backend

Ankara-Moskva barışdı, Iravanda isə ara qarışdı - DÜŞMƏN ŞOKDA

Ankara-Moskva barışdı, Iravanda isə ara qarışdı - DÜŞMƏN ŞOKDA
Rusiya ilə Türkiyənin münasibətlərinin yenidən yaxşılaşması Ermənistanı qorxuya salıb

Politika.Az xəbər verir ki, Ermənistanın KİV-ri bu yaxınlaşmanın ölkə iqtisadiyyatına ciddi zərbə vuracağını qeyd edir.

Jurnalistlər yazır ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə ilə ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırır və Türkiyə ilə barışıq prosesi başlayır. Bundan başqa Rusiya vətəndaşlarına Türkiyədə istirahətə artıq icazə verilib. Tezliklə Rusiya bazarına türk kənd təsərrüfatı (k/t) məhsullarının ixrac yolu da açılacaq: "Putin açıqlamalarında Ermənistan-Rusiya iqtisadi əməkdaşlığı, eləcə də Rusiya bazarında erməni kənd təsərrüfatı məhsullarının artımının qeydə aldındığını deyib. Həmin çıxışdan bir neçə gün sonra isə Rusiya ilə Türkiyə barışdı. Belə olan halda ilk zərbəni də elə məhz Ermənistan k/t məhsullarının istehsalçıları alacaqlar. Məsələ ondadır ki, Ermənistan kənd təsərrüfatı məhsullarının artımı onsuzda Rusiya bazarında adıçəkilən ölkə ilə iqtisadi əlaqələrdən asılı deyildi. Bu barədə Putin və bir çox erməni məmurları nağıllar danışırdı. Bu artımın olması Moskva ilə Ankaranın münasibətlərinin pozulmasından və rəsmi Moskvanın bu ölkənin Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağadan asılı idi".

İndi Ermənistanda Moskva-Ankara münasibətlərinin bərpa edilməsinin yenidən erməni kənd təsərrüfatı məhsullarının Rusiya bazarında ciddi rəqiblə qarşılaşmasına səbəb olacağı haqda düşünürlər.

"Çox güman ki, yaxın vaxtlarda Türkiyə məhsullarına qoyulan qadağa götürüləcək və türklərlə keçmiş münasibətlər yenidən bərpa olunacaq. Ancaq burada bir sıra obyektiv və subyektiv halları nəzərə alaraq, etiraf etmək lazımdır ki, erməni kənd təsərrüfatı məhsullarını Türkiyə məhsulları ilə rəqabət apara bilməz. Çünki həmin məhsullar hətta yerli bazarda Türkiyə məhsulları ilə rəqabətə tab gətirmək qabiliyyətində deyil, o ki qaldı hələ Rusiya bazarında..."

İrəvan Rusiya-Türkiyə münasibətlərinin yenidən bərpa edilməsinin Ermənistanın mövcudluğu üçün böyük təhdid olduğunu özü də gözəl anlayır.

Rusiya-Türkiyə münasibətlərinin yenidən yaxşılaşmasının və bunun fonunda türk məhsullarının yenidən Rusiya bazarına çıxmasının Ermənistana ciddi zərbə olacağı fikirlərinə münasibət bildirən Prezident Administrasiyasının sabiq əməkdaşı, politoloq Tofiq Abbasov bildirdi ki, bu çətin vəziyyətdə olan Ermənistan iqtisadiyatının vəziyyətini daha da ağırlaşdıracaq:

"Hələ ötən ilin sonlarına doğru Türkiyə - Rusiya münasibətləri korlananda ermənilər bundan maksimum yararlanmaq istədilər. Bunun üçün onlar müxtəlif dünya nəşrlərinə yazılar verdilər, hətta bu münasibətlərin pozulmasını bayram etdilər. Daha sonra isə mənfur niyyətlərini həyata keçirərək Rusiya bazarında Türkiyə kənd təsərrüfatı məhsullarının boşluğunu doldurmağa çalışdılar. Lakin düşünmək lazımdır: Axı Ermənistanın nəyi var? Onlar türk məhsullarının boşluğunu necə dolduracaqlar? Təbii ki, yaranan bu boşluqdan ermənilər maksimum istifadə etməyə çalışdılar. Ancaq iki ölkənin münasibətləri düzələn və k/t məhsullarına qoyulan qadağa götürülən kimi, Ermənistan məhsulları bazardan yenidən sıxışdırılıb çıxarılacaq".

Politoloq hesab edir ki, belə olan halda isə Ermənistan iqtisadiyyatı yenidən ağır vəziyyətə düşəcək.

Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış ediblər.

Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərara əsasən, Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub. Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırmaq barədə qərar qəbul edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl rusiyalı həmkarı Vladimir Putinə 2015-ci il noyabrın 24-də baş verən qırıcı qalmaqalına görə üzrxahlıq edib.