backend

Kredit borcu olanların nəzərinə VACIB MƏLUMAT

Kredit borcu olanların nəzərinə VACIB MƏLUMAT

Banklarla vətəndaşlar arasında kreditin ödənilməməsi ilə bağlı problemlər bitib-tükənmir. Kredit faizlərinin yüksək olması, devalvasiyalar, azərbaycanda iqtisadi durumum ağırlaşması və digər amillər problemli kreditlərin sayını daha da artırır

Əksər hallarda məcburiyyət qarşısında qalaraq götürülən kreditlərin qaytarıla bilməməsi çoxsaylı məhkəmə işlərinə səbəb olur. Məhkəməyə qədər isə banklar bütün vasitələrdən istifadə edərək, kreditlərin ödənilməsinə nail olmağa çalışırlar. Banklar bu kimi hallardan özünü sığortalamaq üçün kredit götürənlərdən azı bir nəfərin zamin durmasını tələb edirlər. Bu zaman banklar maaşını həmin bankın kartı vasitəsilə alan şəxslərin zamin olmasına üstünlük verirlər. Kreditin qaytarılmaması zamanı borcun ödənilməsi birbaşa zaminin maaş kartına yönəldilir.

qaynarxett.az bildirir ki strateq.az zaminin kredit ödəninşinin birbaşa maaş kartına yönəldilməsi qanuna uyğun olu-olmamasını araşdırıb.

Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, bu, yalnız müqavilədə nəzərdə tutulduğu halda mümkündür. "Zaminin maaşı həmin bankda olduqda, zaminlik müqaviləsində bank göstəribsə ki, kredit götürən pulu ödəməsə, tutulmanı birbaşa maaş kartından həyata keçirəcək, bu halda həmin addım atıla bilər. Ancaq zamin bu problemdən can qurtara bilər. Zamin ərizə ilə iş yerinə – işəgötürənə müraciət etməlidir ki, əməkhaqqının verilməsi forması dəyişdirilsin. Yəni həmin bankda olan kartını bağladaraq, ya maaşı nağd şəkildə alır, ya da başqa bankda hesab açaraq ora ödənilməsini istəyir. İşəgötürən də bundan heç bir halda imtina edə bilməz. Çünki Əmək Məcəlləsinə görə işəgötürən əməkhaqqını işçinin istədiyi formada ödəməlidir. Belə olan halda bank onun maaşından tuta bilməyəcək və məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq. Bank iddianı həm borcluya, həm də zaminə qarşı qaldıra bilər. Bu zaman hətta ondan tutulma ilə bağlı məhkəmə qərarı olsa belə, əməkhaqqının tam alınması mümkün deyil. Bu zaman ailə üzvlərinin sayına uyğun olaraq yaşayış minimumu hesablanacaq və artıq qalan məbləğ tutulmaya yönələ bilər” – deyə Ə.Həsənov bildirir

Ekspertin sözlərinə görə, əksər hallarda zaminlik müqaviləsində onun müddəti göstərilmir. "Müqavilədə qeyd edilir ki, kredit ödənilənədək zaminlik qüvvədədir. Məsələn, kredit müqaviləsinə görə kreditin müddəti 1 ildir. Borclu krediti ödəmir. Kreditin müddəti bitəndən 2 il sonra bank borclunu və zamini məhkəməyə verir və kreditin ödənilməsini tələb edir. Bank bunu onunla əsaslandırır ki, borcluya münasibətdə iddia müddəti (3 il) ötməyib, zaminin öhdəlik müddəti isə kredit tam ödənilənədəkdir. Əslində bu yanlış yanaşmadır. 3 illik iddia müddəti ötməyibsə, doğrudan da bank borcludan krediti tələb edə bilər. Lakin bunun zaminə aidiyyəti yoxdur. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin birinci cümləsinə əsasən zaminliyə xitam verilməsinin əsaslarından biri də budur: "Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda".

Müddət nədir? Mülki Məcəllənin 367.2-373.3-cü maddələrində deyilir: "Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər".

Deməli, müddət ya dəqiq tarix olmalı, ya da "hökmən baş verməli olan hadisə"yə bağlı olmalıdır. Borclunun krediti tam ödəməsi hökmən baş verməli olan hadisə deyil. Çünki kredit ödənilməyə də bilər. Deməli, zaminlik müqaviləsində zaminin öhdəliyinin borclunun kreditinin tam ödənilməsinədək qüvvədə olması haqda müddəa etibarsızdır və bu, o deməkdir ki, zaminlik müqaviləsində onun müddəti göstərilməyib. Bu halda da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsi işə düşür: "Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir". Deməli, əgər kreditin müddəti 1 ildirsə, həmin 1 il bitəndən sonra bank zamindən borcun ödənilməsini yalnız 1 il ərzində tələb edə bilər.

"Başqa sözlə, yuxarıda gətirdiyim misala qayıtsaq, bank həmin müddəti artıq buraxıb. Buna görə də zaminliyə xitam verilib və zamindən heç nə tələb etmək olmaz. Buna görə də zaminlər ilk növbədə kredit müqaviləsinə baxsınlar ki, kredit hansı müddətə verilib. Həmin müddətdən sonra 1 il ötübsə, özlərini zaminlik öhdəliyindən azad hesab etsinlər və bankdan da bunu tələb etsinlər" – Ə.Həsənov bildirdi.