backend

Bu il qəbul imtahanları necə keçiriləcək?

Bu il qəbul imtahanları necə keçiriləcək?
TQDK-nın ləğv olunması, Dövlət İmtahan Mərkəzinin yaradılması, təhsil nazirinin və bir çox ekspertlərin mediada çıxış edərək, testin təkmilləşdirilməsi məsələsini müzakirə etməsi, buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi kimi təkliflər insanlarda çaşqınlıq yaradıb.

Hazırda ən çox səslənən suallardan biri bu il və gələn il imtahanların necə olacağı, hansı qaydada keçiriləcəyidir? Bu il imtahan qaydalarında dəyişiklik ola bilərmi? Buraxılış imtahanları ilə qəbul imtahanları birləşəcəkmi?

Musavat.com-un suallarını cavablandıran “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, bu il nə qəbul, nə də buraxılış imtahanlarında heç bir dəyişiklik olmayacaq: “Əslində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Mir Şahinin “Hesabat” verilişindəki müsahibəsi ilə bütün mətləblərə aydınlıq gətirdi. Əslində imtahan prosesində hansısa dəyişiklik mümkün deyildi. Dövlət İmtahan Mərkəzinin yaradılmasından əvvəl buraxılış və qəbul imtahanlarının keçirilməsinin məntiqi ardıcıllığı gözlənilən kimi idi. Yeni qurumun yaradılması nə testin, nə də imtahanların formasının dəyişdirilməsini nəzərdə tutmur. Bu qurumun nizamnaməsindən görünür ki, biliklərin qiymətləndirilməsi istiqamətində yerli və beynəlxalq tələblər gözlənilməklə yanaşı, həm də mütərəqqi tendensiyalar nəzərə alınacaq”.
Ekspert qəbul və buraxılış imtahanlarının birləşdirilməsi üçün zamana və bir çox islahatlara ehtiyac olduğunu dedi:
“Mərkəzin sədri ilk dəfə olaraq, gələcəkdə buraxılış və qəbul imtahanlarının vahid imtahan şəklində keçirilməsinin konturlarını da açdı. Bu, elə də sadə proses deyil. Bunun üçün orta təhsildən müsbətə doğru böyük gözləntilər tələb olunur. Mərkəzin rəhbəri haqlı olaraq bildirdi ki, məktəblər buna hazır deyil. Məktəblərdə keyfiyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlər buna xidmət etməlidir. Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir. Əlbəttə ki, bütün bu işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə çalışmaları nəticəsində səmərə verə bilər. Məsələn Mərkəz tərəfindən dərsliklərin monitorinqi, monitorinq imtahanlarının təşkili və buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyinin işinə kömək məqsədi daşıyır. İmtahanların birləşdirilməsi üçün məktəblər hazırlaşmalıdır. Bunun üçün məktəblər qiymət şişirdilməsini tərgitməli, repetitor institutunun zəifləməsi yönündə sanballı işlər aparmalı, dərsə davamiyyət məsələsində məsuliyyət daşımalı və müəllimlərin təkmilləşməsində maraqlı olmalıdır”.

Etibar Əliyev Məleykə Abbaszadənin ixtisarların olacağı barədə fikirlərini belə şərh etdi:“Qurumların birləşməsi zamanı ixtisarlar mümkündür. Ancaq Mərkəz yaradılmamışdan əvvəl də biz ekspert olaraq TQDK-nın iş prinsipinə bələdik. Bu qurum işi bilən insanları həmişə dəyərləndirib. Bunun hesabına çevik və rasional idarəçilik institutu yarada bilib. İdarəetmənin bu fəlsəfəsi yeni yaradılmış quruma daşınmalıdır. Ola bilsin ki, paralelliyin aradan qaldırılması üçün departamentlərdə dəyişikliklər olsun, yaxud istiqamətlər üzrə işin icrasında təkrarçılığın aradan qaldırılması üçün ixtisarlar aparılsın. Bu, təbii qəbul olunmalıdır”.
Nərgiz LİFTİYEVA,
Musavat.com