backend

Azərbaycan səhiyyəsinin yeni uğurları

Azərbaycan səhiyyəsinin yeni uğurları

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev hələ illər öncə hakimiyyətə gələrkən səhiyyə bölməsində uzunmüddətli dinamik inkişafa səbəb olan islahatların dərin təməllərini yaradıb. Ulu öndər hakimiyyətinin bütün mərhələlərində səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bu gün bir çox respublikalardan irəlidə dayanıb.

Son illər Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2014-cü ildə də böyük işlər həyata keçirilib.
Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır. Belə ki, 2014-cü ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil etmişdir. Təbii artım 12,5 olmuşdur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 5 ildə 2 dəfədən çox artırılmışdır. Bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan vermişdir. Təkcə bu il ərzində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. Sevindirici haldır ki, Bakı Sağımlıq Mərkəzinin, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.
Həyata keçirilən bu və digər genişmiqyaslı tədbirlər nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 5 il ərzində 2 dəfə yüksəlmişdir. İl ərzində ambulator müraciətlərin sayı da artaraq 2009-cu ildən bəri 30 % çoxalmışdır.
Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur. Bunlardan, ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm və sair prioritet sahələr üzrə hal-hazırda 11 dövlət proqramı çərçivəsində işlər davam etdirilir.
Ana və uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən vacib istiqamətlərdən olduğu üçün “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanunu və Dövlət Proqramı, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqram”ları qəbul edilib. İlkin məlumatlara əsasən 2014-cü ildə uşaqların 90%-dən çoxu müayinələrlə əhatə olunmuşdur. Tibbi müayinədən keçirilmiş uşaqların 3,4%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 5,1% -ı isə müalicə tədbirlərinə cəlb edilmişlər.
Son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Respublikamızda həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika əldə edilmişdir. Əgər 2009-cu ildə respublikada körpə ölümü göstəricisi 11,3 promilli idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enmişdir. Ana ölümü əmsalı hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olmuşdur.
Eyni zamanda onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması səbəbindən bu xəstəliklərdən ölüm göstəricisi 2013-cü illə müqayisədə hər 100 min nəfərə 68,7-dən 64,0-dək azalmışdır. Bu vacib sahədə görülən tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə onkoloji xəstəliklərə qarşı mübarizəyə dair Dövlət Proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilmişdir.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2009-cu ildə 19,6 ton qan tədarük edilmişdirsə 2014-cü ildə isə bu rəqəm 33 tona çatdırılmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.
Talassemiya və hemofiliyalı xəstələrin müalicəsində də müsbət nəticələr əldə edilmişdir. Bu xəstələrin normal həyat fəaliyyətinin təmin olunması üçün müvafiq şərait yaradılıb, onların ömür müddəti uzadılıb və son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.
2014-cü ildə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılıb. Talassemiya ilə mübarizə sahəsində nikaha daxil olmaq istəyən şəxslərin öncədən tibbi müayinədən keçməsi kimi tədbirləri özündə əks etdirən “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” cənab Prezident tərəfindən fərman imzalanmışdır.
Son illər Azərbaycan səhiyyəsinin sürətlə inkişaf edən sahələrindən biri də kardiocərrahiyyə sahəsidir. İndi Azərbaycanda birgünlük körpə üzərində də açıq ürək əməliyyatı aparmaq mümkündür. 2014-cü ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 1684-dən çox açıq ürək əməliyyatı icra olunmuşdur.
“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2014-cü ildə Tədbirlər planı təsdiq edilmiş və bu gün uğurla həyata keçirilir. Bu gün Respublikada nəinki idarəolunan, eləcə də bir sıra digər infeksiyaların profilaktikası üzrə nəzərəçarpan nailiyyətlər qazanılmış və respublikada epidemioloji sabitlik təmin edilmişdir. Profilaktik peyvənd işlərinin beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsi nəticəsində, hətta Avropa ölkələri arasında müasirliyi ilə seçilən milli peyvənd təqviminə əsasən uşaqlar 11 xəstəliyə qarşı peyvənd edilirlər.
Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunmuş və hətta ötən illə müqayisədə bu il ilkin xəstələnmə təxminən 8% azalmışdır. Bu xəstəlikdən ölüm hallarının sayı da azalmışdır.
Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Belə ki, Respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür.
Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyənin inkişafı da 2014-cü ildə nazirliyin diqqət mərkəzində olmuşdur. Hazırda respublika üzrə 600-dən çox özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. İl ərzində 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar olunmuş, 75 halda cərimə tətbiq edilmiş, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 4 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülmüşdür.
Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və müraciətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülmüşdür. İl ərzində Səhiyyə Nazirliyinə daxil olmuş 19 mindən artıq müraciətə baxılmışdır. Bununla yanaşı, poçt vasitəsilə 645 ərizə və müraciətlərə, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 528 məlumat araşdırılmışdır.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri tərəfindən bu il Respublikanın 12 regionunda vətəndaşların qəbulu təşkil olunmuşdur. Keçirilmiş qəbulda ümumilikdə 358 vətəndaş iştirak etmişdir.
Bütün bunlar 2014-cü ilin səhiyyəmiz üçün uğurlu keçdiyini deməyə əsas verir. Azərbaycan səhiyyəsi inamlı addımlarla irəliyə doğru gedir. Bu sahədə qazanılan uğurlar gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır.

Həsənov Həmzə,
2 saylı Bakı Dəmiryol Poliklinikasının baş həkimi