backend

Azərbaycanda baş nazirlik uğrunda Rusiya-Qərb savaşı - Namizədlər kimlərdir?

Azərbaycanda baş nazirlik uğrunda Rusiya-Qərb savaşı - Namizədlər kimlərdir?

Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklikləri nəzərdə tutan refendumdan sonra hakimiyyətin yuxarı eşalonunda yeniliklərin olacağı gözlənilir

Referendumun Azərbaycanın seçki təcrübəsinə uyğun olaraq, nəticələrini bəri başdan məlum olduğunu söyləmək mümkündür. Ona görə də Konstitusiyaya dəyişiklərlə bağlı o qədər də fəal olmayan ictimai müzakirələrin əsas predmetini aparıcı postlara kimlərin təyin ediləcəyi barədə mülahizələr təşkil dir. Söhbət birinci vitse-prezident, vitse-prezidentlər və baş nazir postlarına gözlənilən təyinatlardan gedir. Birinci vitse-prezident və vitce-prezidentlər vəzifələri ilk dəfə təsis edildiyindən təbii ki, həmin postlara təyinatlar yeni olacaq. Amma şəxslərin yeni və ya köhnələrdən olmasını indidən proqnozlaşdırmaq çətindir. Bəzi ekspertlərə görə, baş nazir kürsüsü böyük ehtimalla yeni kadra həvalə olunacaq. Əks təqdirdə, Konstitusiyaya əlavə və dəyişikliklər etməyə ehtiyac qalmazdı.

Adları çəkilən postları kimlərin tutacağının hakimiyyətin gələcək fəaliyyətində böyük təsirə malik olacağı istisna deyil. İlk baxışdan referendumun nəticələri icra hakimiyyətinin strukturunu və səlahiyyətlərini genişləndirdiyi üçün ciddi dəyişişiklyin baş verməyəcəyi barədə xeyli fikirlər səslənir. Ancaq prezident vəzifəsini icra edəcək ikinci, üçüncü dərəcəli şəxslərin, hökumətin yeni başçısının kimlər olması da az əhəmiyyət kəsb etmir. Birinci vitse-prezident ya hakim komanda daxilində hamı tərəfindən qəbul edilən nüfuzlu şəxs, ya da heç bir siyasi iddiası olmayan birisi ola bilər. Sonuncu halda onun vəzifəsi formal xarakter daşıyacaq. Ümumiyyətlə isə prezident səlahiyyətlərini icra etmək hüququ olan ikinci səlahiyyət sahibinin parlamentin impiçment elan etmək imkanı olmayacaq. Zəruri situasiyalarda birinci-vitse-prezident parlamenti buraxmaq səlahiyyətinə malik olacaq. Onun özünü isə prezident vəzifədən çıxara və ya həmin posta başqa şəxsi təyin edə bilər.

Bəs birinci vitse-prezident vəzifəsinə ən real namizəd kimdir? İndi bu suala mediada və siyasi çevrələrdə cavab axtarılır. “Azərbaycan Konstitusiyasına Əlavə və Dəyişikliklər Haqqında Referendum Aktı”nda prezidentliyə namizədin aşağı yaş həddinin ləğvinin təklif olunması dərhal birinci vitse-prezident postuna 35 yaşı tamam olmamış bir gəncin təyin olunacağı barədə ehtimalları ortaya çıxartdı. Ancaq bu indiki şəraitdə real görünmür. Gələcəkdə isə belə bir təyinatın olması mümkün ola bilər. Hazırda birinci vitse-prezident vəzifəsinə idarəetmə sahəsində geniş təcrübəyə malik bir şəxsin gətirilməsi ehtimalı daha yüksəkdir.

Birinci vitse-prezident həm də xarici qüvvələrə bağlı olmayan şəxslər arasından seçilə bilər. Yəni, həmin kadr nə Qərbin adamı, nə də Rusiyanın “5-ci kalon”unun təmsilçisi olacaq. Əks təqdirdə, Azərbaycanda siyasi dəyşikliklərdə maraqlı olan ABŞ və Avropa , eləcə də Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməkdə maraqlı olan Rusiya hakimiyyət dəyişikliyinə nail olmaq üçün dərhal hərəkətə keçə bilər. Ona görə də birinci-vitse prezident postuna adı hallanan adamlardan biri də baş nazir Artur Rəsizadədir. Vitse-prezidentlər isə Prezident Administrasiyasından təyin olunacaq və administrasiyanın işinin gücləndirilməsi təşkil ediləcəkdir.

Artur Rəsizadənin siyasi iddiasının olmaması bu məsələdə onu şanslı edir. Oqtay Əsədovun adı isə baş nazir postuna da real namizədlərdən biri kimi çəkilir. Ancaq hökumətə islahatçı bir şəxsin rəhbər gətiriləcəyi ehtimalı daha böyükdür. Yəni, Ərdoğanın Türkiyədə tətbiq etdiyi “güclü prezident-çalışqan baş nazir” modelinin Azərbaycanda da işə salınacağı gözlənilir. Oqtay Əsədov isə heç bir islahatçı fəaliyyəti ilə tanınmır.

Baş nazir postuna isə üç əsas namizədin adı çəkilir. Yeni hökumət başçısı hakimiyyət daxilindən seçilmiş işgüzar kadr olmalıdır. Onun gəlişi ilə hökumət daxilində də ciddi struktur və kadr dəyişiklikləri aparıla bilər. Baş nazir vəzifəsinə üç nəfərdən birinin-maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev və “ASAN Xidmət” Mərkəzinin rəhbəri İnam Kərimovun gətiriləcəyinə dair xəbərlərin sayı artır. Samir Şərifov ilk baxışda şanslı görünür. O, idarəetmə təcrübəsinə malik olmaqla yanaşı, prezidentə də yaxınlığı ilə tanınır. Ancaq onun Qərbin, əsasən də ABŞ-ın siyasi dairələri ilə yaxın olması barədə məlumatlar Samir Şərifovun baş nazirliyə gedən yolunu əngəlləyə bilər. Xatırladaq ki, bir müddət öncə Rusiya mediası Samir Şərifovun üç ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi və ABŞ-ın onu Azərbaycanda hakimiyyətə gətirmək niyyəti barədə məqalə də dərc etmişdi.

Buna baxmayaraq, Azərbaycanda baş verən iki devalvasiya prosesindən sonra yaranmış maliyyə-iqtisadi böhran şəraitində ölkə rəhbərliyi vəziyyətdən çıxış yolunun tapılmasında Samir Şərifova etimad göstərdi. Mərkəzi Bankın rəhbərliyindən narazılığın artması fonunda maliyyə nazirinin siyasi nüfuzu artmağa başladı. Hətta onun adı Azərbaycanda siyasi dəyişikliklər olacağı halda keçid hökumətinin rəhbərliyinə əvəzedici şəxs kimi çəkilirdi. Bu baxımdan, Samir Şərifovun baş nazir kürsüsünə gətirilməsi devalvasiyadan sonra zərurət yaranmış bir sıra irimiqyaslı iqtisadi və siyasi islahatları təmin etməkdə bəlkə də mühüm rol oynaya bilər. Eini zamanda, maliyyə nazirini prezidentlik səlahiyyətlərini icra edən üçüncü şəxsə çevirmiş olar.

Şahin Mustafayev də dövlət başçısına sədaqəti ilə seçilən nazirlərdən hesab olunur. Amma onun bu vəzifəyə gəlişindən sonra Azərbaycan iqtisadiyyatı ciddi islahatların aparılması ilə yadda qalmayıb. Devalvasiyadan sonra yaranmış maliyyə böhranı real sektora ciddi mənfi təsir göstərib, işsizliyin səviyyəsi sürətlə artıb, ölkə iqtisadiyyatı idxaldan asılı vəziyyətdədir, inhisarçılıq başlıca problem olaraq qalır, aqrar sektor isə sanki İqtisadiyyat Nazirliyinə aidiyyatı yoxmuş kimi Kənd Təsərrüfatı Nazirliyinin öhdəsinə buraxılıb.

Ölkədə yeganə özünü doğrulmuş fəaliyyət sahəsi “ASAN Xidmət” Mərkəzidir. Bu qurumun yaranması və fəaliyyətinin genişləndirilməsi məmur-vətəndaş əlaqələrinin aradan qalxması, rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması, dövlət xidmətinin elektron qaydada sadələşdirilməsi kimi qaydaların tətbiqində mühüm rol oynayıb. “ASAN Xidmət” prezidentin ən çox razı qaldığı sahədir. Ona görə də bütün dövlət orqanlarının fəaliyyətinin asanlaşdırılması prioritet istiqamət seçilib. Bu səbəbdən İnam Kərimovun da baş nazir postuna gətirilməsi xəbəri ciddi təsir bağışlayır.