarkaların açılması nəzərdə tutulur”.

Yarmarkalarda qiymətlərə və məhsullara nəzarətlə bağlı M. Hacıyev bildirib ki, yarmarkalarda nazirliyin mütəxəssislərindən ibarət qruplar var:

"Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri yarmarkalardadır. Bayram yarmarkalarının 9 gün davam edəcəyi müddət ərzində nazirlik və onun tabeliyində olan xidmətlər tam gücləndirilmiş iş rejimində, gün ərzində fəaliyyət göstərəcək”.

Nazirlik rəsmisi əlavə edib ki, vətəndaşlar yarmarkalarda hər hansı problemlə qarşılaşarlarsa, Kənd Təsərrüfatı Nazirliyinin 1652 - "Çağrı Mərkəzi”nə müraciət edib fikirlərini bildirə bilərlər:

"Süni qiymət artımı, möhtəkirlik hallarına yol verən şəxslər dərhal yarmarkalardan kənarlaşdırılacaqlar”.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkalarına bu gündən start verilib və mart ayının 20-si də daxil olmaqla təşkil olunacaq.

Yarmarkalar Bakı şəhərində Xətai rayonu - Bakı kinoteatrının yaxınlığı, Nərimanov rayonu - Keşlə bazarının ərazisi, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1 - Məktəbin arxası, Suraxanı rayonu - Əmircan qəsəbəsi - Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı və Binəqədi rayonlarında, Sumqayıt şəhərində 12-ci mikrorayon və köhnə avtovağzalın yanında, Abşeron rayonu üzrə isə Xırdalan qəsəbəsində (Şahmat məktəbinin yanı) təşkil olunub.