Jirinovskinin türklərə nifrətinin sirri açdıldı - ŞOK

Dunya 31-03-2016, 23:21
Jirinovskinin türklərə nifrətinin sirri açdıldı - ŞOK

"Dedim yəqin o vaxtlar Türkiyədə Bəyoğluda Leninin döş nişanlarını payladığına görə həbs edəndə nəsə ediblər sənə"

ASDP sədri, millət vəkili Araz Əlizadə bir müddət öncə moderator.az əməkdaşının suallarını cavablandırmışdı. Üzrlü səbəbdən (diktofonda yaranmış problem üzündən) müsahibəni oxuculara bir az gec təqdim edirik. Müsahibə Türkiyədəki terror olaylarından sonra götürülüb, xeyli maraqlı fikirlər səsləndirilib.

- Dünyanın harası olur - olsun mən sosial demokrat insan kimi terroru qətiyyətlə lənətləyirəm. Amma terroru qınayarkən onu yaradan səbəbləri də unutmamaq lazım. Həmin səbəblərə qarşı savaş açmaq lazımdır ki, terrorun baş verməsinə bəhanə qalmasın. Türkiyə hakimiyyətinin mövcud daxili və xarici siyasəti ona yönəlib ki, Atatürk irsi unudulsun. Bu isə bütövlükdə Türkiyədəki ovqatı xeyli gərginləşdiir. Əlbəttə, bu əsas vermir ki, Türkiyəyə qarşı türror təhdidi bu cür qabarıq təzahür etsin. Amma yenə də deyirəm, Türkiyənin qüdrəti Atatürkün ideyalarıdır. Ərdoğan da anlamalıdır ki, o heç zaman Atatürk olmayacaq və ona görə də Atatürk ideyalarına qarşı çıxmaq onun ziyanınadır.

- Türkiyədəki gərginliyin arxasında Moskvanın dayanması haqqında hamıda birmənalı qənaət var.

- Gəlin razılaşaq ki, Rusiya pis dövlətdir və mən də daxil elə bir azərbaycanlı tapılmaz ki, ürəkdən bu dövlətə simpatiya bəsləsin. Çünki nə qədər Ermənistanı asıb-kəssək də torpaqlarımızı Rusiya işğal edərək ermənilərə peşkəş verib. Hətta istəsəm belə mən Rusiyanı sevə də bilmərəm. Baxmayaraq ki, mənim rus millətindən olan çoxsaylı dostlarım var. Millət ayrı, dövlət ayrıdır. Amma onu da etiraf etmək lazım ki, Rusiya heç də iddia olunduğu kimi terror dövləti deyil.

- Azərbaycanda çoxları sizi Rusiyapərəst siyasətçi kimi tanıyırlar.

- Bilirsiniz, Azərbaycanda birinə damğa vurmaq, onu etmədiyi əmələ görə topa qoyub atmaq ənənə halını alıb və sanki insanlar kimisə ittiham etməkdən zövq alırlar. Vaxtilə indiki demokratlar Rusiya ilə dostluqdan ləbbeyk deyirdilər. Vaxtilə Hikmət Hacızadə deyirdi ki, bizim rusiyalı demokrat dostlarımız Yeltsin, Qaydar burdan gəldi, ordan getdi. Amma o anlamırdı ki, elə Qarabağı Yeltsinin göstərişi ilə zəbt ediblər. Amma işğalçı lazım gələndə bunların dostları da ola bilir. Elə ki, vəziyyət dəyişdi, bizi günahlandırmağa başladılar ki, Rusiyanın dostları guya bizik. Vaxtilə 80-ci illərin sonlarında bizi qınayırdılar ki, sosial-demokratların Azərbaycanda heç bir dayağı yoxdur, çünki bunlar Avropapərəst partiyadır. Özləri Avropa üçün əldən-ayaqdan gedəndən sonra bizi İranpərəstlikdə qınadılar. İranla münasibətlər qaydaya düşəndən sonra bizi yenidən Rusiyapərəstlikdə ittiham etdilər. Hətta mən doxsanıncı illərin əvvəllərində bir müddət Türkiyədə mühacirətdə olanda bizi Türkiyəpərəstlikdə suçladılar. Amma hamı bilsin ki, hər zaman elə əsl Azərbaycanpərəst biz olmuşuq.

- Rusiya - Türkiyə münasibətlərinin gələcəyini necə görürsünüz?

- Bircə onu bilirəm ki, belə gedə bilməz və bu cür süni düşmənçilikdən tezliklə imtina edilib normal münasibətləri davam etdirmək lazımdır.

- Bunun üçün ilk addımı hansı tərəf atmalıdır?

- Əlbəttə ki, Türkiyə.

- Axı münaqişənin yaranmasına səbəb Rusiya olub.

- Yox, gəlin razılaşaq ki, hətta rus pilot belə bir qələt etmişdisə də ikitərəfli münasibətlərin zədələnməməsi üçün buna növbəti dəfə də göz yumula bilərdi.

- Siz deyirsiniz ki, Rusiya terror dövləti deyil. Amma kimsəyə sirr deyil ki, PKK-nın da, əli xalqının qanına batmış Bəşər Əsədin də arxasında duran Rusiyadır.

- Yaxşı ki, Suriyanın arxasında elə Rusiya durdu. Çünki Suriyada baş verənlər cinayət idi. Yəni ABŞ Türkiyənin əli ilə Suriyada dövlət çevrilişi edirdi və bunu heç gizlətmirdilər. Bundan əvvəlki ərəb baharı adı ilə başladılan kampaniyada Mübarəkin, Qəzzafinin, onların rəhbərlik etdikləri ölkələrin taleyini götürək, görünən odur ki, Amerikanın bu siyasəti həmin xalqlara bədbəxtlikdən başqa bir şey gətirmədi. Bu siyəsət hikkəli qadın Hillari Klintona məxsus idi ki, Şərqə demokratiya gətirsin, amma bədbəxtlikdən başqa hələ heç nə gətirə bilmədilər. Bəşər Əsəd kim olsa belə qanuni seçilmiş prezidentdir və bu ölkəyə istənilən kənar müdaxilə beynəlxalq qanunlara görə də cinayətdir.

- Ən böyük cinayəti elə Bəşər Əsəd törətmirmi?

- O nə cinayət edib?

- Öz xalqına qarşı cinayət törədib. Bundan artıq nə etməlidir ki? Onun hikkəsi üzündən 300 min adam ölüb.

- Həmin 300 min adamı kim ayağa qaldırıb?

- Kimin ayağa qaldırmasını kənara qoyaq, o öz xalqına qarşı cinayət törətməkdən imtina da edə bilərdi.

- Niyə getməliydi? Qəzzafi getdi, nə oldu, Liviya xoşbəxt oldu? Hüsnü Mübarəkdən sonra Misir ağ günə çıxdı? Yaxşı ki, ordu gəlib Misirdə hakimiyyəti götürdü. Müsəlman qardaşları qalsaydı bilirsiniz ölkəni nə günə qoyacaqdılar? Ərdoğan elə bilirdi ki, Amerikanın ərəb baharı kampaniyasında böyük rol oynasa Türkiyəni Avropa Birliyinə qəbul edəcəklər. Amma o bu günə qədər də anlamaq istəmir ki, Avropa Birliyi xristian klubudur, həmin birliyin ilhamvericisi vaxtilə Roma papası olub. Ona görə də heç vaxt Türkiyəni belə bir quruma daxil etməzlər.

- Amma etiraf edirlər ki, miqrant problemi Türkiyəni Avropa Birliyi üçün vazkeçilməz dövlət statusuan yüksəldib.

- Bilirsiniz bu quruma üzvlüklə bağlı nə qədər danışqılar aparılıb? Mən hələ balacaq uşaq idim, deyirdilər ki, axşama-sabaha Türkiyəni Avropa Birliyinə qəbul edirlər. Artıq mən qoca kişiyəm, hələ də bu danışıqlar eyni templə davam edir. Deyirdilər ki, Türkiyə ordusu çox güclüdür və istənilən vaxt ordu generaliteti dövlət çevrilişi edə bilər. Ərdoğan buna aldanıb ordunu nüfuzdan saldı. Ordusu güclü olmayan dövlətə isə hörmət etmirlər. SSRİ niyə dünyaya meydan oxuyurdu? Çünki Stalinin vaxtında hamı ordu ilə qürur duyurdu, elə ki, Xruşşov gələrək ordunun yarısını buraxdı, yarısını da ac-yalavac duruma saldı, onda SSRİ nüfuzdan düşdü, Əfqanıstan müharibəsi ilə də qosqoca dövlət dağıldı. İndi isə Avropa Birliyi yenə də Türkiyənin qoltuğuna qarpız verir. Niyə? Çünki miqrant axını Avropanı şoka salıb və istəyirlər ki, bütün yükü Türkiyənin üzərinə qoysunlar. Artıq Avropa da məğlub durumdadır. Bütün bunların hamısı Amerikaın uzağa gedən planlarının tərkib hissəsidir. Əslində Türkiyə də Amerikanın bu oyununda peşkadır, Avropa da. Daha Avropa heç vaxt əvvəlki Avropa olmayacaq. Sizə bircə faktı deyim. Yadınızdadırsa Amerikanın Almaniya liderlərini dinləməsi üzə çıxanda hamı anladı ki, Vaşinqton bununla bütün Avropa liderlərinə nəzarət edərək onları qaramağa keçirib. Təsəvvür edin ki, Angela Merkel əvvəllər ABŞ - la fərqli ritorikada danışırdı, elə ki, getdi Amerikaya, onun qarşısına qoydular ki, çox zilə çıxma, səni bir dəqiqədə rüsvay edərik, ondan sonra pisikmiş halda gəlib oturdu yerində. Bilirsiniz, Avropa liderlərinin bütün zibillərini Amerika bilir və onilliklər ərzində Amerika onların hamısını dinləyib. Amma gördünüz ki, Putin Amerikanın qarşısında gözükölgəli olmadığını ortaya qoydu. Bəlli oldu ki, o oğru deyil və pullarını da Qərbdə saxlamır. Əgər Amerikanın əlində bircə belə fakt olmuş olsaydı aləmə car çəkmişdi. Xarici banklarda varidatı olan heç bir dövlət başçısı Amerika ilə qoz-qoz oynamaz.

- Öz adına deyil, nə çox “kitayski” sahibkar, onların birinin adına sənədləşdirə billməz ki?

- Dünyanın indiki dönəmində bunu etmək mümkün deyil. Kimin adına sənədləşdirsən də elə tapırlar ki, ruhun da incimir. Bircə İsveçrə idi bank sirrini saxlayan, 11 sentyabrdan sonra Amerika onu da məcbur etdi ki, açsın. Eləcə də Azərbaycan hakimiyyəti haqqında da ittihamlar səsləndirilir. Əgər Amerikanın əlində belə fakt olsaydı Azərbaycan prezidenti onun qarşısında belə ötkəm davrana bilərdimi?

- Bir neçə gün öncə qardaşınız Zərdüşt Əlizadə açıqlamasında demişdi ki, oturub Rusiyanın dağılmasını gözləməkdən başqa çarəmiz yoxdur.

- Zərdüşt bəy çox güclü politoloq olsa da hər bir analitik kimi onun da səhvləri ola bilər. Hətta Kisincerin də, Bjezinskinin də səhvləri olub.

- Cəmiyyətdə Rusiyapərəst kimi tanınmağınızdan diskomfort hissi keçirirsinizmi?

- Qətiyyən. Bu günədək o qədər mənə "pərəst" damğası vurublar ki, öyrəşmişəm. Halbuki bu ölkədə ilk dəfə Azərbaycançılıq davası aparan Araz Əlizadə olub. Mən hamıya bildirirəm ki, Azərbaycançı olaraq qalıram və Azərbaycançı olaraq da öləcəm. Məni Rusiyapərəst adlandıranlara xatırlatmaq istəyirəm. Ötən ilin sonunda SBS telekanalında Qarabağ məsələsi müzakirə olunurdu. Həmin müzakirələrdə açıq mətnlə Rusiyanın ermənipərəst mövqeyini qınayaraq ifşa etmişəm.

- Sonuncu dəfə Moskvada nə vaxt olmusunuz?

- Yalan olmasa bir 10 il olar.

- Bəs rusiyalı dostlarınızdan heç Bakıya gəlib sizləri ziyarət edirlərmi?

- Axırıncı dəfə bizim partiyanın 25 illik yubileyimizdə Sergey Baburin gəldi. Təsəvvür edin ki, Baburin qatı rus millətçisi olsa da Azərbaycanın da böyük dostudur. Doxsanıncı illərdə Yeltsin, Burbulis, Staravoytova, Şaxray qatı ermənipərsət mövqe sərgiləyəndə Baburin yeganə adam idi ki, Azərbaycanpərəst mövqe tuturdu və ermənilərə qarşı açıq-açığına mübarizə aparırdı.

- Azərbaycanda çoxları Jirinovskinin təlxək hesab edir.

- O təlxək deyil. Onu tanımırlar demək.

- Putinin adamı da deyirlər ona.

- Putin olmayanda da o elə həmin Jirinovski idi. O DTK - nın çox uğurlu yetirməsidir. Baxın, hansı ki, o ideyaları həyata keçirəcəklər, ilk olaraq onu Jirinovski səsləndirir. Reaksiyaya baxırlar, əgər kəskin etiraz yoxdursa onu həyata keçirməyə başlayırlar. Özü də o çox savadlıdır. Təsəvvür edin ki, o dövrdə Qazaxıstandan çıxmış yetim bir uşaq gəlib Moskva Dövlət Universitetinə qəbul olunub. Bu elə özü hər şeyi deyir.

- Onun türk xalqlarının hamısına nifrətinin kökündə nə dayanır?

- Mən bir dəfə onunla debatımızda özünə dedim bu barədə. Dedim yəqin o vaxtlar səni Türkiyədə Bəyoğluda Leninin döş nişanlarını payladığına görə həbs edəndə nəsə ediblər sənə.

- Bunu eşidəndə dəli oldu və qayıtdı ki, sən bunu hardan bilirsən? Dedim ki, mən çox şey bilirəm.

- Onunla həmin debatınız nə vaxt olmuşdu?

- Səhv etmirəmsə 1994-cü ildə. Tələbə vaxtı Türkiyəyə praktikaya gedəndə Leninin şəkli olan döş nişanı paylayırmış. O vaxt kommunist təbliğatına görə onu orada həbs etmişdilər.

- Son vaxtlar onun Azərbaycana münasibəti bir az mülayimləşib, görəsən bu dəfə bizimkilər ona nəsə ediblər...?

- Yəqin onun açarını tapıblar...
Oxunub: 1 130
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10