backend

General Vüsal Novruzov – Pul onun Allahıdır – GÖMRÜYÜN ƏFSANƏSİ

General Vüsal Novruzov – Pul onun Allahıdır – GÖMRÜYÜN ƏFSANƏSİ
Sərxoş içkidən, qubarbaz qumardan əl çəkə bilmədiyi kimi, o da öz vərdişindən əl çəkə bilmir. Əgər siz paytaxt Bakıya hansısa məhsulu gətirsəniz – fərqi yoxdur, bu məhsul sizə öz şəxsi istifadəniz və ya satış üçün lazımdır – bu və ya digər şəkildə mütləq onunla qarşılaşaqsınız.
Vüsal Novruzov: Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti genral-mayoru, yaxud“monopoliya kralı”. İnsanlar, xüsusilə sahibkarlar arasında o, nə vəzifəsinə, nə də rütbəsinə görə deyil, məhz sonuncu ifadə ilə tanınır. /Yenilik.Az/
“Pul onun Allahıdır”, məşhur ifadədə deyildiyi kimi, Vüsal Novruzov pula olan sevgisi, daha dəqiq desək, hərisliyi ilə də məşhurlaşıb.
“Sərxoş içkidən, qubarbaz qumardan əl çəkə bilmədiyi kimi, o da öz vərdişindən əl çəkə bilmir”.
Onun vərdişi puldur. Amma “Vərdişlərin zənciri əvvəl hiss edilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olar”. Gömrük genral-mayoruna məşhur ingilis diplomatı Benjamin Dizraelinin sözləri ilə yanaşsaq, onun başında “pul” olan, möhkəm zəncirlərlə bağlı saysız-hesabsız vərdişlərini görmək olar.
– Monopoliya
– Gömrük maxinasiyaları
– “Rüsum” icad etmək
– Qeyri-leqal yolla əldə olunan pullar hesabına yaradılmış şəxsi biznes
– Qumar sevdası.
Bu siyahını kifayət qədər uzada bilərik. Amma mənzərə yetərincə aydındır. Gömrük generalı baş vərdişi olan pulu qazanmaq üçün hər cür qanunsuz yola, hətta qumara belə əl atmaqdan çəkinmir.
Misal üçün, ötən ilin noyabr ayında mediada maraqlı bir informasiya yayıldı: Vüsal Novruzov hər ay iki dəfə Tiflisdə qeyri-rəsmi səfərə gedir. Məqsəd gürcülərin paytaxtında addımbaşı rast gəlinən kazinolarda qumar oynamaqdır. Məlumata görə, V. Novruzov bir müddət öncə Tiflis kazinolarının birində 5 milyon dollar pul uduzub. Məlumata görə, gömrük generalı “qumar borcunu” gömrük rüsumlarının artırmaqla və gömrükdən büdcəyə ödənişləri kəsməklə ödəyib. Hətta onun qumara ödədiyi pulu bərpa etmək üçün sərəncamında olan işçilərin əmək haqlarında qeyri-rəsmi şəkildə tutduğu da iddia olunur.
Azərbaycan xalqının pulunu qumara qoyan gömrük generalı.
Vüsal Novruzovun gömrük maxinasiyaları saysız-hesabsızdır. Məlumatlara görə, o, bunu “Aqroazerinvest” kimi şirkətlər vasitəsilə həyata keçirir. Belə ki, ölkəyə gətirilən məhsulların böyük bir qismi belə şirkətlər üzərindən sənədləşdirilir və həm dövlət rüsumundan yayındırılır, həm də rüşvətlər əldə edilir.
Mexanizm, yaxud maxinasiya forması: Əgər hansısa sahibkar xarici ölkədən Azərbaycana istənilən məhsulu gətirirsə, əvvəlcə ona maneələr yaradılır. Daha sonra Vüsal Novruzovun komandası dövriyyəyə girir və sahibkarın “işini asanlaşdırmaq”məqsədilə ondan rüşvət istənilir. Bu da dövlət rüsumunun 10 qatı qədərdir. Misal üçün, 2000 dövlət rüsumu olan məhsula 20000 rüşvət tələb olunur. General- mayorun nəzarətində olan “Aqroazerinvest” haqda yayılan məlumatlara görə, bu şirkət maklerlik edir. Yəni gömrükdə buraxılmayan malların keçirilməsi üçün qeyri-leqal işi həyata keçirir. Təbii ki, dövlət rüsumunun 10 qatı hesabına.
Məlumata görə, sonuncu devalvasiyadan sonra V. Novruzovun əsas gəlir mənbələrindən olan “Broker” MMC ləğv edilsə də, gömrük generalı eyni mexanizmi digər şirkətlər üzərindən həyata keçirir.
Halbuki, Prezident İlham Əliyevin sahibkarlara yaradılan maneələrə qarşı sərt çıxışları son dövrlər gündəmin əsas mövzusudur. “Broker” MMC ləğv edilməsində əsas məqsəd də bu idi. Amma V. Novruzov tabeliyindəki sahədə nə dövlət rəhbərinin tapşırıqlarına məhəl qoyur, nə də sahibkarlardan aldığı qeyri-leqal rüsumları azaldır. Əldə etdiyimiz məlumata görə, əksinə son dövrlər V. Novruzov sahibkarlardan tələb etdiyi rüşvəti o qədər artırıb ki, heç bir sahibkar ölkəyə mal gətirmək istəmir.
“Ölkəyə idxal mallarının azalmasının əsas səbəblərindən biri də budur. Dövlət başçısı biz sahibkarlara hər cür şərait yaradılması tapşırığını versə də, V. Novruzovu“görmədən” bir kibrit çöpünü belə paytaxta gətirə bilmirik. Bu da idxalı azaldır. İdxal azalanda da “defisit” olur, beləcə mağazalardakı məhsullar bahalaşır”, – deyə adının çəkilməsini istəməyən sahibkarlardan biri bizimlə söhbətində bildirib.
(Qeyd edək ki, sözügedən sahibkar V. Novruzovun onun həyatına təhlükə yaradacağından qorxduğu üçün adının açıqlanmasını istəmir).
Lakin belə görünür ki, dünyadakı iqtisadi çətinliklərin Azərbaycana təsirlərini minumuma endirmək üçün gecə-gündüz çalşan dövlət rəhbərinin siyasəti və verdiyi göstərişlər Vüsal Novruzov üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, o, qanunsuz addımları və “pul sevgisi” ilə Prezidentin xalqın rifahının yaxşılaşdırılması siyasətinə maneələr yaradır.
Vüsal Novruzovun monopoliyası bununla bitmir. Onun məşhur olan ən az üç monopoliya sahəsini təqdim edə bilərik.
Dekorativ ağac, mərmər və sement
Paytaxtda, eləcə də respublikanın digər rayonlarında büdcədən ayrılan pullarla aparılan abadlıq işində istifadə olunan dekorativ ağaclar məhz V. Novruzov tərəfindən ölkəyə gətirilir. Bu biznes gömrük generalının cibinin şişməsində böyük paya sahibdir.
V. Novruzovun əsas gəlir sahələrindən biri də ölkəyə mərmər gətirənlərə qoyulan “rüsumdur”. Məlumatlara görə, xüsusilə İrandan gətirilən mərmərlərin hər tonuna görə Bakı gömrüyünün rəisi 1000 manata qədər rüşvət tələb edir. Nəzərə alsaq ki, mərmərin çəkisi ağırdır, o zaman, hər partiya mərmər üçün V. Novruzovun aldığı rüşvət yüz min manata qədərdir.
Və sementin gətirilməsində də isə fərqli prinsip işləyir. İddialara görə, V. Novruzov ölkəyə sement gətirilməsini monopoliyaya alıb. Əgər hansısa sahibkar buna cəhd etsə, onun qarşısı elə gömrük keçid məntəqəsində alınır. Əldə etdiyimiz məlumata görə, V. Novruzov ölkəyə ildə təxminən yarım milyon ton sement gətirir və bu sement dövlət sifarişi ilə inşa olunan obyektlərə satılır. Yəni dövlət büdcəsinin vəsaiti beləcə V. Novruzovun cibinə axır.
Əslində bu məlumatlar o qədər də gizli deyil. Özünü Bakı gömrüyünün ağası hesab edən və bu cür davranan V. Novruzov haqda yerli mediada zaman-zaman bu tipli məlumatlar yayılıb.
“Miq.az”-ın əldə etdiyi məlumat isə V. Novruzovun birbaşa dövlətçiliyə qarşı atdığı addımla bağlıdır.
“Manatın ikinci devlavasiyasından sonra Vüsal Novruzovun monopoliyaya aldığı sahələrdə çətinlik yaranıb. Dövlət rəhbəri sahibkarlara geniş imkanlar yaratmaq üçün atdığı addımlar V. Novruzova sərf etmir. O, ölkədən getmək haqda düşünür və qeyri-leqal yollarla, sahibkarları soymaqla əldə etdiyi milyonları artıq xaricə çıxarmağa başlayıb. Son dövlər Vüsal Novruzov sahibkarlardan daha böyük miqdarda rüşvət tələb edir. Məqsədi ölkədən qaçmamışdan əvvəl daha çox pul qazanmaqdır”, – deyə V. Novruzova yaxın mənbə bildirir.
Bu, faktiki olaraq dövlət büdcəsinin və ona verilən səlahiyyətlərin hesabına varlanan gömrük generalının birbaşa ölkə rəhbərliyinə, eləcə də dövlətə xəyanətidir.
P.S. General-mayor Vüsal Novruzovun Prezident İlham Əliyevin sahibkarların fəaliyyətinə daha yaxşı şəraitin yaradılması üçün apardığı siyasətə qarşı atdığı addımlar haqda növbəti araşdırmalarımız olacaq.

QAYNARXETT.İNFO