backend

Azərbaycan Ordusunun yaradıcısı

Azərbaycan Ordusunun yaradıcısı
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev qüdrətli Azərbaycan Ordusunun da yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb.

Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969 - cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb. Ümummilli liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Təsadüfi deyil ki, C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmiş, ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qalmışdı. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb.

Müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin səyləri nəticəsində, müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılırdı. Qısa müddət ərzində nizami ordunun yaranması mümkün oldu və bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.

Qətibə Əsədova,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatının müdürı.