backend

İntihara cəhd edən MSN əməkdaşı redaksiyamıza məktub yolladı

İntihara cəhd edən MSN əməkdaşı redaksiyamıza məktub yolladı
Orxan Ağazadə: “Mənim idarə rəisi və işlədiyim komanda rəhbərliyi ilə...”
Ötən saylarımızdan birində “Nazirliyin idarə rəisi özünü körpüdən atmaq istədi” sərlövjəli xəbər dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatda deyilirdi ki, Müdafiə Sənayesi Nazirliyinin təhlükəsizlik idarəsinin rəisi Orxan Ağazadə intihara cəhd edib.

Martın 3-dən 4-nə keçən gecə Cavanşir körpüsünün üstünə çıxan idarə rəisi oradan özünü atmaq istəyib. O.Ağazadəyə ərazidən keçən polis əməkdaşları mane ola biliblər. Saxlanılan idarə rəisi polisə aparılıb. Olayın hansı səbəbdən baş verdiyi araşdırılır. Məsələyə aydınlıq gətirmək üçün MSN-lə əlaqə saxlamaq cəhdlərimiz baş tutmamışdı.

Redaksiyamıza xəbərdə adı keçən Orxan Ağazadə məktubla müraciət edib. O.Ağazadə məktubunda bildirir ki, o, 2013-cü ilin martından MSN-in Təhlükəsizlik və Mühafizə İdarəsində mühafizəçi vəzifəsində çalışıb. Heç vaxt MSN-də idarə rəisi postunu tutmayıb. Məktubunda O.Ağazadə hansı səbəbdən intihara cəhd etdiyini açıqlamayıb. O.Ağazadə məktubunda MSN rəsmiləri ilə probleminin olmadığını da vurğulayıb: “Mənim idarə rəisi və işlədiyim komanda rəhbərliyi ilə heç bir problemim yoxdur, olmayıb”. /qaynarxett.az/