backend

SAMAXIDA ARA QARIŞDI - Fermerlər aksiyaya baslayır

SAMAXIDA ARA QARIŞDI -  Fermerlər aksiyaya baslayır
Bir qrup sahibkar rayon İcra Hakimiyyətinin özbaşınalığından şikayətçi düşüblər

Şamaxıdan olan fermerlər Toğrul Salahov, Əzizbaba Fətullayev, Vahid Əhmədov, Ağamikayıl Cəbrayılov və Məzahir Hacıyev üzləşdikləri problemdən dolayı mediaya üz tutublar. Politika.Az-a açıqlama verən sahibkarlar bidirirlər ki, Şamaxı rayon İcra Hakimiyyəti onların başına oyun açır, imkanlarını genişləndirməyə şərait yaratmır. Daha doğrusu, buna əngəl olur.
Onlar bildirirlər ki, dəfələrlə Kənd Təsərrüfatı Nazirliyində olublar, müvafiq dövlət qurumlarına şikayət ediblər, lakin heç bir xeyri olmayıb. «Bizim şikayətləri Şamaxı İcra Hakimiyyətinə göndərirlər ki, araşdırsınlar. İcra başçısını qınamırıq. Lakin İcra Hakimiyyətində müavin postunda əyləşənlər illərdir orada kök salıblar. Bizim şikayətləri hər dəfə İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Sərdar Ömərova göndərirlər. O da həmin şikayətin üzərinə bildiyi kimi yazıb, yuxarılara başqa məlumat verir. Axı, mənim şikayətim elə Sərdar Ömərovdandır. O zaman bu şəxs özü haqqında hansı ölçünü götürəcək? Ümumiyyətlə, belə bir şey mümkündürmür?»

Fermerlər sual verirlər ki, Sərdar Ömərovun 25 yaşlı oğlunun qoyun sürüləri var. «Onun yaylaq, qışlaq sahələri hardandır? Biz illərdi əziyyət çəkirik, amma bu qədər imkana sahib ola bilmirik. Amma bir məmur qısa müddətdə ən yüksək imkanlara malik olur. Bunu necə edirlər, məlumdur».

Şikayətçilərdən Toğrul Salahov bildirib ki, Sərdar Ömərov o qədər həddini aşmış şəxsdir ki, hətta icra başçısının qəbulunda nümayişkəranə şəkildə Şamaxının polis rəisinə deyib ki, «bu adam yetişib». «Sərdar zootexnik olub, amma tale elə gətirib ki, belə mühüm vəzifəyə təyinat alıb. Elə bu səbəbdən də insanları meyvə-tərəvəz kimi görür. Əks təqdirdə, «yetişib» sözünü dilinə gətirməzdi».

Fermerlər vurğulayırlar ki, Şamaxıda əkin sahələrinin bir çoxunun təyinatı dəyişdirilib. Həmin yerlərdə yerli məmurlar özlərinə restoranlar, istirahət mərkəzləri və ya bahalı villalar inşa ediblər. «Şəxsən biz fermer olaraq əkməyə torpaq tapa bilmirəm. Mən 2011-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. Azərbaycanın idman şərəfini qoruyan idman ustasıyam, həmçinin YAP-ın fəal üzvüyəm».

Toğrul Salahov deyir ki, o, özünün şəxsi təsərrüfatını 2014-cü ildə yaradıb. Onun sözlərinə görə, təsərrüfatı yaratdıqdan sonra görüb ki, Şamaxıda yaylaq və qışlaq sahələrinin çoxu zəbt olunub. «Şamaxıda yaylaq və qışlağı icarəyə götürmək üçün ən azı 5000 manat pul lazımdır. Halbuki bu torpaqlar heyvandarlıqla məşğul olan fermerlərə icarəyə verilməlidir. Rüsum banka köçürülməlidir, daha şəxsi ciblərə yox».

Şamaxılı fermerlər onu da bildiriblər ki, Prezident Admnistrasiyasına şikayət ediblər və onlardan Şamaxı İcra Hakimiyyətinin fəaliyyətini araşdırmalarını istəyiblər. «Rayonun Quşçu və Birinci Çaylı kəndinin icra nümayəndələrinin dövlət məmuru, yoxsa vergidən yayınan məmur olduğunu bilən yoxdur».

Fermerlər sonda bildiriblər ki, əgər şikayətlərinə baxılmazsa, onlar da dinc aksiya keçirmək məcburiyyətində qalacaqlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Qaynarxett.az