backend

Rusiyadan axın başladı: SDK-da UZUN NÖVBƏLƏR YARANIB - ŞOK

Rusiyadan axın başladı: SDK-da UZUN NÖVBƏLƏR YARANIB - ŞOK
İqtisadi sıxıntılara dözə bilməyən həmyerlilərimiz geri dönür

Qərbin Rusiyaya tətbiq etdiyi ağır iqtisadi sanksiyalardan sonra bu ölkədə yaşayan və ticarətlə məşğul olan həmyerlilərimizin durumu daha da ağırlaşmağa başlayıb. Prosesin ilk mərhələsində vəziyyətin düzələcəyinə ümid bəsləyən soydaşlarımız, sonradan heç nəyin dəyişməyəcəyini, əksinə daha da pisləşə biləcəyini görərək geri dönməyə başlayıblar.

Politika.Az-a verilən məlumata görə, son iki gündə Rusiyadan Azərbaycana kütləvi axının başladığı məlum olub. Belə ki, iki ölkə arasındakı SDK Gömrük Keçid Məntəqəsində Azərbaycan tərəfə keçmək istəyənlərin bir neçə min nəfər təşkil etdiyi diqqəti çəkib. Qeyd edilir ki, ilk olaraq Novruz Bayramı ilə əlaqədar həmyerlilərimizin geriyə döndüyü və bayramdan sonra yenidən Rusiyaya qayıdacağı müşahidə edilsə də, bunun tərs nəticəsi üzə çıxıb.

Məlum olub ki, mövcud iqtisadi böhrana dözə bilməyən həmyerlilərimiz bayramla əlaqədar deyil, həmişəlik ölkəyə qayıtmaq barədə qərar veriblər. Onların axın edənlər sırasında ilklər olduğu da dəqiqləşib. Bəlli olub ki, artıq qonşu ölkədən Azərbaycana qayıtmaq istəyənlərin sayı bayrama qədər daha da artacaq.

Politika.Az-a verilən məlumatda vurğulanır ki, hazırda SDK-da uzun növbələr yaranıb və gömrükçülər onları buraxmaq üçün artıq 24 saatlıq iş rejimini daha da gücləndirmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Rusiyadan Azərbaycana axın başlayarsa, bu ölkəmiz üçün də yaxşı perspektiv vəd etmir. Əksinə, orada özlərinə iş quraraq, dolanışıqlarını yüksək səviyyədə təmin etmiş şəxslər ölkəmizdə istədiklərinə nail ola bilmədikdə narazılıqlar baş qaldıracaq. Bu proqnoz hələ xeyli əvvəldən verilirdi və bildirilirdi ki, əgər azərbaycanlılar Rusiyanı tərk edib, geri dönərsə, bizə sosial partlayışlar qaçılmaza çevriləcək.