backend

DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI TƏRƏFİNDƏN CARİ İLİN 01-12 FEVRAL TARİXLƏRİNDƏ “GƏMİ AGENTLƏRİNİN HAZIRLIĞI” KURSU KEÇİRİLMİŞDİR

DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI TƏRƏFİNDƏN CARİ İLİN 01-12 FEVRAL TARİXLƏRİNDƏ “GƏMİ AGENTLƏRİNİN HAZIRLIĞI” KURSU KEÇİRİLMİŞDİR
Dəniz nəqliyyatı sahəsində yük və sərnişin daşımalarının təşkilində səmərəliliyin yüksəldilməsi, dəniz nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi,dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, eləcə də gəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq cari ilin 01-12 fevral tarixlərində Dövlət Dəniz Administrasiyası tərəfindən təsdiq edilmiş tədris proqramı əsasında “Gəmi agentlərinin hazırlığı” üzrə ilk kurs keçirilmiş və qeyd olunan kurs zamanı Administrasiyanın əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimləri və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən mühazirələr oxunmuşdur.
“Gəmi agentinin hazırlığı” kursunda dinləyici qismində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətlərinin, “Transmarine shipping enterprise Ltd”, “Multimodal Global Logistics Limited”, “United Alliance Group Ltd” və “Azpilot LLC” şirkətlərinin nümayəndləri, eləcə də fiziki şəxslər iştirak etmişdir.
Kurs zamanı tədris proqramına uyğun olaraq gəmiçilik şirkətləri və onların istismar etdikləri gəmilər, liman və limanın infrastruktur obyektləri, agent xidmətləri, onların fəaliyyətinin hüquqi aspektləri, agent xidmətlərinin həyata keçirilməsi zamanı ortaya çıxan maneələr və onların həlli yolları, gəminin fraxt edilməsi, eləcə də dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalar, məcəllələr və gəmi sənədləri barədə məlumatlar verilmiş və müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda, “Gəmi agenti hazırlığı” kursunu bitirmiş şəxslərin bilik səviyyəsinin yoxlanılması məqsədi ilə Administrasiyada yaradılmış komissiya tərəfindən elektron qaydada test imtahanı keçirilmiş və imtahandan müvaffəqiyyətlə keçmiş kurs iştirakçılarına “Gəmi agenti xidmətlərinin göstərilməsi üçün kursun bitirilməsinə dair Şəhadətnamə”lər təqdim edilmişdir.