backend

Ağdaşda dolaşan qəribə "varlıqlar" kimdir?

Ağdaşda dolaşan qəribə "varlıqlar" kimdir?
"Düzdür, bizim Qoşaqovaq kəndində qəribə hadisələr baş verir. Ancaq bu, mətbuatın işıqlandırdığı formada deyil. Yazırlar ki, kənddə guya ağ paltarlı, ağ saqqallı, 2-3 metr uzunluğunda varlıqlar dolaşır. Ancaq bu, belə deyil. Həqiqətən, gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq deyil, normal insandır”. Bu fikirləri Ağdaşın Qoşaqovaq kəndində paranormal hadisələrin baş verdiyi barədə fikirlərə münasibət bildirən kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov deyib. Onun sözlərinə görə, sakinlərin gözünə görünən bu "insan" təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır:

"Həmin şəxs həyətlərə girərək sanki nə isə axtarır"

Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. "Düzdür, mən özüm onu şəxsən görməmişəm. Ancaq kənd camaatından onu dəfələrlə görənlər olub. Həyətlərə girərək sanki nə isə axtarır. Əlində də alışqan işığı var. Əvvəllər həmin şəxs kənd ərazisində gecə saatlarında peyda olurdu. Son iki gündə isə gecə saat 02-03 radələrində gəlir”.

Bələdiyyə sədri bildirib ki, gündüz vaxtı kənd camaatından kimlər onun haqqında danışsa, həmin şəxs gecə həmin adamların həyətlərinə girir və insanların gözünə görünür: "O hətta bir dəfə sakinlərdən birinin həyətinə özünün qara köynəyini qoyub. Hər axşam da kəndə qara şalvar və qara köynəkdə gəlir. Ancaq həmin qara köynək bir gün uzunqol, o biri gün isə qısaqol olur. Sakinlərdən də heç kim onu tanımır. Həmin adam 20-30 yaşlarındadır və boyu təxminən 1.60 sm-dir. Gecə də polis əməkdaşları kəndə gəlmişdi. Hazırda bütün kənd əhalisi gecələr evlərində keşik çəkir”.


X.Xəlilovun sözlərinə görə, iki gün əvvəl gecə saatlarında insanlar onu qovub və işıqlı ərazidən keçərkən normal insan olduğunu görüblər. Həmin vaxta qədər hər kəs onu fərqli təsəvvür edirdi. Hətta qaçanda onun əlindəki telefona da zəng gəlib.

Məsələ ilə bağlı Ağdaş Rayon Polis İdarəsindən bildirdilər ki, polis əməkdaşları kəndə baxış keçirib, lakin heç bir qəribəlik aşkar edilməyib. Ona görə də araşdırma aparılmır. "Kənddə heç bir qeyri-adi hadisə baş vermir".

Bəzi KİV-də və sosial şəbəkələrdə Ağdaşın Qoşaqovaq kəndində bir neçə nəfərin qəribə ağ geyimli 2-3 metr uzunluğunda varlıqlar gördüyü barədə xəbərlər yayılıb. İddiaya görə, kənd sakinləri bu varlıqlara yaxınlaşanda onlar qaçır, yox olur və o qədər pis iy verirlər ki, itlər belə onlara yaxınlaşa bilmir. "Bir sakin həyətində bu varlıqların çoxlu quyu qazıldıgını görüb qonşusuna zəng edib, adamlar gələndə isə bu varlıqlar evi daşlayıb bütün pəncərələri sındırıblar".

anspress.com