backend

TƏCİLİ: Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu

TƏCİLİ: Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu

Azərbaycan-Rusiya-Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra maraqlı proses baş verdi

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqladı.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov dedi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyənləşməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər",- deyə Administrasiya rəhbərinin müavini bildirdi.
TƏCİLİ: Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu
Lakin Prezident Administrasiyasının məlum açıqlamasına işğalçı Ermənistan tərəfi dərhal reaksiya verdi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində razılıq əldə edilməsi ilə bağlı xəbərləri təkzib etdi. E.Nalbandyan N.Məmmədovun Sankt-Peterburq danışıqlarında iştirak etmədiyini də bildirdi: "Son görüşdə o, ancaq naharda iştirak edib. Qarabağ məsələsinin nizama salınmasına gəlincə, onun əsasında DQR (qondarma) əhalisinin öz müqəddəratını təyinetmə haqqı dayanmalıdır".
Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu
Onun ardınca növbəti reaksiya Moskvadan gəldi. Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra yayılan bəzi məlumatlara aydınlıq gətirdi.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova dedi ki, ATƏT-in Minsk qrupu həmsədrlərini kənarlaşdıraraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsinə dair narahatlıq əsassız şayiədir.

Zaxarovanın sözlərinə görə, belə üçtərəfli formatdan həssas məsələlərin müzakirəsi üçün əvvəllər də istifadə olunub:

"Hər şey Minsk qrupunun digər iki həmsədri ilə sıx təmasda baş verir. Prezidentlərin Sankt-Peterburqda keçirilən görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupu üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi. Həmin görüşə Minsk qrupu həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində illərdir formalaşan potensialı qoruyub saxlasın. Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni format fikirləşmir".
TƏCİLİ: Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu
XİN nümayəndəsi Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatının qəbul olunduğunu və həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqların əldə edildiyinin əksini tapdığını da qeyd edib.

Zaxarova deyib ki, görüşdə əldə olunan razılığı heç kim özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməməlidir. M.Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb:

"Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş, həqiqətən də, yüksək səviyyədə keçib".

O fikirlər də səslənir ki, əslində, görüşdə ilkin razılaşmalar olub, lakin hələlik Ermənistan tərəfi bu detalları öz cəmiyyətinə "yedirdə" bilməyəcəyi üçün prosesi qapalı saxlamağa çalışır. Amma N.Məmmədovun açıqlaması bu planı pozub. Ona görə qarşı tərəf danışıqların hansı müstəvidə baş tutmasını danıb.

İkinci versiya ondan ibarətdir ki, Rusiya Azərbaycana müəyyən təkliflərin qəbul olunması üçün təzyiq edib. Azərbaycan tərəfi isə Moskvanı qarşısına almamaq üçün etirazını cəmiyyətin dili ilə ifadə edib. Yəni, N.Məmmədovun verdiyi açıqlama İrəvanın qəbul etmədiyi, amma Azərbaycanın sıcaq yanaşdığı variantdır. O, bu versiyanı irəli sürərək Azərbaycan cəmiyyətinin bundan başqa varianta razı olmayacağı mesajını verməyə çalışıb. Yəni, ya Azərbaycanın maraqlarına uyğun prinsiplər masada olsun, ya da hazırki plan pozulsun.
Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu
ADP sədri Sərdar Cəlaloğlu bu məsələdən danışarkən deyib ki, hər bir ölkənin diplomatiyası həmin ölkənin əhalisinə hesablanmış istiqamət üzrə inkişaf etdirilir. S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz xalqını, eləcə də, Rusiya və Ermənistan da öz cəmiyyətlərini sakitləşdirmək istəyirlər:
TƏCİLİ: Qarabağ planını bu dəfə rəsmi Bakı pozdu
"Baş verənlər göstərdi ki, Azərbaycan-Rusiya-Ermənistan prezidentlərinin görüşündə tərəflər arasında heç bir razılıq olmayıb. Əgər Prezident Administrasiyasının rəsmisi bir açıqlama verirsə, Rusiya və Ermənistan bunu təkzib edirsə, bu fakt həmin görüşün mahiyyətinin qeyri-ciddiliyindən xəbər verir. Əslində, ortada olan budur ki, Rusiya Amerikanı Dağlıq Qarabağ münaqişəsinin həllindən uzaqlaşdırmaq və bu iki respublikanı öz təsir dairəsində saxlamaq niyyətindədir. Qarabağ münaqişəsinin həlli Rusiyanın xeyrinə deyil, ona görə də bunun həllini istəmir".

S.Cəlaloğlunun fikrincə, Qarabağ məsələsinin danışıqlar yolu ilə həll perspektivi yoxdur. Bu məsələ yalnız hüquqi müstəvidə həll oluna bilər:

"Amma Azərbaycan iqtidarı bu məsələnin həllini hüquqi müstəviyə çıxara bilmir, buna gücü çatmır. Bu, hazırki konyuktura ilə bağlıdır. Təsəvvür edin, BMT-nin üç veto hüquqlu üzvü Minsk qrupunda həmsədrdir, bu məsələnin siyasi müstəvidə həllini tələb edirlər. Onlar imkan verməz ki, Azərbaycan bu məsələni BMT-nin ümumi müzakirəsinə çıxarsın. Ona görə də yaxın müddətdə münaqişənin həlli gözlənilmir. Bizdən qabaq 50-60 illik münaqişələr var ki, hələ də düyünü açılmayıb. Bu cür münaqişələr geopolitik güclərin əlində bir vasitədir".

Politoloq Mütəllim Rəhimli isə deyib ki, Azərbaycanın malik olduğu iqtisadi və hərbi potensialın əksinə olaraq Qarabağ probleminin həllində irəliləyişin olmaması, əslində başadüşülən deyil: "Ona görə də Novruz Məmmədovun açıqlamasında olduğu kimi, problemin heç olmasa, mərhələli şəkildə həlli variantının işə salınması çox arzuolunandır. Nəzərə almaq lazımdır ki, cəmiyyət bu sahədə dəyişiklik gözləyir. Lakin danışıqlarda iştirak edən tərəflərin fərqli açıqlamalar verməsi çoxsaylı suallar və tərddüdlər yaradır".

M.Rəhimli qeyd edib ki, indiki halda N.Məmmədov tərəfindən səsləndirilən variant Ermənistanın əleyhinədir. Ona görə də bu məsələnin ictimaiyyətə Azərbaycan tərəfindən açıqlanması razılaşma predmeti ola bilməzdi:

"Əgər doğurdan da belə bir razılaşma əldə olunubsa, onun açıqlanması razılaşdırılmalı idi. Bu cür fərqli mövqelərin ortaya çıxması qeyri-ciddi situasiya yaradır. Mövcud variantda Ermənistanın işğal etdiyi torpaqları geri qaytarmasından söhbət getdiyindən, zənnimcə, erməni ictimai fikri ilk növbədə buna hazırlanmalı idi. Ona görə də danışıqlar və şərtlər haqqında açıqlama vermək səlahiyyəti erməni tərəfinə həvalə edilməliydi. Məsələyə bu prizmadan yanaşıldıqda görüş zamanı hər hansı ciddi razılığın əldə edilmədiyini ehtimal etmək mümkündür".

Politoloq hesab edir ki, digər variant da var. Bu da ondan ibarətdir ki, N.Məmmədovun açıqlamasında nəzərdə tutulan şərtlərdən daha yüngül məsələlər ətrafında razılığa gəlinib: "Ona görə də Azərbaycan tərəfinə deyiblər ki, siz ağır şərtlər açıqlayın, erməni cəmiyyətini nəzərdə tutulan daha yüngül şərtlərə razı salaq.

Rusiya birmənalı olaraq regionda münaqişənin qızışmasının əleyhinədir. Yaxın Şərqdə baş verənlər Rusiyanı qorxudur. Ona görə də gələcəkdə sərhədləri yaxınlığında nəzarətindən çıxa biləcək hər hansı konfliktin olmasını istəmir. Azərbaycan-Ermənistan arasında müharibə başlasa regiona Qərbin müdaxiləsi şübhəsiz ki, mümkün olacaq. Rusiya da bunu dərk etdiyindən ən azı mövcud vəziyyəti qoruyub saxlamağa çalışır".

Onu da qeyd edək ki, ötən həftə ATƏT-in Minsk qrupu daha bir bəyanat yaydı. Bəyanatda münaqişə tərəfləri mayın 16-da Vyanada, iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə hörmət etməyə çağrılır. "Biz Azərbaycanı və Ermənistanı ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin substantiv danışıqlarda irəliləyişə nail olmağa və ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə çağırırıq. Biz prezidentlərin son iki görüşünün nəticələrinin irəliləyişi üçün tərəflərlə əməkdaşlığımızı davam etdirəcəyik", - deyə bəyanatda bildirilir.

Göründüyü kimi, böyük güclər maraqlarını təmin etmək üçün münaqişə tərəflərinin başını qatmaqla məşğuldur. Əslində, hazırki status-kvo Ermənistana sərf etsə də, ərazisi işğal olunan Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Odur ki, nəticəsiz danışıqlar Azərbaycan tərəfini narahat edir. Prosesin nə zamana kimi davam edəcəyi ilə bağlı suala isə heç kim konkret cavab verə bilmir.(reyting.az)