backend

Ərdoğanın “intiqamı” Türkiyəni çökdürə bilər

Ərdoğanın “intiqamı” Türkiyəni çökdürə bilər
“The Economist” dərgisinin son sayında dərc olunmuş baş məqalənin sərlövhəsi belədir

Məqalədə deyilir ki, Türkiyədə baş vermiş çevriliş cəhdi barədə bir çox suallar açıq qalır.

“Çevriliş cəhdi niyə bu qədər uğursuz olub? Ordu sıralarındakı qəsd hansı miqyasda yayılıb? Çevrilişçilər əvvəllər olduğu kimi dünyəviçilər olublar, yoxsa Fethullah Gülenin davamçıları?”

“Lakin iki məsələ aydındır, – yazır “The Economist”, – Birincisi Türkiyə xalqı küçələrə çıxaraq əsgərlərlə üzləşməklə böyük cəsarət göstərib”.

“The Economist” məcmuəsinin qənaətinə görə, “1960-cı illərdən bəri generalların 5-ci gəlişindənsə, naqis, islamçı avtoritar daha məqbuldur”.

İkincisi isə budur ki, cənab Erdoğan adamların küçələrə çıxaraq yolunda canlarını verdirkləri demokratiyanın özünü sürətlə məhv edir” – yazır “The Economist”.

Məqalədə deyilir ki, çevrilişə hökumət reaksiyasının miqyası və dərinliyi misilsizdir. 60 min insana qarşı repressiyaları yalnız ABŞ-ın İraqda həyata keçirdiyi “bəəssizləşdirmə” kampaniyası ilə müqayisə etmək olar.

“The Economist” bu qənaətdədir ki, “cənab Erdoğan sədaqətsizliyi xəyanətlə birləşdirib və Türkiyə pluralizminə qarşı öz çevrilişini həyata keçirir”.

“Heç bir məhdudiyyəti olmayan Erdoğan öz ölkəsini daha böyük münaqişə və xaosa sürükləyir. Bu, öz növbəsində Türkiyənin qonşuları, Avropa və Qərb üçün təhlükə yaradır” – yazır “The Economist”.

Türkiyəni bu gün NATO-ya götürməzdilər

Məqalədə deyilir ki, Türkiyədə baş vermiş uğursuz çevriliş 1989-cu ildən bəri Avropanın üzləşdiyi üçüncü sarsıntıdır.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsilə sərhədlərin toxunulmazlığı barədə əminliyə son qoyulub. Brexit Avropa İttifaqının daha dərin inteqrasiyaya ümidlərini puç edib. Və nəhayət Türkiyədə baş vermiş çevriliş cəhdi və ona cavab Qərb dünyasının söykəndiyi demokratiyanın sarsılmazlığını şübhə altına alıb.

“The Economist” yazır ki, bu təlatüm xüsusilə də Avropa demokratiyalarının keşiyində duran NATO üçün narahatedicidir.

“Erdoğanın nazirləri əllərində heç bir sübut olmadan çevriliş cəhdində ABŞ-ı ittiham edirlər, cənab Gülenin təslim edilməsinə çağırırlar. Amerikanın İslam Dövləti adlanan təşkilata qarşı mübarizəsinin qovşağı olan İncirlik bazasının elektriki bir müddət kəsilir” – yazır “The Economist”.

“Türkiyə bu gün NATO üzvlüyünə müraciət etsəydi, onu çətin ki, alyansa götürərdilər, amma bu gün bu təşkilatın özünü pis aparan üzvünü xaric etmək vasitəsi yoxdur” – deyilir məqalədə.

Ərdoğanı türklərin yalnız yarısı seçib

Məqalədə deyilir ki, Türkiyə 1950-ci illərdən bəri Qərbin Rusiyanın totalitar rejiminə qarşı sipəri olub, lakin 2013-cü ildə İstanbulda Gezi parkı etirazlarının yatırılmasından və korrupsiya qalmaqalından başlayaraq cənab Erdoğan daha da avtoritarlaşıb.

“Onun rejimi jurnalistləri həbsxanalara atıb, ordunu iqtidarsızlaşdırıb, ədliyyənin qollarını burub” – yazır “The Economist”.

Məqalədə deyilir ki, bütün bunlar, Erdoğanın iddiasına görə Gülençi hərəkatın paralel dövlət qəsdinin qarşısının alınması üçün edilib.

Bu da qeyd olunur ki, Suriya prezidenti Bəşər əl-Əsədin devrilməsinə yönəlmiş kampaniyanın fitverəni olan Türkiyə, cihadçıların sərhəddən sərbəst keçməsinə şərait yaradıb. İndi Türkiyə iki qiyamla – kürdlərlə və cihadçılarla üz-üzə qalıb.

“The Economist” yazır ki, “hərbi çevriliş cəhdinə üstün gəldikdən sonra Erdoğan mətbuat azadlığını təmin etməkdən, kürdlərlə təmas qurmaqdan, müstəqil təsisatları möhkəmləndirməkdənsə, divanə dözümsüzlüyə düçar olub və o, indi daha çox ərəb despotlarına bənzəyir”.

Məqalədə deyilir ki, AKP seçkidə türklərin yalnız yarısından dəstək alsa da, Erdoğan istədiyini edə bilmək imkanında olduğuna inanır.

Qisasçı sultan

“The Economist” yazır ki, Türkiyənin qərbli dostları onu cilovlamalı və qanunun aliliyinə hörmət etməyə çağırmalıdırlar.

Məqalədə deyilir ki, Ankara bütün bunlara qulaq asmasa, Avropa İttifaqı özünün xarici sərhədlərinin möhkəmlənidirilməsi barədə düşünməli olacaq.

“The Economist” yazır ki, Erdoğanın əlində çoxlu kart olsa da, o düşünüldüyü qədər də güclü deyil.

Belə olmasaydı, Erdoğan Rusiya və İsraillə bağlarını yenidən qurmağa məcbur olmazdı.

Məqalədə deyilir ki, bir zamanlar cənab Erdoğanın güclü cəhəti olan iqtisadiyyat yaxın gələcəkdə iflasa uğraya bilər.

Turistlər bu vəziyyətdə olan ölkəyə gəlmək istəmirlər, ölkənin gəlirləri azalır, valyutası zəifləyir, büdcə kəsiri genişlənir.

“The Economist” yazır ki, cənab Erdoğan gələcəkdə də özünü qisasçı sultan kimi aparmaqda davam edərsə, bu iflasdan yan keçmək mümkün olmayacaq.