backend

SON DƏQİQƏ: “Ölüm maşını” İrəvan səmasında: Kreml Sarkisyanın köməyinə gəlir

SON DƏQİQƏ: “Ölüm maşını” İrəvan səmasında: Kreml Sarkisyanın köməyinə gəlir
İrəvanda polis-patrul alayının binasını ələ keçirən qiyamçılar hakimiyyət qarşısında yeni tələblər irəli sürüblər.

Publika.az xəbər verir ki, özlərini “məğlubedilməz döyüşçülər” adlandıran silahlı qrup tələblərini sosial şəbəkələrdə yayıb.

“Hakimiyyət bizə kütləvi informasiya vasitələrinə çıxış verməli, danışıqlarda vasitəçi kimi Açot Minasyanı qəbul etməli, həmçinin neytral zonanı pozmamalıdır”, - deyə tələblərdə bildirilir.

Qeyd edək ki, iyulun 17-də İrəvanda polis-patrul alayının binasını ələ keçirən silahlı qrup polis əməkdaşlarını və yüksək vəzifəli polis zabitlərini girov saxlayırdı. Onlar həbsdə olan “Yeni Ermənistan” hərəkatının lideri Jiray Sefilyanın həbsdən azad olunmasını və Serj Sarkisyanın prezident postundan istefa verməsini tələb edirlər. İyulun 23-nə kimi silahlı qrup bütün girovları buraxıb, lakin onlar binanı tərk etməyiblər. Hazırda müxalifət onlara dəstək aksiyaları keçirir. Lakin hakimiyyət qiyamçılara qida və su, həmçinin, dərman vasitələri verməkdən imtina edir. Məlumata görə, dünən axşam müxalifətçilərdən biri şəxsi maşını ilə polisləri yararaq, silahlılara ərzaq çatdırmağı bacarıb. “İsr” Partiyasından olan deputat Zarui Postandjyanın qiyamçılara ərzaq vermək istəyi qəbul olunmayıb. Müxalif deputat hazırda binanın ətrafındadır və öz tərəfdarları ilə polisin mühasirəsindədir.

“Joxovurd” qəzeti isə Serj Sarkisyanın qiyamçılarla bağlı qərarının təfərrüatlarını yayıb.

“Sarkisyan yaranmış vəziyyətdən çıxış üçün Jirayr Sefilyanla görüşməyə razılıq verib. Lakin o, qiyamçıların tələbləri ilə razılaşmaq fikrində deyil”, - deyə qəzet yazıb.

“Təsisedici parlament” hərəkatının üzvü Qraçik Mirzoyan deyib ki, hakimiyyət qarşıdurmaya getməyə hazırlaşır: “Biz məlumdur ki, İrəvanın üzərindən hərbi vertolyotlar uçur. Polis qüvvələrinin sayı artırılıb. Bu, psixoloji hücumdur. Lakin bu gün əldə etdiyim məlumata görə, əraziyə hərbi texnika da yeridilir. Məqsəd binanın böyük divarlarını dağıtmaqdır. Əgər qan töküləcəksə, günahkar Sarkisyan olacaq və xalq onu bağışlamayacaq”.

Qeyd edək ki, dünən axşam saatlarında İrəvan üzərindən uçan hərbi helikopterlərin Rusiyanın 102-ci hərbi bazasına məxsus olduğu iddia edilir. Məlumata görə, bazadan 4 hərbi helikopter havaya qalxıb, lakin onlar geri qayıtmayıblar. Helikopterlərin İrəvanda olduğu hesab olunur.

Xatırladaq ki, iyulun 20-də Serj Sarkisyanın Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “Alfa” xüsusi təyinatlılarını (bu qrupa Rusiyanın ən güclü kəşfiyyatçıları daxildir və adətən onlara “ölüm maşını” deyirlər) göndərmək xahişi ilə Moskvaya müraciət etdiyinə dair məlumat yayılmışdı. “Armenianreport” saytı yazırdı ki, Sarkisyan “dəfn olunmaq” fikrində deyil və o, hakimiyyətini saxlamaq üçün Rusiyaya üz tutacaq. Bu informasiya fonunda Rusiyaya məxsus hərbi bazadan helikopterlərin havaya qalxması haqda iddia diqqət çəkir. Hesab etmək olar ki, Sarkisyan Rusiyadan həqiqətən də yardım istəyib.