backend

Bakının mərkəzində sabiq məmuru “Kalaşnikov”la güllələdilər – 40 min manatlıq SİFARİS

Bakının mərkəzində sabiq məmuru “Kalaşnikov”la güllələdilər – 40 min manatlıq SİFARİS
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtın Binəqədi rayonunda törədilən cinayət hadisəsi ilə bağlı birgə açıqlama yayıb. qaynarxett.az xəbər verir ki, paytaxtın polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayət hadisəsinin üstünün “isti izlər”lə açılması təmin edilib. Belə ki, aprelin 11-də saat 05:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə torədildikdə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, Hüseyn Qasımovu 40.000 manat müqabilində öldürmələri barədə razılığa gəlib, aprelin 11-də sonuncunun yaşadığı ünvana gəliblər. Hüseyn Qasımov binadan çıxıb avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli qanunsuz olaraq gəzdirdiyi “Kalaşnikov” markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib. Lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib. Bundan başqa, Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olub Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edib, külli miqdarda pulunu ələ keçirərək dələduzluq ediblər. Bakı şəhər prokurorluğunun İstintaq idarəsi tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Ramil Hüseynli, Günel Süleymanova və Rasim Süleymanov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunub. Ramil Hüseynli 29,120.2.1 (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürməyə cəhd), 29.120.2.5 və 228.1-ci, Günel Süleymanova Cinayət Məcəlləsinin 29,120.2.1, 29.120.2.5 və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), Rasim Süleymanov isə 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd “AKM” markalı avtomat silah və ona aid içərisində 22 ədəd patron olan 1 ədəd daraq aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, güllə yarası alan Hüseyn Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib. Günel Süleymanova istintaqa ifadəsində bildirib ki, sabiq məmur onu zorlayıb: “Məqsədim onu qorxutmaq idi. Mən deməmişdim ki, avtomatdan istifadə edilsin. Dedim ki, qorxudun”. Daha sonra Günel Sahib adlı tanışına hadisə ilə bağlı məlumat verərək, ondan kömək istəyib: “Dedim ki, qisas almaq istəyirəm. O da cavab verdi ki, bir dostum var, ona deyərəm”. Adam oğurluğuna görə 12 il həbsdə yatan 33 yaşlı Ramil Hüseynli hadisə zamanı istifadə etdiyi “AKM” markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla aldığını deyib. O, bu hadisəni törətmək üçün Günel Süleymanovadan 40 min manat alacaqmış.