backend

Əhməd Əhmədzadənin "girov"una çevrilən Qax və qaxlılar - Prezidentin nəzərinə!

Əhməd Əhmədzadənin "girov"una çevrilən Qax və qaxlılar - Prezidentin nəzərinə!
Musa Şəkiliyev icra başçısı vəzifəsinə gətirildikdən sonra qaxlıların qara günləri başlayıb. Əhməd Əhmədzadənin qardaşı oğlunun rəhbərlik etdiyi xəstəxanada pasiyentlərə biganəlik izaholunmaz həddə çatıb.Ölkənin şimal-qərbində yerləşən Qax rayonu, daha dəqiq desək, adıçəkilən rayonun bir sıra rəhbər şəxslərilə bağlı son günlər redaksiyamıza şikayət xarakterli çoxsaylı müraciətlər daxil olmaqdadır. Qeyd edək ki, şikayət edənlərin böyük əksəriyyəti Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi rayonun abadlıq, quruculuq işlərinə və rayon büdcəsində nəzərdə tutulan digər vəsaitlərin mənimsənilməsinə göz yummaqda, bunun üçün əlverişli şərait yaratmaqda suçlayırlar.

Belə ki, icra başçısının Qaxın abadlığına dövlət büdcəsindən ayrılmış vəsait hesabına şəxsi biznesini genişləndirdiyini, rayon sakinlərinin hüquqlarının kobud surətdə pozulduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, Musa Şəkiliyev icra başçısı vəzifəsinə gətirildikdən sonra qaxlıların qara günləri başlayıb: «Nəzərinizə çatdırım ki, əslən Qax rayonundan olan Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə adıçəkilən müəssisədə meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon Xalq Deputatlar Sovetində İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası İdarəsində rəis əvəzi, Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifələrində çalışıb. Nəhayət, 12 aprel 2010-cu il tarixdə Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Elə həmin gündən rayon camaatının, sahibkarların, fermerlərin, bir sözlə qaxlıların qara günləri başlayıb». Məlumatlı şəxsin bilgilərindən belə aydın olur ki, hazırda Qaxda vəziyyət, əhalinin durumu heç də ürəkaçan deyil. Bununla bağlı verilən informasiyalarda qeyd olunur ki, bəzi yerli məmurlar əhalini incitmək və onları gözümçıxdıya salmaqdan ötrü mümkün olan bütün vasitələrə baş vurur, hətta ən ağlagəlməz üsullardan istifadə edirlər. Bildirilir ki, son günlər Qax Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları qapı-qapı düşərək əhalini cərimələməklə məşğuldurlar. Bunu özbaşınalıq adlandıran rayon sakinləri hesab edirlər ki, Qax Paylayıcı Elektrik Şəbəkəsinin rəisi bu yolla mənimsənilən vəsaitləri məhz camaatın hesabına ört-basdır etməyə çalışır. Rayon sakinləri isə öz növbəsində, məsələ ilə bağlı kəskin etirazlarını bildirib, bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Lakin hələ də bunun heç bir faydası olmayıb...

Musa Şəkiliyevin icra başçısı vəzifəsinə gətirilməsində Əhməd Əhmədzadənin müstəsna rolu olub

İcra başçısı vəzifəsinə təyin olunduğu gündən Musa Şəkiliyevin rayon camaatı ilə normal münasibət qura bilmədiyini deyən məlumatlı şəxsin sözlərinə görə, ara-sıra tərəflər arasında yaşanan xoşagəlməz olaylardan sonra icra başçısı müəyyən müddətə rayonu tərk edərək Bakıya gəlir: «4 ildən artıqdır ki, Musa Şəkiliyev Qax rayonuna rəhbərlik edir. Bu müddət ərzində onunla, həmçinin tabeçiliyində çalışan bəzi şəxslərlə rayon camaatı arasında bir neçə dəfə ciddi narazılıqlar yaşanıb. Və hər dəfəsində də icra başçısı dərhal Bakıya üz tutur. Bu gün rayonda az qala hər kəsə onun Bakıya nə üçün getdiyi və orada kiminlə görüşdüyü bəllidir. Belə ki, artıq çoxlarına bəllidir ki, Musa Şəkiliyev yaranmış problemləri həll etmək üçün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə görüşür, ondan müəyyən məsləhətlər alır. Kim də bilməsə, Qax camaatı bilir ki, Musa Şəkiliyev Əhməd Əhmədzadənin yaxın qohumudur və onun bu vəzifəyə təyin olunmasında ASC sədrinin müstəsna rolu olub. Odur ki, icra başçısı dara düşən kimi pənahı Əhməd Əhmədzadənin yanında tapır». Artıq qaxlıların bu kimi hallara vərdiş etdiyini deyən mənbə qeyd edir ki, icra başçısının yol verdiyi nöqsanlar, rayon sahibkarlarını çökdürən addımları barədə müvafiq dövlət qurumlarına şikayət xarakterli çoxsaylı müraciətlər olunsa da, nədənsə heç kim Musa Şəkiliyevin əməllərinə, camaatı narahat edən problemlərə diqqətlə nəzər yetirmək fikrində deyil. Maraqlıdır, görəsən niyə?

Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər

Əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, hazırda Qax Rayon Mərkəzi Xəstəxanasında da bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Belə ki, mənbənin sözlərinə görə, Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadənin baş həkimi olduğu xəstəxanada pasiyentlərə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb: «Qeyd edim ki, hazırda Qax rayonunda 1 mərkəzi, 1 uşaq xəstəxanası, 2 kənd xəstəxanası, 10 həkim və 26 tibb məntəqəsi fəaliyyət göstərir və rayon səhiyyə sistemində 120-yə qədər həkim 400-dən çox tibb işçisi çalışır. Onu da nəzərinə çatdırım ki, xəstəxanada yol verilən özbaşınalıqlar barədə dəfələrlə aidiyyəti qurumlara - Qax Rayon İcra Hakimiyyətinə və Səhiyyə Nazirliyinə şikayətlər ünvanlansa da, problemlər hələ də həllini tapmayıb. Odur ki, bu gün xəstəxanada əməlli-başlı bazar prinsipi hökm sürür. Xəstəxananın dövlət himayəsi altında olmasına baxmayaraq, burada xəstələrə olan tibbi xidmət açıq şəkildə müəyyən maraq qarşısında həyata keçirilir. Dövlət tərəfindən xəstəxanaya verilən dərmanlar da vətəndaşlara satılır». Həkimlərin xəstələrə gəlir mənbəyi kimi baxdıqlarını deyən məlumatlı şəxs iddia edir ki, Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər: «Əhməd Əhmədzadənin qardaşı, uzun illər Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Fərman Əhmədzadə dünyasını dəyişdikdən sonra onun yerinə oğlu Tərlan Əhmədzadə keçib. Və varislik prinsipilə Qax səhiyyəsini özünün ata malıhesab edir. Bu səbəbdən də Tərlan Əhmədzadə rayon səhiyyəsində öz prinsiplərini, şəxsi maraqlarını tətbiq edir və buna görə də heç kimdən çəkinmir. Hər halda baş həkimin əmisi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. Bu o Əhmədzadədir ki, hər il dövlətin milyonlarla manat vəsaitini meliorasiya idarələrində «yuyur» və yuxarı dairlərdə bir çox yerlərdə sözünü keçirə bilir. Buna görə də Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə əmisinə güvənərək «Burda mən, Bağdadda kor xəlifə» prinsipilə çalışır». Tərlan Əhmədzadənin həm də icra başçısı Musa Şəkiliyevlə qohumluq əlaqələrinə malik olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, sanki Qax Rayon Mərkəzi Xəstəxanasını şəxsi biznes obyektinə çevirib: «Tərlan Əhmədzadənin rayon səhiyyəsini öz şəxsi obyekti kimi istifadə etməsinin səbəbi əmisi Əhməd Əhmədzadəyə və qohumu Musa Şəkiliyevə arxalanması ilə bağlıdır. Bu arada, onu da qeyd edim ki, dövlət büdcəsindən Qax Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin böyük bir hissəsi təsərrüfat malları və cari təmirlər adı altında mənimsənilir. Tərlan Əhmədzadənin əsas qazancı isə 36 tibb məntəqəsinin binalarının cari təmirinə ayrılan vəsaitlərdən gəlir. Belə ki, müvafiq sənədlərdə tibb məntəqələrinin əsaslı təmir olunduğu göstərilsə də, reallıq tamam başqadır. Əhməd Əhmədzadənin "girov"una çevrilən Qax və qaxlılar - Prezidentin nəzərinə!Tibb məntəqələrinin vəziyyəti hər şeyi öz-özlüyündə göstərdiyinə görə sənədlərdə təmir olunan tibb məntəqələrilə bağlı heç əlavə şərhə ehtiyac qalmır». Bundan başqa, məlumatlı şəxsin bilgilərində Tərlan Əhmədzadənin məhz icra başçısı Musa Şəkiliyevə arxalanaraq rayonda əməlli başlı əmək birjası yaratdığı da qeyd olunur: «Qax Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi kimi işə qəbul olunmaq üçün 2-3 arası verməlisən. Xadimə və sanitar olmaq istəyənlər üçün də xüsusi cədvəllər mövcuddur. Bundan əlavə, kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman preparatları da baş həkim Tərlan Əhmədzadənin ətrafındakı şəxslər tərəfindən özəl apteklərdə satdırılır. İcra başçısı Musa Şəkiliyevin bütün bunlardan xəbəri olsa da, o, Tərlan Əhmədzadənin işinə müdaxilə etmir. Çünki onlar qohumdurlar. Bundan başqa, Tərlan Əhmədzadənin əmisi Əhməd Əhmədzadənin Musa Şəkiliyevin Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsində az əməyi olmayıb».

Rayondakı turizm mərkəzlərinin bir çoxu Əhməd Əhmədzadənin və Musa Şəkiliyevin nəzarətindədir

Hazırda Qax rayon məmurlarının bir çoxunun hektarlarla torpaq sahəsi və əzəmətli villalarının olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, rayonun ən səfalı guşələrində inşa edilmiş, dəyəri yüz minlərlə ölçülən evlər bunun bariz sübutudur: «Bu evlərin hər biri ayrı-ayrı məmura məxsusdur. Həmin ərazidə torpağın bir sotunun qiyməti təxminən, 5-6 min manat civarındadır. Rayondakı ən əzəmətli villalardan biri icra hakimiyyətinin başçısı Musa Şəkiliyevə, digərləri onun müavinlərinə, rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevə, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramova məxsusdur». Bu gün rayon əhalisinin hərtərəfli sıxıntı çəkdiyini deyən mənbənin sözlərinə görə, hələ də qaxlıların içməli su ilə tam təmin olunması istiqamətində ciddi işlər görülməyib:«Elə buna görə də taxılçılıqda məhsuldarlıq son illər nəzərəçarpacaq dərəcədə azalıb. Çoxlarına bəllidir ki, Qax öz zəngin abidələrinə görə digər rayonlardan fərqlənir. Lakin mövcud tarixi abidələrin araşdırılması, mühafizəsi istiqamətində önəmli tədbirlər həyata keçirilmir. Hazırda zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, «Şəfa» istirahət və müalicə ponsionatı, «İlisu» ponteonatı, «Yaşıl park», «Ulu», «İmproteks», «Ballı bulaq», «Qafqaz», «Eden» Park hotel, «Səngər qala» istirahət mərkəzi, «El Resort» beş ulduzlu otel, «Ulu dağ» turizm mərkəzləri fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətindədir. Əgər müvafiq orqanlar, əsasən də Maliyyə Nazirliyi, Hesablama Palatası və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu kimi məsələləri araşdırsalar, o zaman hələ çox mətləblərə aydınlıq gətirmək olar»

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.