backend

Onlar nəyi unutmuşdu?

“Türkiyə burada yoxdursa, mən varam. Sənin cavabını verəcəm”.


2014-cü il, “Şərq tərəfdaşlığı” ölkələrinin Praqa sammiti: Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin olmamasını fürsət bilərək, iştirak etdiyi platformada qondarma xülyalarını səsləndirməyə başladı.

Sarkisyan unutmuşdu ki, qarşısında Azərbaycan liderini görəcək. Unutmuşdu ki, Azərbaycan və Türkiyə qardaşlığı onun boyunduruğuna girmək üçün döydüyü qapılarda axtardığı “qardaşlığa” bənzəmir.
Və o, iştirak etdiyi sammitdə bir türk liderinin olduğunu sözün əsl mənasında unutmuşdu. Unutdu və “Türkiyə yoxsa, biz varıq” cavabını aldı.

Prezident İlham Əliyevin “XXI əsr türklərin əsridir” sözlərini yəqin ki, hər kəs xatırlayır. Bu gün türk dünyasının bütövləşməsi, bir yumruq kimi eyni hədəfə vurması fonunda bu sözlər təsadüfi deyil. O da təsadüfi deyil ki, hazırda türk dünyasının əsas aparıcı gücü məhz Azərbaycan və Türkiyə, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğandır. Bu iki gücün, iki ölkənin arasında uçurumlar yaratmaq cəhdlərinin uzaq mənzilli hədəflərində türk dünyasının birləşə bilməməsi faktoru olduğu da unudulmamalıdır. Zaman-zaman bu həmlələr olub, lakin nəticə etibarilə hər iki dövlət Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsini, Heydər Əliyevin müasir siyasi tarixə damğasını vuran və düşmənlərin ən sevmədiyi “Bir millət, iki dövlət” sözləri heç vaxt ikinci plana keçirməyiblər.

“Bir millət iki dövlət”: Heydər Əliyev bu sözləri dilinə gətirərkən əslində uzaq perspektivdə Türkiyə-Azərbaycan tandemini və bu tandemin türk dünyasını birləşdirə biləcək faktor olduğunu yaxşı anlayırdı. Burada Prezident İlham Əliyevin bu tarixi vəsiyyəti başı üzərində irəliyə doğru daşıması da diqqətlərdən yayınmır.

O, Sarkisyana cavab verəndə də, Rəcəb Tayyip Ərdoğanın mühüm Bakı səfərini əngəlləmək istəyən qüvvələrin oyununu pozanda da türk dünyasının liderlərindən olduğunu sübut etdi, türk torpaqlarında xainlərin yandırmaq istədiyi tonqal söndürüləndə Ankaranın yanında olduğunu bəyan edəndə də...

O, siyasi çıxarlara deyil, qardaşlığa söykənən gedişləri edəndə təkcə Azərbaycanın lideri kimi yox, regionun və türk dünyasının öndə gedən ismi olduğunu göstərdi.


Və əslində Türkiyəni “vurmaq” istəyənlərin unutduğu, daha doğrusu hesablaya bilmədiyi məqamlardan biri də bu idi.

2016-cı il 17 fevral tarixi: Bir gün sonra Ərdoğan Azərbaycana gələcəkdi. Azərbaycan lideri Ərdoğanı paytaxt Bakıda yox, Gəncədə qarşılayacaqdı. Və bununla iki türk lideri Osmanlı ordusunun Azərbaycanın xilasında rol oynadığı Gəncə səfəri fonunda tarixi mesaj verəcək, hazırki siyasi situasiyada ortaq maraqlar uyğunlaşdırılacaq, enerji məsələsində irəliyə doğru addımlar atılacaqdı. Həmçinin, Qarabağ münaqişəsi ətrafında baş verənlər birbaşa təmasda müzakirə olunacaqdı. Lakin martın 17-də Ankarada törədilən terror aktı Ərdoğanın səfərinin təxirə salınmasına səbəb oldu. “Türkiyə terror bəlasından əziyyət çəkən ölkədir” deyərək, bunu təsadüf olaraq qarşılamaq olardı. Təxminən bir ay sonra bu “təsadüfün” hədəfi ortaya çıxdı.


2016-cı il 13 mart tarixi: Ərdoğan iki gün sonra Bakıya səfər edəcəkdi. Fevralda baş tutmayan səfərdən sonra dünyanın diqqəti Bakıda olacaqdı. Martın 13-də Ankarada terror aktı baş verdi. Bu, artıq təsadüf ola bilməzdi. Ərdoğanın Bakıya gəlməsini istəməyənlər, Bakı-Ankara birliyini hədəf alanlar var idi. Onlar məqsədlərinə çatmışdı, hər-halda belə görünürdü.

Lakin unutmuşdular ki, Azərbaycan lideri bu oyunları pozmaq gücünə sahibdir.

Unutmuşdular ki, Prezident İlham Əliyev Türkiyəni darda qoymayacaq və iki ölkənin birliyinə endirilən zərbələri öz manevrləri ilə dəf edəcək.
Onlar nəyi unutmuşdu?
“Mən Ankaraya gedəcəm”, Azərbaycan lideri Ərdoğanın Bakıya gəlməsinə əngəl olanların oyunlarını pozdu Türkiyə torpaqlarına səfər etdi. Oyunlarını pozduğu güclərə mesaj verdi ki;

- Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz.
- Türkiyənin yaxşı və pis günündə həmişə yanındadır.
- “Bir millət, iki dövlətin” milli maraqları heç nəyə qurban verilməyəcək, bu yoldan geri çəkilməyəcək.
- Və Türkiyəni hədəfə alanlar qarşılarında onu görəcəklər.


15 iyul 2016-cı il: Türkiyədə dövlət çevrilişinə cəhd baş verdi. ÇoxlarıTürkiyənin güclü olduğu dönəmlərin artıq geridə qaldığını düşünərkən, Qərbdə bəzilərinin çevrilişi alqışlamağa hazırlaşarkən, Azərbaycan lideri yenə də Türkiyənin yanında idi. O, bu dövlət çevrilişinə ilk reaksiya verərək, Türkiyəni zəiflətmək istəyənlərə mesajını verdi. Bu, “Türkiyəni hədəfə alanlar qarşılarında məni görəcək” mesajı ilə yanaşı, həm də bir qardaşlıq mesajı idi.

Yəqin ki, Türkiyəni hədəfə alanlar bundan sonra Azərbaycan və Prezident İlham Əliyev faktorunu unuda bilməyəcəklər.


Asif Nərimanlı