backend

Raqub Məmmədovun “qaranlıq əməlləri”

Raqub Məmmədovun “qaranlıq əməlləri”

Son aylar məcburi köçkün rayonlarından biri olan Ağdam rayonu haqda dövrü mətbuatda silsilə tənqidi məqalələr işıq üzü gördükcə, o halda hər kəs bilib başa düşür ki, bu rayonun da dərdi uzun, yaraları isə sağalmazdır. Düzdür, digər rayonlar kimi Ağdamın da erməni daşnakları tərəfindən ələ keçirilməsi, təkcə ağdamlılar üçün deyil, bütövlükdə Azərbaycanımız üçün ən böyük itkilərdən biridir. Bu gün toxunacağımız problemlərin varlığına səbəb isə, yerli vəzifə sahiblərinin günahı ucbatından əmələ gələn problemlərin çoxluğudur ki, bunların da zülmünü, əmələ gətirdiyi iztirabı, daha çox sadə vətəndaşlar çəkməkdədirlər.

Azerinfo.az-a daxil olan məlumatda qeyd olunur ki, ümumiyyətlə, Ağdam rayonu ərazisində əmələ gələn problemlərin tüğyan etməsinə səbəb, rayon rəhbərliyinin həyata keçirdiyi yarıtmaz idarəçiliyin varlığıdır. Çünki, Raqub Məmmədov bu rayona rəhbər təyin olunduqdan sonra, Ağdamın problemləri aşıb daşdı, sadə ağdamlılar görünməmiş müsibətlərə düçar oldular. Adicə bir problemin varlığına toxunaq ki, rayon ərazisində aparılan tikinti işlərinə rəhbərlik edən və Üçoğlan kənd sakini olan Tahir Əliyevin vasitəsilə o, külli miqdarda pul yeyintilərini həyata keçirir. Bundan əlavə, bir neçə il bundan əvvəl xüsusi idarədə işləyərkən və ləqəbi “Qara qız” adı ilə məşhur olan Sədaqət xanımım nəvələrinin kirvəsi olan Raqub Məmmədov, məhz onun vasitəsilə gözəgəlimli xanımları ələ keçirə bilir. O, bu gün daşıdığı vəzifəsinə güvənərək, rayonun ən böyük qəsəbələrinin birində icra nümayəndəsi vəzifəsini daşıyan xanımla (müəyyən səbəblər üzündən hələlik adını çəkmirik) “dostluq” edir. Bütün bunlardan əlavə, Raqub Məmmədovun əməkdaşlıq etdiyi şəxslərin daha çoxu, Müsavat Partiyasını təmsil edən şəxslər olduğu da söylənilir.

İcra başçısı vəzifəsini daşıyan Raqub Məmmədovun rayonun idarə, müəssisə, təşkilat rəhbərlərindən və.s hər ay “haqq-hesab” toplaması, onları zinhara gətirməsi, bezdirməsi haqda da müəyyən məlumatlara malikik. O, rayonun əvvəlki təhsil şöbəsinin müdirini gözümçıxdıya saldı və çox keçmədi ki, Elmira xanımın daşıdığı vəzifəsinə “əlvida” deməsinə də səbəb oldu. Az sonra isə, Mətanət Misirxanovadan külli miqdarda “haq-hesab” alıb, onu rayonun təhsil şöbəsinə müdir də təyin etdirə bildi.

O, belə bir addımlarından əlavə, Qəbələ Diaqnostika Mərkəzindən qovulan və vaxtilə Yevlax səhiyyəsində cərrah işləyən, olduqca pul hərisi olan Bəxtiyar Haqverdiyevdən də külli miqdarda pul alaraq, onu rayonun səhiyyəsinə rəhbər təyin etdirə bildi. Faciəli hal odur ki, vaxtilə Ağdam səhiyyəsini “bazara çevirən”, bənzəri olmayan saxtakarlıqlara imza atan Gülnaz Abbasova daşıdığı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, görəsən Raqub Məmmədov sağlam bir kadr tapmadımı ki, Ağdam səhiyyəsinə vaxtilə “dəllallıq” edən bir şəxsi rəhbər təyin etdirdi? Belə bir səbəblər üzündəndir ki, bu gün Ağdam səhiyyəsi ağır günlərini yaşayır. Adicə bir məqama diqqət yetirək ki, Bəxtiyar Haqverdiyev Ağdam səhiyyəsinə rəhbər təyin olunduqdan az sonra, təqribən 470 nəfər ixtisara salındı ki, bu da çoxsaylı insanların haqlı narazılığına səbəb oldu.

Azerinfo.az-a daxil olan məlumatda qeyd olunur ki, digər tərəfdən onu da vurqulayaq ki, Raqub Məmmədov Dövlət Təhlükəsizlik Xidməti İdarəsinin Tərtər rayon şöbəsinə rəhbərlik edən zaman, müəyyən səbəblər üzündən istefaya göndərilir. Az sonra ona yaxın qohumu və həmkəndlisi olan Dəmir adlı şəxs köməklik edərək, onu yenidən DTXİ-nin strukturuna bərpa etdirir. Yəni, Dəmir adlı şəxs Eldar Mahmudovun Batamdartdakı maşın bazarına rəhbərlik edən zaman o, Eldar Mahmudovdan Raqub Məmmədovun işinə bərpa olunmasını xahiş edir və belə bir yolla o, onu yenidən işinə bərpa olunur.

Bir məqama da toxunaq ki, həmin illərdə Raqub Məmmədov Tərtərdə icra başçısı işləyən, sonra isə Kürdəmir rayonuna icra başçısı göndərilən Ceyhun Cəfərovun qayınlarından birinin vasitəsilə çox keçmir ki, Eldar Mahmudova yol tapır və Ağdam rayonuna icra başçısı təyinatı da ala bilir. Onun belə bir təyinatında Ceyhun Cəfərovun rabitə nazirliyi strukturunda işləyən digər qaynının da (hal-hazırda onun qaynının hər ikisi həbs olunublar) vasitəçilik etdiyi də söylənilir. Bu gün Ağdamda icra başçısı işləyən Raqub Məmmədov rayonu “bazar”a çevirib, süni qarşıdurmaların əsasını yaradıb. Bir şəxs ki, Eldar Mahmudovun kadrı ola, ondan hansı vətənpərvərlik, prezidentə hansı sədaqətlik hissini gözləmək olar? Axı, bir müddət bundan əvvəl, hər kəs Eldar Mahmudovun da bu ölkəyə, bu xalqa olan “vətənpərvərlik hissini” gördü, onun əməlləri hər kəsə bəyan oldu. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bu gün Raqub Məmmədov özünə güclü himayədar axtarışındadır. Hətta verilən məlumatlarda o da bildirilir ki, onun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə yollar axtarması da, deyəsən yavaş-yavaş özünü doğrultmaqdadır. Bəzi mənbələr isə bildirir ki, onun bugünkü müdafiəşisi Prezidentin İcra Aparatında şöbə müdiri vəzifəsini daşıyan şəxslərdən biridir.

Raqub Məmmədovun KİV nümayəndələrinə qənim kəsilməsi də, bugünün daha çox müzakirə olunan mövzularındandır. Belə ki, o, bir müddət bundan əvvəl Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri Nağıyev Mübariz Nuru oğlunu da həbs etdirdi. Buna səbəb o olur ki, Mübariz Nağıyev Ağdam rayonu ərazisində tüğyan edən sosial problemləri daha çox qabardırdı, Raqub Məmmədovun qohumbazlığa, dostbazlığa, yerlibazlığa söykənən və əksər ağdamlıları uçruma sürükləyən idarəçiliyini daim tənqid atəşinə tuturdu. Bu yolla o, icra başçısının hansı idarəçiliyə, hansı əqidəyə, hansı yanaşmaya sahib olduğunu geniş ictimaiyyəti diqqətinə də çatdırırdı. Raqub Məmmədov onun əməllərini ifşa edən Mübariz Nağıyevin həbsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsini daşıyan Elxan Süleymanovun vasitəsilə həyata keçirə bildi. Bəli, bu gün Mübariz Nağıyevin Gəncə Müvəqqəti Saxlama Təcridxanasında saxlanılır. Onun “məhkəmə prosesinə sən gecikmisən” adı altında həbs olunması, heç bir məntiqə sığası hal deyil. Belə bir addımın atılması, görünür Raqub Məmmədov tərəfindən verilən sifariş əsasında baş tutub. Hal-hazırda məhkəmə prosesi davam edir. Raqub Məmmədovun sifarişinə baxmayaraq, keçirilən məhkəmə prosesində haqq-ədalətin qorunacağına hələlik inanırıq. Əgər Mübariz Nağıyevlə bağlı qərəzli məhkəmə hökmü çıxarılarsa, o halda problemin varlığını daha geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq.

Araşdırmamız davam edəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.