backend

TƏCİLİ: Manat inqilabı - Sosial partlayış təhlükəsi

TƏCİLİ: Manat inqilabı - Sosial partlayış təhlükəsi
Hökumətin üçüncü devalvasiya anonsu reallaşır

Rəşad Həsənov: “Manatın devalvasiyası qaçılmazdır”

Taliyət Əliyev: “Ciddi islahatlar aparılmasa...”


İkinci davalvasiyadan sonra ölkədə, əsasən də regionlarda ciddi etirazlar baş verdi. Əhali əsasən qiymət artımına və iş yerlərinin bağlanmasına etiraz edirdi. Ən ciddi etirazlar isə Siyəzən rayonunda baş verdi və nəticədə qiymətlərdə, əsasən də çörəyin qiymətində ucuzlaşma müşahidə olundu. Son 10 gün ərzində dolların qiymətində bahalaşma müşahidə olunur. Artıq ölkə ərazisində banklar dollar satışını məhdudlaşdırıb və dolların alışını 1.60 manatla həyata keçiriblər. Bu da dolların bahalaşmasına daha bir işarədir.

Hökumət rəsmilərindən ilk olaraq üçüncü devalvasiya anonsunu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov verdi. Köməkçi qeyd etdi ki, dollar manata qarşı möhkəmlənməyə davam edəcək və məzənnənin minimum həddini 1.65 civarında olacaq. N.Əmirovdan sonra Milli Məclisin üzvü Vahid Əhmədov dolların daha kəskin bahalaşacağını deyib. Onun sözlərinə görə, dolların manata qarşı məzənnəsi 1.80 civarında müəyyənləşəcək. Bu açıqlamalar hökumətin üçüncü devalvasiya xəbərdarlığı kimi qəbul edilir. Əgər növbəti devalvasiya baş verərsə ölkə ərazisində sosial partlayış baş verə bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov üçüncü devalvasiyanın baş verəcəyini istisna etmədi. Onun sözlərinə görə, bu cür iqtisadi format davam edərsə manat kəskin dəyər itirəcək: “Manatın ucuzlaşması davam edəcək. 1 aydan sonra neftin qiymətinin yenidən ucuzlaşması proqnozlaşdırılır. Digər tərəfdən uzun müddət xarici ticarətdə, xüsusilə idxalda yaranan durğunluq sona çatır. Xaricdən idxal olunan məhsullardan bəzi şirkətləri özünə “stoplar” formalaşdırmışdı. Devalvasiyadan sonra demək olar ki, tərəddüdlər yarandı və bu tərəddüdlər nəticəsində də idxalın həcmi azaldı. İdxal istehlak qabiliyyətinə nisbətən çox aşağı düşdü. Hazırda “stoplar”dakı məhsulların azalması həmin şirkətlərin yenidən xarici məhsulları ölkəyə gətirmək üçün dollara ehtiyacı olacaq. Bundan başqa Britaniyanı Avropa İttifaqından uzaqlaşdıran tarixi referendum iqtisadiyyata ciddi təsir göstərdi. Britaniyanın Avropa İttifaqından uzaqlaşmasından sonra insanları öz maliyyələrini avro və funt sterlinqə yatırmaqda daha ehtiyatlı davranacaqlar.

Ehtiyatların böyük bir hissəsi dollara istiqamətlənəcək. Bu da ABŞ dollarının dünya birjalarında bahalaşması baş verəcək. Bu bahalaşma təbii ki, Azərbaycanda da özünü büruzə verəcək. Eyni zamanda da baş verənlərin Azərbaycanda birjalara da təsirləri var. Belə ki, ötən günlərdə keçirilən hərraclar göstərdi ki, ölkə daxilində birdən-birdə xarici valyuta tələbinin artması müşahidə olunur. Bir ay yarım bundan əvvəl Azərbaycan banklarının dollar tələbi 10-15 milyon idisə, ötən gün keçirilən hərrcda 80 milyon xarici valyuta tələbinin ortaya qoyulması hardasa psixoloji faktorların da rol oynadığını deməyə əsas verir. Bunu başqa cür izah etmək çətindir. Bu baxımdan yanaşsaq məlum olur ki, növbəti dövrdə dollar birmənalı şəkildə bahalaşacaq. Amma tam üzən məzənnə rejiminin olmaması hələ də Azərbaycanda alternativ yollarla manatın məzənnəsinə təsirlərin olması ilə məzənnənin formalaşması konkret bir rəqəmin formalaşdırılmasında çətinlik yaradır”.

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev deyib ki, hökumət dolların məzənnəsi yavaş-yavaş qaldıracaq ki, cəmiyyət buna adaptasiya ola bilsin: “Son bir il ərzində iki dəfə devalvasiya baş verdi və bu ölkədə ciddi bir sosial narazılıqlara, partlayışa gətirib çıxarmadı. İkinci devalvasiyadan sonra rayonlarda etiraz aksiyaları oldu ancaq bununla kifayətləndi, biz bundan artıq nəyinsə şahidi olmadıq. 3-cü devalvasiya ilə bağlı ekspertlər müxtəlif proqnozlar verirlər, amma görünən odur ki, ölkədə növbəti devalvasiya, olacaq ancaq nə zaman olacağı bəlli deyil. Azərbaycan üzən məzənnə sisteminə keçib, amma yenə də manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Birdən-birə devalvasiyaya getmək insanlara şok efekti yaradır. Bu ciddi narazılıqlara gətirib çıxara bilər. Hesab edirəm ki, üçüncü devalvasiya yumşaq şəkildə baş verəcək. Manatın real məzənnəsinə çatması üçün məzənnə yavaş-yavaş ucuzlaşmaqda davam edəcək, necə ki, biz bunu son günlərdə şahidi oluruq. Bu gün də məlum oldu ki, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Azərbaycanda bəzi banklar dolların satışını dayandırıb. Bu və ya digər yerdə baş verən hadisələrlə dolların bahalaşması da ölkədə ciddi rezonans yaradır. Bundan da əsasən də işbazlar yararlanır, əziyyətini isə kasıb əhali çəkir”.

T.Əliyev bildirib ki, əgər hökumət ciddi islahatlar aparmasa sosial partlayış baş verə bilər: “Hökumət qabaqlayıcı tədbirlər görməsə, proseslər sosial partlayışa gətirib çıxara bilər. Bu problemin ciddi olduğu artıq hökumətə də məlumdur və ona görə də Milli Məclis və digər dövlət qurumları vəziyyət çıxmaq üçün təkliflər hazırlayırlar. Amma ciddi islahatlar həyata keçirilməsə, cəmiyyətdə sosial partlayışlar ola bilər”./Politika.az/