backend

Avropa Parlamentində Azərbaycana zərbə

Avropa Parlamentində Azərbaycana zərbə
Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupu Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması ilə bağlı qətnamə qəbul edib

Sənəd fraksiyanın iyunun 4-də keçirilmiş yığıncağında qəbul olunub. İclasda qəbul olunmuş altı qətnamənin 3-ü Cənubi Qafqazla bağlı olub.

“Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək: Avropa institutlarına çağırış” adlanan qətnamədə ALDE qrupu səsvermə hüququnun dayandırılması ilə yanaşı, Avropa Parlamentinə Azərbaycana qarşı sanksiya tətbiq etməyi təklif edib…

Xatırladaq ki, bundan qabaq – iyunun 2-də Prezident İlham Əliyev Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul etmişdi.

Həmin görüşdə prezident İlham Əliyev Avropa Parlamenti ilə əlaqələrin pozulmasında qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin əsas rol oynadığını bildirərək, qeyd edib ki, təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub: “Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib”.

Prezident bildirib ki, qurumun ən yüksək rütbəli şəxsləri – prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub.

Prezident İlham Əliyev bildirib ki, bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb.

Bütün bunlarla bərabər, Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu bildirən dövlət başçısı onların məsələlərə obyektiv yanaşdıqlarını deyib, ötən ilin sentyabrında son qətnamənin qəbulu zamanı Azərbaycana böyük dəstək nümayiş etdirilməsinin önəmini vurğulayib. Prezident İlham Əliyev bildirib ki, Avropa Parlamentinin bəzi rəhbər şəxslərinin ədalətsiz anti-Azərbaycan qətnamələrinin qəbulunda tutduqları mövqe Avropa Komissiyasının mövqeyinə ziddir.

İlham Əliyev bildirib ki, Avropa Parlamentinin bəzi rəhbər şəxsləri və anti-Azərbaycan qruplaşmaları öz ədalətsiz mövqeləri ilə sadəcə olaraq Avropa-Azərbaycan əlaqələrini pozmaq istəyirlər və nə qədər ki, bu destruktiv qüvvələr öz siyasətində düzəlişlər etməyəcəklər, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyil.

Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu deyib və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə edib.

Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığına dair hesabat hazırladıqlarını bildirən Norika Nikolai qeyd edib ki, ölkəmizə səfərində məqsəd bu hesabatla bağlı yekun fikir mübadiləsi aparmaqdır…

İndi ALDE qrupunun Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması və ölkəmizə sanksiya tətbiqi təklifiylə çıxış etməsi ortaya çıxarır ki, Bakıdakı danışıqlar baş tutmayıb və Avropa Parlamenti heç də Azərbaycanla əlaqələrin bərpa olunmasında maraqlı deyil. Ya da ola bilsin, hansısa qüvvələr bu əlaqələrin bərpa olunmaması üçün aparılan danışıqların pozulmasına çalışırlar…