backend

Güclü ordu quruculuqu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir

Güclü ordu quruculuqu müasir  Azərbaycanı xarakterizə edən əsas amillərdəndir
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ümummilli lider, Azərbaycan Prezidenti Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla bu günü tarixləşdirmişdir. Artıq xalqımız 11 ildir ki, 26 iyun - Silahlı Qüvvələr gününü ümumxalq bayramı kimi qeyd edir.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.

Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969 - cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il Silahlı Qüvvələrin yaradılmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paraddakı nitqində o dövrü xarakterizə edərkən demişdir ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə ki, Milli Ordunun yaranması çox vacib məsələ idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Azərbaycanda ordu quruculuğu lazımi səviyyədə aparılmırdı. Yalnız Azərbaycan xalqının tələbi ilə ümummilli lider, ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu prosesi başlanmışdır. Əslində, Azərbaycanda dövlət quruculuğu prosesi başlanmışdır və müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin səyləri nəticəsində, müstəsna xidmətləri nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparılırdı. Qısa müddət ərzində nizami ordunun yaranması mümkün olmuşdur və bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Mən çox şadam ki, bu gün Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir.

Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən ulu öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

Doxsanıncı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994 - cü ilin əvvəllərində Azərbaycan NATO - nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996 - cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001 - ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşulmuş, 2008 - ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər. Yeri gəlmişkən, 1997 - ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verirlər. Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir.

Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.

Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır Azərbaycan dövləti edir.

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Ötən il Azadlıq meydanında keçirilən parad Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramının təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişinin əyani təzahürü olmuşdur.


Məhərrəm Məmmədov,
İqtisadçı ekspert.