backend

Ordumuzun arxasında dövlətin və xalqın sarsılmaz dəstəyi dayanır

Ordumuzun arxasında dövlətin və xalqın sarsılmaz dəstəyi dayanır
Ölkəmizdə ordu quruculuğu işinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən prioritet elan olunması ilk növbədə milli maraqlarımızdan irəli gələn bir sıra vacib problemlərin həllini özündə ehtiva edir.

İşğalçı Ermənistan ordusu tərəfindən hərbi təcavüzə məruz qalmış bir ölkədə Silahlı Qüvvələr quruculuğu işinə dövlət rəhbərliyinin verdiyi önəm həm də mövcud vəziyyətdən çıxış yollarından biri kimi, təbii qarşılanmalıdır. Bu zərurətin yaranmasında həlledici rol oynayan əsas amil isə Azərbaycan dövlətinin bölgədə daim sülhə və əmin-amanlığa çalışmasına, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunmasını nəzərdə tutan qərar və qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan rəhbərliyinin qeyri-kostruktiv mövqeyi üzündən indiyədək aparılan danışıqların nəticəsiz qalması, münaqişənin həlli istiqamətində ciddi irəliləyişlərin əldə olunmamasıdır. Bu mənada yüksək döyüş hazırlığına yiyələnmiş peşəkar ordu, həm də Azərbaycan xalqının tarixi təbii tələbatı kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu mühüm və vacib məsələ haqqında danışan Prezident İlham Əliyev ötən il Silahlı Qüvvələrimiz üçün böyük miqdarda hərbi texnika, silah-sursat, helikopter və təyyarələr, artilleriya və hava hücumundan müdafiə qurğularının alınmasını bildirmiş, daxildə 40-dan yuxarı sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsal olunduğunu dilə gətirmiş və bu işin cari ildə də artan xətlə davam etdiriləcəyini xüsusi vurğulamışdı: «Biz ordumuzu hələ daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin».

Bu gün Azərbaycan güclü nizam-intizama malik Silahlı Qüvvələrə sahibdir. Ordu quruculuğunun inkişaf etdirilməsi birbaşa ölkə rəhbərliyinin nəzarəti altındadır. Qarabağ müharibəsi zamanı könüllülərdən təşkil olunan özünümüdafiə batalyonları mərkəzi komandanlıq olmadan pərakəndə şəkildə mübarizə aparırdı. Amma ulu öndərin qayıdışından sonra digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ciddi və əsaslı şəkildə dönüş yarandı, vahid komandanlığın olduğu, güclü nizam-intizama malik ordu yaradıldı. Ulu öndər tərəfindən həyata keçirilən bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və ən intizamlı ordusudur. Biz buna görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Vətənin keşiyində dayanan ordumuzun arxasında dövlətin və xalqın sarsılmaz dəstəyi var.


Mirəli Şixəliyev,
Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki
1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi
.