backend

Aztəminatlı ailələrə şad xəbər

Aztəminatlı ailələrə şad xəbər

“Dünya Bankının metodologiyasına görə, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı olanlar isə ifrat yoxsul hesab edilirlər. Hazırda Azərbaycanda yoxsul və ifrat yoxsul yoxdur”

Politika.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun iştirakı ilə keçirilən tədbirdə bildirib.

Nazir müavini deyib ki, ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin minimum maddi tələbatlarını ödəyir. Amma bu proqram əslində passiv sosial tədbirdir. “Ünvanlı sosial yardım aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına kömək etmir. Həmin ailələrin yoxsulluqdan çıxması üçün onların üzvlərinin məşğulluğu təmin edilməli, bunun üçün ilk növbədə məşğulluq imkanları araşdırılmalıdır. Təhlillər göstərir ki, sosial yardım alan ailələrin məşğulluq imkanları mövcuddur. 2016-cı ilin aprel ayının məlumatına görə, ünvanlı dövlət sosial yardımı alan ailələrin 70 faizi Bakıdan kənarda yaşayan ailələrdir ki, onların da 75 faizi torpaq pay mülkiyyətinə malikdir. Digər tərəfdən, sosial yardım alan ailələrin üzvlərinin təxminən yarısı 18 yaşından yuxarı olanlardır”, - deyə nazir müavini bildirib.

İ.İsayev deyib ki, özünüməşğulluğun təmin edilməsi sahəsində icra olunan pilot layihələr hazırlanıb. Göyçay və Şamaxıda müəyyən kriteriyalar əsasında seçilmiş şəxslərin, o cümlədən bir qrup əlilliyi olanların öz bizneslərini yaratmaları üçünlayihələr həyata keçirilib. Həmin insanlar müəyyən edilən istiqamətlər üzrə öz bizneslərini yaradaraq fəaliyyətlərini davam etdirməklə yanaşı, onların genişləndirilməsinə də nail olublar. Buna görə də, belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün özünüməşğulluq proqramlarına start verib. Bu məqsədlə 6 milyon manat vəsait ayrılıb və bu vəsait hesabına 2016-cı ildə ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması nəzərdə tutulur. Növbəti ildə isə daha çox ailənin özünüməşğulluq proqramlarına cəlb olunması proqnozlaşdırılır.