backend

Zaur Kamal bütün gizlinləri açdı: “Qızlar mənə deyir ki, sizinlə…” - MÜSAHİBƏ

Zaur Kamal bütün gizlinləri açdı: “Qızlar mənə deyir ki, sizinlə…” - MÜSAHİBƏ
Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqların paxırını elə məharətlə açıb-tökür ki, heç ruhları da incimir. Hətta bəzən çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərinə dad-duz qatan da elə bu xüsusiyyətidir. Hərçənd buna görə onu acıdil hesab edənlər də var. Görək özü necə düşünür?

Xəzər Televiziyasının hündürboylu, xarizmatik aparıcısı Zaur Kamalın Publika.az-a müsahibəsini təqdim edirik.

- Xarizmatik aparıcısınız, amma acıdil olduğunuzu da deyirlər?
- Yox, acıdil olsam, yəqin ki, heç bir müğənni növbəti dəfə dəvəti qəbul edib efirə gəlməz. Nə olur efirdə olur və bunu da şou, əyləncə xatirinə edirik. Hamısı bilir ki, bu zarafatdır.

- Hər halda “iynələməyiniz” də var axı, bu kənardan açıq-aydın görünür...
- Bu, mənim taktikamdır.

- Bu taktikanızdan ziyan çəkənlər olur?
- İncimələrini nəzərdə tutursunuz?

- Bəli.
- Efirdən sonra hər şey yoluna qoyulur. Əslində “iynələmək” xarakterimdə də var. Amma incimirlər. Bəlkə də neçə illərdir onların içindəyəm deyə buna görə məni olduğum kimi qəbul edirlər.

- Yəni küsülülük həddinə çatan elə bir müğənni olmayıb?
- Olub. “Ay Zaur” verilişi efirə gedən ərəfədə bir məqamı verilişdən çıxartdırmaq istəyirdilər, amma mən bunu eləmədim.

- Hansı məqam idi?
- “Nərimanov” metrostansiyasından “Xalqlar Dostluğu”na gedə-gedə onunla telefonla danışmışdım. Toyda oynamışdı, əlinə pul vermişdilər, sonra mənə dedi ki, toyun pulu qabaqcadan danışılıb getmişəm və ələ pul götürən müğənnilərdən deyiləm. Dedi: “Bu hissəni çıxar, camaat pis başa düşər”.

- Kim idi?
- Yox, onu deməyəcəm.

- Heç olmasa de görək, xanım sənətçi idi, yoxsa kişi?
- Xanım sənətçi idi.

- Arada küsülülük olanda ilk barışıq addımını kim atır?
- İstər dostlar olsun, istər müğənnilər inciklik olubsa da, səhəri gün onlarla elə danışıb-gülürəm ki, sanki elə bir hadisə olmayıb.


- Çox vaxt xanımlara komplimentlər yağdırırsınız. Hamısı içdən gəlir, yoxsa sünisi də olur?
- Sünisi də olur, təbiisi də. Bunu tamaşaçı daha dəqiq hiss edir. Çünki onlara him-cimlə anladıram.

- Elə bir müğənni olubmu ki, efirdə sirrini açmısınız, hansı ki, ailəsində böyük dava-dalaşa səbəb olub?
- Ailəsində yox, müğənni özü şok vəziyyətə düşüb ki, bu məlumatı haradan almısan? Vasif Məhərrəmli ilə Manaf Ağayev məşhur bir geyim mağazasından kostyum götürüblər. Vasif bilib ki, Manaf Ağayev qardaşı oğlunun toyuna həmin kostyumu geyinəcək. Ansamblın səs rejissoruna kostyumunu verir ki, geyin otur ansamblın yanında. Manaf toya gələndə görür ki, Cavid də onun kostyumundan geyinib. Tez 250 manat ona verib qılıqlayır ki, qadan alıb, pencəyini dəyiş, qoy bir dənə məndə olsun.

- Kiminsə sirrini açdığınıza görə peşman olursunuz?
- Sözü deyirəmsə, onun arxasında dayanıram. Bəzən bunu mənə irad da tuturlar ki, filan sözü niyə dedin? Bilirəm ki, o söz əyləncə xaitirinədir, kiməsə ziyan vurmayacaq, deyirəm.

- Həmişə olduğunuz kimi görünə bilirsiz?
- Mən həyatda necəyəmsə, efirdə də özüməm.

- Amma hərdən özünüzü çox tərifləyirsiz?
- Əslində radioda da, efirdə də məni kimsə tərifləyəndə çox utanıram, qızarıram. Bəlkə ola bilər sətiraltı yalandan nəsə olur.

- Həsəd apardığınız aparıcılar var?
- Əvvəllər olub.

- Kimlər?
- ANS radiosunda Tofiq vardı. Milli Televiziyada Sabir Ələsgərli, Rafiq Hüseynov…

- Bəs indikilərdən?
- Yeni gələn aparıcılar bəzən məndən soruşurlar ki, populyar olub sevilmək necə olur, bunun bir düsturu varmı? Deyirəm vallah bilmirəm. Nə vardısa elə o dövrdə vardı.

- Bəzi həmkarlarınıza baxanda ən çox sizi nə qıcıqlandırır?
- Bəzi aparıcılar var səmimiyyətləri yoxdur, bəziləri var yerə yıxılırlar. Ümumiyyətlə, şit aparıcıları sevmirəm.

- Bəs özünüz, sizcə, nə ilə qıcıq doğurursunuz?
- Efirdə çox sərtəm, bu, bəzən özümün də xoşuma gəlmir. Bu da xarakterimdən irəli gəlir.

- Evdə, ailədə, ümumiyyətlə, efirdən kənarda necəsiz?
- Efirdə, həyatda necəyəmsə evdə də, çöldə-bayırda da eləyəm.

- Özünüzdə ən çox bəyəndiyiniz xüsusiyyətlər hansılardır?
- Ürəyi yumşaqlığım var. Yanımda biri ağlasa, çox pis olaram. Tez allanaram, belə şeylər var.

- Ən zəhlətökən xarakteriniz bəs?
- Nə bilim vallah, onu heç fikirləşməmişəm.

- Sosial şəbəkədə sizə yazılan ən sərt fikir hansılar olub?
- Bəzən yazırlar ki, kobudsan, yekəxanasan, forslusan.

- Reaksiyanız necə olur?
- Heç əhəmiyyət vermirəm.

- Bəs sevgi etirafları?
- Olur. Bəzən qızlarla şəkillər çəkdirəndə altında sərt sözlər yazırlar.

- Məsələn?
- Bəzən qızlar yazırlar ki, evli olmasaydınız, sizinlə ailə qurardım. Digərləri əsəbiləşir ki, utanmırsınız, o ailəlidir, iki uşaq atasıdır.

- Heç onların sevgisindən sui-istifadə edirsiz?
- Görüşə də çağıranlar olur, amma mən aparıcı olduğuma görə ehtiyat edirəm (gülür).

- Şantajdan qorxursunuz yəni?
- Hə, elə şeylərə fikir verirəm.

- Sizcə, görünüş olaraq, ən çox nə ilə diqqət çəkirsiniz?
- Boyum-buxunum var. İdmanla məşğul olduğum üçün qamətli olmağımla, bir də danışıq tərzim, səs tebrimlə.

- Aparıcı olmasaydınız, hansı peşəni seçərdiniz?
- Məndən olsaydı, heç aparıcı olmazdım. İnsan sərrafıyam, onları ultrasəsdən keçirmək qabiliyyətim var. Buna görə də hüquq sahəsində çalışardım.

- Göründüyünüz kimi, dəblə geyinməyi sevirsiniz. Nədənsə həmişə tünd rəngli geyimlərə üstünlük verirsiniz, bu nə ilə bağlıdır?
- Qara rəngli geyimləri sevirəm, şit geyimləri xoşlamıram. Çox kastyumlarım var. Həm də deyilənə görə tünd rənglər və qara mənə yaraşır.

- Sizcə, kişinin xarizması nədədir?
- Oturuşunda, duruşunda, danışığında.

- Çoxları sizi varlı biri kimi tanıyır. Xüsusən də “Ay Zaur”un villada verilişlərindən sonra. Hər kəs elə bilirdi o sizin villanızdır…
- Hə, tanış-biliş, qohum-əqrəba atama zəng vurub deyirdi ki, oğlunun belə imkanlıdır, varlıdır, filan...

- Belə deyil ki?
- Orta səviyyədə yaşayıram, camaat kimi üçotaqlı evim var.

- Adətən üstünüzdə nə qədər pul gəzdirirsiniz?
- Çox az. Adətən üstümdə cüzi pul olur. Çünki cibim efirdə qabarıq göründüyündən az pul götürürəm.

Cəvahir Səlimqızı,