backend

“Klanlar hakimiyyət çevrilişinə cəhd edə bilər…” - Müsahibə

“Klanlar hakimiyyət çevrilişinə cəhd edə bilər…” - Müsahibə

Mirkazım Seyidov: “Hansısa məmurun klan liderinə çevrilməsi, istər-istəməz, onda hakimiyyət hərisliyi yaradır, ətrafındakılar da ona bunu təlqin edir, ondan daha yuxarıda olmağı tələb edirlər”

“Novosibirsk və Sumqayıt şəhərlərinin qardaşlaşması istiqamətində işlər həyata keçirilir”

Son illər Azərbaycanın xaricdə diaspora fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir, bu məqsədlə böyük vəsaitlər xərclənir. Bu istiqamətdə dövlətlə yanaşı, ayrı-ayrı şəxslər də geniş fəaliyyət göstərirlər. Belə şəxslərdən biri də Rusiyanın Novosibirsk şəhərində yaradılan “Həmrəylik” Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Beynəlxalq Əməkdaşlıq Fondunun (TXSX BƏF) qurucusu Mirkazım Seyidovdur.

Qeyd edək ki, Mirkazım Seyidov Prezidentin sərəncamı ilə diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə və Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, əvvəlcə “Tərəqqi” medalı, sonra isə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan diasporunun Rusiyadakı fəaliyyəti, həmçinin Moskva- Ankara münasibətlərinin kəskinləşməsinin türkdilli xalqlarla slavyan xalqları arasında əməkdaşlığı genişləndirmək üçün yaradılan Fondun işinə necə təsir göstərdiyini öyrənmək üçün Mirkazım Seyidovla söhbət etdik.

Mirkazım Seyidov son illər həm də ölkədə fəal ictimai-siyasi fəaliyyətlə məşğul olub, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucularından biri kimi tanınıb. Bu baxımdan söhbət zamanı ölkədə son dövrlər baş verən ictimai-siyasi hadisələrə də onun münasibətini öyrəndik.

- Mirkazım müəllim, ilk növbədə fəaliyyətinizdə bir durğunluğun müşahidə olunmasının səbəbini öyrənmək istərdik. “Həmrəylik” Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondu çox səs-küylü şəkildə fəaliyyətə başladı. Novosibirskdə Heydər Əliyev Fondunun 10 illik yubileyilə bağlı geniş beynəlxalq forum da keçirdiniz. Ancaq sonradan, sanki, Fondun fəaliyyətində durğunluq meydana gəldi. Bu, nə ilə bağlı idi?

– Əvvəla, həm məni yada saldığınız üçün, həm də müstəqil bir media orqanı kimi cəmiyyətə verdiyi töhfələrə görə, “AzPolitika.info” saytının əməkdaşlarına təşəkkür etmək istəyirəm. Çox sevindirici haldır ki, “AzPolitika.info” özünün ciddiliyi, müstəqilliyi və etibarlığı ilə fərqlənən azsaylı media orqanlarından biri kimi qalmağı bacarıb.
O ki, qaldı “Həmrəylik” Fondunun fəaliyyətində durğunluğun yaranmasına, bunun əsas səbəblərindən biri mənim səhhətimdə ciddi problemlərin yaranması ilə bağlı idi. Təxminən bir il əvvəl mən Rusiyanın Novosibirsk şəhərində ürəyimdən ağır bir cərrahiyyə əməliyyatı keçirdim. Bununla əlaqədar, hardasa 6-7 ay səhhətimlə, sağlamlğımın bərpası ilə məşğul olmaq məcburiyyətində qaldım.

Düzdür, Fond fəaliyyətini davam etdirib, Rusiyada müəyyən işlər də görülüb. Ancaq əvvəllər “Həmrəylik” Fondunun Azərbaycan nümayəndəliyinə mən rəhbərlik etdiyimdən və mənim də səhhətimdə problemlər yarandığından, buradakı fəaliyyətimizdə müəyyən durğunluq oldu. Ancaq artıq bir müddətdir ki, yenidən həm Rusiyada, həm də Azərbaycanda aktiv fəaliyyət göstərməyə başlamışıq. Qeyd edim ki, mən bir müddət əvvəl “Həmrəylik” Fondunun prezidenti seçilmişəm. Və həmin vaxtdan mən Fondun fəaliyyətini beynəlxalq miqyasda genişləndirmək istiqamətində müəyyən tədbirlər həyata keçirməyə başlamışam. Xeyli müddət idi ki, Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya, Belarus və başqa ölkələrin ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş forum keçirməyə hazırlaşırdıq. Tədbir bu ilin əvvəlinə planlaşdırılmışdı. Ancaq ötən ilin sonlarında Türkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi, bizi də bu tədbiri müəyyən müddət təxirə salmaq məcburiyyətində qoydu. Düzdür, biz siyasi fəaliyyətlə məşğul olmuruq, xalqlar arasında əməkdaşlığı möhkəmləndirməyə çalışırıq. Lakin planlaşdırdığmız tədbirə hökumət təmsilçilərinin də qatılması gözlənilirdi. Türkiyə-Rusiya münasibətlərindəki gərginlik səbəbindən isə bunun mümkünsüz olduğunu görərək, tədbiri bu ilin yay aylarına təxirə salmağı qərara aldıq. Hələlik, “Gələcək bu gündən başlayır” adlı forumun dəqiq vaxtını müəyyənləşdirməmişik. Tədbirə qatılacaq bütün ölkələrin nümayəndələri ilə danışıqlar apardıqdan sonra bu vaxtı müəyyən edəcəyik. Hardasa may-sentyabr ayları arasında tədbirimiz baş tutacaq. Ümid edirəm ki, o vaxta qədər Türkiyə-Rusiya münasibətlərindəki gərginlik də aradan qalxacaq. Artıq bunun ilkin mesajları da görünməkdədir. Bu günlərdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Moskvanın Türkiyə ilə əlaqələri dəyişdirməyə hazır olmasını bildirməsi də bunu söyləməyə əsas verir. Elə bizim təşkilatın, planlaşdırdığımız tədbirin də əsas məqsədi türkdilli xalqlarla slavyan xalqları arasında, o cümlədən Türkiyə-Rusiya arasında əməkdaşlığın genişlənməsinə bacardığımız köməkliyi göstərməkdir. Çünki bu münasibətlərin yüksək səviyyədə olması, Azərbaycan dövlətinin də, xalqının da maraqlarına cavab verir. Mən deyərdim ki, Qarabağ probleminin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad olunmasında Türkiyə ilə Rusiyanın yaxınlaşmasının böyük rolu ola bilər. Odur ki, biz də bu yaxınlaşmanın sürətlənməsinə, dərinləşməsinə çalışmalıyıq. Ümid edirəm ki, “Həmrəylik” Fondunun təşkilatçılığı ilə keçiriləcək “Gələcək bu gündən başlayır” adlı forum da bu məqsədə xidmət edəcək.

- Rusiyanın ən böyük vilayətlərindən birində diasporumuzun liderlərindən biri kimi sizin ictimaiyyət nümayəndələri, ziyalılarla çox sıx görüşləriniz olur. Onların Rusiyanın Türkiyə ilə münasibətləri belə kəskinləşdirməsinə münasibəti necədir? Həmçinin, bu gərginlik Rusiyadakı Azərbaycan diasporuna, iş adamlarına hansısa mənfi təsir göstərirmi?

– Əvvala deyim ki, bununla bağlı birmənalı mövqe yoxdur. Rusiya hökumətinin addımlarını dəstəkləyənlər də var, bunu tənqid edənlər də. Ancaq bütün tərəflər Rusiya-Türkiyə münasibətlərinın pozulmasının iki ölkə üçün böyük itki olduğunu qəbul edir. Xüsusən Rusiya iqtisadiyyatı üçün bunun ağır fəsadlarının olacağı qaçılmazdır. Çünki uzun müddət idi ki, Türkiyə Rusiya iqtisadiyyatına böyük kapital yatırırdı. Hətta Qəbin sanksiyalarına baxmayaraq, Türkiyə Rusiya iqtisadiyyatının ayaqda durmasına müəyyən töhfələr verirdi. Ancaq məlum hadisədən sonra Kremlin atdığı addımlar Rusiya iqtisadiyyatını ciddi bir dəstəkdən məhrum etdi. Əlbəttə, Türkiyə də bundan xeyli ziyan görəcək. Ancaq mövcud vəziyyəti nəzərə alsaq, Türkiyə ilə əvvəlki münasibətlər bərpa olunmazsa, Rusiya iqtisadiyyatındakı tənəzzülün daha da dərinləşəcəyi qaçılmazdır. Bunu Rusiya ictimaiyyətinin nümayəndələri, ziyalılar, hətta deputatlar da açıq şəkildə etiraf edirlər. Onlar da təyyarənin vurulmasından sonra Rusiyanın addımlarının həddən artıq sərt olduğunu, ölkənin özünə ziyan vurduğunu bildirirlər. Yəni, əlaqələrin pozulması Rusiyadakı böhranı daha da dərinləşədirəcək. Elə Rusiyanın Suriyaya müdaxiləsinin də başlıca səbəbi Kremlin bu böhrana diqqəti müvəqqəti də olsa yayındırmağa, özünün hələ də hegemon güc olduğunu göstərməyə çalışması ilə bağlıdır. Buna nə qədər nail oldu, əlbəttə başqa söhbətin mövzusudur. Ancaq həm Türkiyə ilə, həm Krımın işğalından sonra Ukrayna ilə münasibətlərin korlanması, Avropa və ABŞ-ın sanksiyaları Rusiya iqtisadiyyatına öldürücü zərbə vurub. Bu isə artıq Rusiya daxilində də narazılıqların baş qaldırmasına yol açır. Bu yaxınlarda Tallində və Brüsseldə Rusiya ictimai-siyasi xadimlərinin “Azad Rusiya” devizi altında keçirdikləri tədbirlər buna əyani sübutdur. Putinin reytinqi hələ də yüksək olsa da, ancaq əvvəlki illərlə müqayisədə xeyli azalır. Bu da Kremlin siyasətinə yenidən baxmalı olduğunu söyləməyə əsas verir.

Eyni zamanda Rusiya hökuməti gərək unutmasın ki, Rusiyanın 17 regionunun əhalisinin əhəmiyyətli hissəsini türkdilli xalqlar təşkil edir. Türkiyə ilə münasibətləri bu dərəcə korlamaq onlarda da Kremlə qarşı narazılıq yaradır. Həmçinin Putinin yaratdığı Avrasiya İttifaqına qatılan və hələ də qatmağa çalışdığı dövlətlərin bir çoxu türk dövlətləridir. Rusiya bunları doğurdanda öz yanında görmək istəyirsə, Türkiyə ilə gərginlikdən qaçmalıdır. Bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin tutduğu mövqeyi xüsusi ilə alqışlamaq lazımdır. Prezident İlham Əliyevin iki ölkə arasında münasibətləri normallaşdırmaq cəhdləri Rusiyada da böyük rəğbətlə qarşılanıb. Prezidentin Ankaraya son səfəri isə tarixi bir gediş olmaqla yanaşı, Azərbaycan və Türkiyənin bağlılığını ortaya qoydu. Rusiya regionda nüfuzunu qorumaq üçün gərəkdir ki, bu amilləri də nəzəra alsın.
Əlbəttə, yaranmış gərginlikdən Azərbaycan diasporu da, Rusiyadakı iş adamlarımız da ziyan çəkir. Çünki bir çoxları Türkiyə ilə əlaqəli fəaliyyət göstərirdi, ordan mal gətirib-göndərirdi ki, hazırda bunun qarşısı alınıb. Odur ki, Rusiyadakı diasporumuzun nümayəndələri də Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətlərin yaxşı istiqamətdə dərinləşməsinə çalışır.
“Klanlar hakimiyyət çevrilişinə cəhd edə bilər…”
- Bildiyimizə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşması üçün yeni bir təşəbbüslə çıxış etmisiniz. Novosibirsk və Sumqayıt şəhərlərinin qardaşlaşması istiqamətində işlər həyata keçrilir. Bu ideya hardan meydana çıxdı?

– İlk növbədə qeyd edim ki, bu ideyanın müəllifi “Həmrəylik” Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Beynəlxalq Əməkdaşlıq Fondu deyil. Düzdür, Fondun rəhbərliyi, o cümlədən mən də bu təşəbbüsün reallaşması istiqamətində fəaliyyət göstəririk. Ancaq bu, Novosibirskdəki Azərbaycan diaspora təşkilatlarının birgə ideyası kimi meydana çıxmışdır. Və demək olar ki. Novosibirsk vilayətində yaşayan bütün azərbaycanlılar tərəfindən dəstəklənir. Qeyd edim ki, bu ideya yeni deyil. Hələ 2005-ci ildən, Novosibirsk ilə Azərbaycanın şəhərlərindən birinin qardaşlaşması məsələsi müzakirə olunur. Bununla bağlı diaspor təmsilçilərimiz bir neçə dəfə Azərbaycan hökumətinə müraciətlər də göndəriblər. Ancaq indi bu istiqamətdə müəyyən adımların atılmasına başlanılıb. İlk növbədə Novosibirsk ilə konkret olaraq Sumqayıtın qardaşlaşması təklifi irəli sürülüb. Bununla bağlı Azərbaycan diasporunun təmsilçiləri ilə Novosibirskin yeni seçilmiş meri Lokot Anatoli Yevgenyeviç arasında çox məzmunlu görüş keçirilib, lazımi qərarlar alınıb. Şəhər meri də Novosibirskin Azərbaycan şəhərlərindən bir ilə qardaşlaşmasında maraqlı olduğunu bildirib. Bunu Novruz bayramı ərəfəsində Novosibirskdə olan Azərbaycan jurnalistlərinə müsahibəsində də söyləyib. Bildirib ki, Azərbaycan prezidenti razılıq verərsə, o, bu məqsədlə Bakıya gəlib lazımi sənədləri imzalamaq niyyətindədir. Yəni, rəsmi şəkildə razılıq əldə olunub.
Məhz bu razılıq əsasında bütün diaspor təşkilatlarının rəyi əsasında Novosibirskdəki Azərbaycan Milli Mədəniyət Muxtariyyətinin rəhbəri Rasim Babayevin imzası ilə Azərbaycan prezidentinə məktub göndərilib. Həmin məktub və Novosibirsk merinin mövqeyini əks etdirən disk Prezident Administrasiyasına təqdim olunub. Şəxsən Rasim müəllim özü də Prezident Administrasiyasında olub və müəyyən şəxslərlə görüşüb. Ona bu işləri hansı qaydada aparmaqla bağlı tövsiyyələr verilib. Əlbəttə, Prezidentin razılığı olarsa, iki şəhərin qardaşlaşması ideyası reallığa çevriləcək. Bundan sonra müvafiq prosedurlar həyata keçiriləcək.

- Niyə məhz Sumqayıt şəhəri seçildi?

– Sumqayıtın seçilməsinin bir sıra səbəbləri var. İlk növbədə bu təşəbbüsün meydana çıxmasında Novosibirsk və Sumqayıt arasında çoxlu oxşarlıqların rolu olub. Belə ki, Novosibirsk Rusiyanın, Sumqayıt isə Azərbaycanın 3-cü ən böyük şəhəri sayılır. İkincisi, hər ikisi gənclər şəhəri hesab olunur və yeni qurulması ilə fərqlənir. Üçüncüsü, həm Novosibirsk, həm də Sumqayıt beynəlmiləl şəhər kimi tanınıb. Novosibirskdə 100-dən artıq millətin nümayəndəsi, müxtəlif dinlərin, irqlərin təmsilçiləri dostluq şəraitində yaşayırlar. Azərbaycandakı tolerantlıq, multikulturalizm ənənələri Sumqayıtın timsalında özünü daha aydın biruzə verir. Burda müxtəlif millətlərin nümayəndələri yaşayır. Dördüncüsü, həm Novosibirsk, həm də Sumqayıt əsas sənaye şəhərləri hesab olunur və sair.
Bu oxşarlıqlarla yanaşı Sumqayıtın seçilməsində son aylarda bu şəhərdə başlanan genişmiqyaslı quruculuq işlərinin də rolu az olmayıb. Eyni zamanda prezident İlham Əliyev tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə Zakir Fərəcovun təyin edilməsi bizdə Novosibirsk və Sumqayıtın qardaşlaşmış şəhərə çevrilməsinin mümkünlüyünə olan inamı da artırıb. Çünki Zakir Fərəcov öz işgüzarlığı, bacarığı, təşkilatçılığı ilə fərqlənən icra başçılarındandır. Onun Abşeronda gördüyü işlər, həyata keçirdiyi quruculuq-abadlıq işləri buna əyani sübutdur. Eyni zamanda Zakir Fərəcov beynəlxalq əməkdaşlığın qurulmasında təcrübəsi olan, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etməyi bacaran məmurlardandır. O, bir ictimai-siyasi xadim kimi Azərbaycanla Misir Ərəb Respublikası arasında dostluğun möhkəmlənməsinə böyük töhfələr verib.

Zakir Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövrdə – 2007-ci ildə Abşeron rayonu ilə Misirin Qalubiyyə şəhərinin qardaşlaşması barədə imzalanmış protokolun bütün müddəalarının uğurla yerinə yetirilməsi də bizim Sumqayıtı seçməyimizə əlavə təsir göstərib. Xatırladım ki, həmin sənədə uyğun olaraq Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəb yaradılıb, çoxsaylı mədəni tədbirlər həyata keçirilib.
Bu baxımdan prezidentin razılığı və dəstəyi olarsa, Zakir Fərəcovun Novosibirsk və Sumqayıtın qardaşlaşmış şəhərə çevrilməsi istiqamətində böyük işlər görə biləcəyinə, Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsinə müəyyən töhfələr verə biləcəyinə əminəm. Bununla bağlı, şəxsən mən Zakir müəllimlə görüşüb, söhbət etmişəm. O da bildirib ki, əgər cənab prezident tapşırıq verərsə, Novosibirsk və Sumqayıtın qardaşlaşmış şəhərə çevrilməsi ideyasını ən yüksək səviyyədə reallaşdırmağa hazırdır. Buna mən də şübhə etmirəm. Zakir müəllimin əvvəllər Abşeronda, bu gün Sumqayıtda apardığı işlər də bizim inamımızı artırır.

- Mirkazım müəllim, ancaq Zakir Fərəcovun fəaliyyətinə münasibət birmənalı deyil…

– Başa düşdüm nə demək istəyirsiniz, Zakir Fərəcovla bağlı bəzi saytlarda gedən yazılara işarə vurursunuz. Bilirsiniz, mən özüm də mətbuata yad deyiləm, 10 ilə yaxın Rusiyada qəzet redaktoru olmuşam. İndi də Novosibirskin ən populyar qəzeti olan “Moment istinı” qəzetində məqalələrim çap olunur, Azərbaycan həqiqətlərini çatdırıram. Bizim qəzetdə Qarabağ problemi, ökəmizlə bağlı məqalələr çap olunur. Yeri gəlmişkən, hazırda “Moment istinı” qəzetində Azərbaycanın görkəmli dövlət xadimi Ramiz Mehdiyevlə bağlı geniş həcmli məqalə hazırlanır.
Ancaq çox təəssüf ki, bu gün Azərbaycanda mətbuat yalnız həqiqətləri yazmır. Media orqanlarının, xüsusilə saytların sayı həddən artıq çoxalıb. Ancaq ciddi mətbuatın, cəmiyyətdə medianın vəzifəsini başa düşən jurnalistlərin sayı barmaqla sayılacaq qədər azdır. Əksər saytlar yalnız maddi maraqlarını təmin etmək məqsədilə yaradılır. Və kimlərisə “vurmaqla”, kimlərinsə sifarişini yerinə yetirməklə məşğul olurlar. Belə saytlardakı məlumatların hansının düz, hansının şantaj və yalan olduğu məlum deyil. Odur ki, nə Zakir Fərəcov, nə də başqa bir məmur haqda bu cür saytlarda gedən məlumatları ciddiyə almağı doğru saymıram. Kim bilir, kimin sifarişini yerinə yetiriblər. Təəssüf ki, bəzən ciddi məbuat orqanları da belə saytlarda gedən, əsli-astarı olmayan məlumatları tirajlayırlar. Bunu doğru hesab etmirəm. Çünki bununla həmin şəxsə hansı mənəvi zərbənin vurulduğunu təyin etmək mümkün deyil. Sabah həmin şəxs məhkəmə yolu ilə yazılanların yalan olduğunu sübut etsə belə, bu, ona dəymiş mənəvi ziyanı kompensasiya etmir. Həmin yalanı tirajlayanlar isə ümumiyyətlə məsuliyyət daşımır. Bu baxımdan mətbuatın məsuliyyəti artırılmalıdır. Əlbəttə, bu, o demək deyil ki, mətbuat tənqiddən uzaq durmalıdır. Tənqid vacibdir. Mətbuat əgər cəmiyyətdəki problemləri görüb susursa, onu mətbuat hesab etmək olmaz. Bu gün rəsmi qəzetlərdə, hakimiyyətə yaxın mətbuatda cox nadir hallarda tənqidi məqalələrə rast gəlinir. Sual olunur, niyə? Deməli, ya onların azadlığı əlindən alınıb, ya da bunu iqtidara “xidmət” hesab edirlər. Ancaq bu “ayı xidmətidir”. Məmur özbaşınalığını tənqid etmək lazımdır. Mən özüm də Fərhad Əliyevdən tutmuş, Nazim İbrahimova qədər, məmurların neqativ fəaliyyətini sərt formada tənqid etmişəm. Ancaq bir daha deyirəm, tənqid faktlara əsaslanmalı, konkret fəaliyyətə yönəlməlidir, şifarişli olmamalıdır. Bizdə isə mətbuatın böyük hissəsi sanki klanlara bölünüb, özündən olmayanı “vurmaqla” məşğuldur?

- Maraqlıdır, mətbutda hansı klanlar var?

– Elə ölkədəki klanlar mətbuatı da klanlara bölüblər. Bu gün Azərbaycanda hansı klanların mövcud olduğu heç kimə sirr deyil. “Naxçıvan klanı”nın, “Bakı klanı”nın, “Kürd klanı”nın mövcudluğuna dair fikirlərə hər gün rast gəlinir. Bəzən hətta bu klanların özləri də ayrı-ayrı vəzifəli şəxslərin ətrafında formalaşmş kiçik klanlara ayrılır. Ayrı- ayrı nazirlərin, iri ranqlı məmurların öz klanlarını formalaşdırdığına dair çoxsaylı iddialar var. Bu klanlar isə yalnız biznes strukturları və sahələri ilə kifayətlənməyib, artıq özlərinin ətrafında mətbuat, QHT-lər, ictimai-siyasi təşkilatlar saxlamağa başlayıblar. Hətta parlamentdə də öz “fraksiyalarını” formalaşdırıblar. Və onlar ətrafındakı bu qüvvələrdən, nəzarətindəki mətbuatdan rəqiblərinə qarşı istifadə edirlər. Hansısa vəzifəyə öz adamını gətirmək istəyirlərsə, nəzarətindəki mətbuata ona qarşı çirkin kampaniya aparmağı tapşırırlar. Bu isə çox təhlükəli tendensiyadır.
Hansısa məmurun klan liderinə çevrilməsi istər-istəməz onda hakimiyyət hərisliyi yaradır. Özü istəməsə belə, ətrafındakılar ona bunu təlqin edir, ondan daha yuxarıda olmağı tələb edirlər. Bu da onlarda hətta hakimiyyəti ələ keçirmək hərisliyi yarada bilər. Yəni, klanların həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsi onların hakimiyyəti tam ələ keçirmək fürsəti axtarmasına gətirib çıxara bilər.
Necə ki, vaxtilə Fərhad Əliyev belə bir iddiaya düşmüşdü. Uzağa getməyək, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovda da belə iddiaların yarandığı bildirilir. O da bir klan liderinə çevrilmiş, həddən artıq güc toplamışdı. Kim qarantiya verə bilər ki, digər klanların liderləri belə iddialara düşməyəcəklər? Vaxtında tədbir görülməzsə, onlar da belə iddialara düşə bilərlər.
Düzdür, bu iddiaların reallaşması heç vaxt mümkün deyil. Azərbaycan prezidenti xalqdan aldığı dəstəklə belə iddiaya düşənləri dərhal zərərsizləşdirmək gücündədir. Eldar Mahmudov və onun klanı ilə bağlı prezidentin atdığı qətiyyətli addımlar bunun əyani sübutudur. Vaxtilə xalq necə ümummilli lider Heydər Əliyev inanıb, onun ətrafında birləşmişdisə, bu gün də elə İlham Əliyevə inanır, onu dəstəkləyir. Klanlar da, onların liderləri də bunu başa düşməli, yanlış fikirlərdən uzaq durmalıdır. Mətbuatdan da öz rəqiblərini vurmaq üçün istifadə etməməlidirlər. İmkan verməlidirlər ki, mətbuat həqiqi ictimai nəzarət funksiyasını həyata keçirsin.

- İctimai nəzarətdən söz düşmüşkən, son vaxtlar bu aktual mövzuya çevrilir. Hətta dövlət qurumlarının tərkibində apellyasiya şuraları yaradılır. Eyni zamanda İctimai Nəzarət Komitəsi yaratmaq təklifləri var. İctimai fəaliyyətlə məşğul olan bir şəxs kimi Siz bununla bağlı nə fikirdəsiniz?

-Dövlət qurumlarının tərkibində apellyasiya şuraları yaradılsa da, bunun ciddi bir nəticə verəcəyini düşünmürəm. Çünki apellyasiya şuralarının üzvlərini də, rəhbərini də müvafiq təşkilatın rəhbərləri təyin edir. Yəni, bu özü hər şeyi deyir. Ancaq xüsusi olaraq İctimai Nəzarət Komitəsinin yaradlmasını da doğru saymıram. Keçmiş sovet təcrübəsi göstərir ki, əlavə nəzarətedici orqanın yaradılması yalnız rüşvət yığanların artmasına səbəb olur. İctimai nəzarəti elə ictimai təşkilatlar, media həyata keçirməlidir. Ancaq onların verdiyi məlumatların yoxlanılaraq tədbir görülməsinə nəzarət etmək və ya bu haqda ölkə rəhbərliyini məlumatlandırmaq üçün Prezident yanında İctimai Nəzarət komissiyasının və ya fondunun yaradılması məqsədəmüvafiq olardı. Bu halda həm məmurlar öz fəaliyyətlərində dönüş edər, xalqı incitməz, həm də mətbuat kiminsə haqqında yalan məlumatlar yaymaqdan çəkinər.(azpolitika.info)