backend

Qərb təşvişdə, Putin Qarabağı qaytaracaq və.... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qərb təşvişdə, Putin Qarabağı qaytaracaq və.... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani Bakıdadır. Bu, dəyişən geosiyasi mənzərələr fonunda ən vacib məqamlardan biri hesab oluna bilər. Təsadüfi deyil ki, dünyanın gözü məhz Bakıdakı görüşə dikilib. Ermənistan isə Bakıdakı görüşdən olduqca narahatdır. Xüsusilə Sarkisyanın avqustun 10-da Moskvaya səfəri fonunda İrəvan Bakı görüşünün onun üçün yaxşı heç nə vəd etmədiyini anlayır. Türkiyə də Bakı görüşünü xüsusi izləyir. Ehtimallara görə, regionda Rusiya-Türkiyə-İran və Azərbaycan ittifaqı yarana bilər.

Bakıda Ərdoğan müzakirəsi

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşlərinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da qatılmasını istəyirik.

Bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani Bakıda Rusiya prezidenti Vladimir Putinlə bu məsələni müzakirə edəcək.

Rusiya prezidenti Vladimir Putinin Bakı səfərində ən mühüm detal Dağlıq Qarabağ məsələsidir.

“Putin Qarabağ münaqişəsini sürətli həllinə çalışır”.

Bu barədə rusiyalı politoloq Sergey Markov deyib.

Bakıda Prezident İlham Əliyevlə görüşən Vladimir Putin də eyni fikirləri səsləndirib və bildirib ki, “Rusiya çalışacaq ki, Dağlıq Qarabağ münaqişəsinin güzəştli və tərəflər üçün münasib həll variantını tapsın”.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistan üçün nə qədər ağır məsələ olduğunu anlayır.

“Biz bu münaqişənin hər iki tərəfin maraqları çərçivəsində həllinə çalışacağıq. Bu məsələnin həllində qalib hər iki ölkənin xalqı olsun və münaqişə bugünkü və gələcək nəsillərin maraqları çərçivəsində həll edilsin”, - deyə o qeyd edib.

İlham Əliyevdən Putinə təşəkkür

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolunu xüsusi vurğulamaq istəyirəm”.

Bu barədə isə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Dövlət başçısı iyun ayında Sankt-Peterburqda keçirilmiş görüşün problemin həllinə həsr edildiyini xatırladıb.

“Mən sizə bu prosesdə aktiv iştirakınız üçün təşəkkür edirəm”, - deyə dövlət başçısı Azərbaycanda qonaq olan Rusiya prezidentinə bildirib.

Prezident İlham Əliyev Rusiya və Azərbaycan prezidentlərinin sıx görüşlərinin ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verdiyini dilə gətirib: “Hansı ki, bizim münasibətlərimiz çoxdan strateji əməkdaşlıq səviyyəsinə qalxın və demək olar ki, bütün sferaları əhatə edir. Beynəlxalq arenada qarşılıqlı əməkdaşlıq var, siyasi dialoq və iqtisadi əməkdaşlıq möhkəmləndirilir. Bundan başqa, Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü yeni formatdır. Bu format ölkələrin iqtisadi inkişafına, regionda təhlükəsizliyin möhkəmləndirilməsinə imkan yaradacaq”.

Vladimir Putin də Azərbaycan prezidentinə təşəkkür edib.

O, Bakıda Həsən Ruhani ilə görüşərkən, yaradılan şəraitə görə İlham Əliyevə minnətdarlığını bildirib.

Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani də öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlayıb.

Qərb təşvişlə Ərdoğan-Putin görüşünü gözləyir

Gözlərin Bakıya dikildiyi bir vaxtda Ərdoğanın sabah – avqustun 9-da Sankt-Peterburqda Vladimir Putinlə görüşü də diqqətlə izlənilir. Bu, Türkiyə prezidentinin 15 iyul dövlət çevrilişinə cəhddən sonra ilk xarici səfəridir.

Ərdoğanın 15 iyul çevriliş cəhdindən sonra ilk xarici səfərini Rusiyaya etməsi Qərbi narahat edir.

Bu barədə “Financial Times” nəşri yazıb.

Nəşrə açıqlama verən “Karnegi” fondunun Moskva nümayəndəliyinin eksperti Aleksey Malaşenko bildirib ki, Türkiyənin NATO-dakı müttəfiqləri ilə gərgin münasibətləri Rusiya üçün son dərəcədə sərfəlidir.

“Financial Times” yazıb ki, Türkiyə dövlət çevrilişindən sonra Rusiyanın verdiyi dəstəkdən məmnundur.

“Prezidentin sözçüsü İbrahim Kal da ötən həftə “TASS”-a açıqlamasında “Rusiya Federasiyasının bu məsələdə açıq mövqeyini bildirməsini alqışlayırıq” deyə bildirdi. Bunun əksinə olaraq çevriliş cəhdindən sonra türk rəsmiləri ABŞ-ı tənqid etdilər, həmçinin, Fətullah Gülənin ekstradisiyası üçün Vaşinqtona sərt reaksiya göstərdilər”, - deyə nəşr qeyd edib.

Nəşrə danışan Moskvadakı bir türk diplomat Türkiyə-ABŞ münasibətləri haqda belə deyib: “ABŞ-la münasibətlərimiz son 50 ildə ən pis səviyyəyə çatıb. Bu, Rusiyanı cəzbedici alternativ edir”.

Türkiyənin siyasi manevrləri fonunda PKK terror təşkilatı yenidən aktivləşib.

“Dövlət şəhərlərə nəzarət edə bilməyəcək”.

Bu haqda PKK rəhbərlərindən olan Cəmil Bayık Türkiyəni təhdid edərkən deyib.

O, PKK-nın planlarında dəyişikliklər etdiklərini açıqlayıb: “Savaş artıq təkcə dağlarda deyil, şəhərlərdə, kəndlərdə, qəsəbələrdə də aparılacaq. Şəhərlərdə polislər əvvəlki kimi rahat yaşamayacaq. Artıq dövlət şəhərlərə nəzarət edə bilməyəcək”.

Generallar terrorçulara pənah apardı

15 iyul dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olandan sonra bir çox hərbiçilər PKK-ya sığınıb.

Məlumata görə, qiyamdan sonra 3-ü general olmaqla 60 zabit “Sikorski” tipli helikopterlərlə Silopiyə gedib. “Sözcü” qəzeti yazıb ki, fərari hərbiçilərə Gölbaşında Xüsusi Təyinatlı Komandanlığın qərargahını ələ keçirmək istəyərkən başından vurularaq öldürülən general Semih Tərzinin nəzarətindəki Silopi Xüsusi Təyinatlı Qüvvələr bazasındakı qiyamçılar yardım edib.

Qiyamçı hərbiçilər Silopa gəldikdən sonra Şimali İraqa keçiblər.
Məlumata görə, 3-ü general olmaqla 60 zabit Zahoda PKK terrorçuları tərəfindən qarşılanaraq, Qəndildəki düşərgəyə aparılıblar.
Türkiyə kəşfiyyatı PKK-ya sığınan zabitlərin bəzilərinin adlarını açıqlayıb: Admiral Mustafa Zeki Uğurlu, general Mehmet Nail Yigit, general Eli Kalyoncu, admiral Ayhan Bay, admiral İrfan Arabacı, admiral Eli Suat Aktürk, admiral Hayrettin İmran və general Mehmet Zeki Qıraplanın terrorçulara pənah aparanlar arasında olduğu deyilir.

Ehtimallara görə, PKK-ya sığınan qiyamçılar saxta pasportlarla Avropaya keçməyi planlaşdırır.

Fətullah Gülən ölüm əmrini belə verib

PKK-ya sığınan hərbiçilərin “tapındıqları” Fətullah Gülənin TBMM-nin Sivasdan seçilmiş deputatı Muhsin Yazıcıoğlunun öldürülməsi ilə bağlı əmr verməsini əks etdirən şok səs yazısı yayılıb.

Səs yazısına əsasən Fətullah Gülən adı çəkilməyən imamına Muhsin Yazıcıoğlunun öldürülməsini əmr edir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş deputatı, Böyük Birlik Partiyasının təsisçisi və ilk sədri Muhsin Yazıcıoğlu 25 mart 2009-cu ildə baş verən helikopter qəzası zamanı həlak olub.

Türkiyəni parçalamağın yollarını axtarırlar

Türkiyəni parçalamaq üçün Qərbin planları tükənmir.

Məlumatlara görə, Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ zabitlərinin “Amerikada US Naval Postgraduate School”da təhsil aldıqları ortaya çıxıb. Bu məktəbdə dərs keçən müəllimlərim kimliyi diqqət çəkir.
Bağlanan “Taraf” qəzetinin şef redaktorunun müavini Yasemin Çonqarın həyat yoldaşı, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) casusu Kris Mason da bu məktəbin müəllimləri arasındadır. Məktəbdə əsasən CİA agentləri yetişdirilir.

K. Masonun dərsləri arasında ən diqqət çəkəni “Modern türk tarixi”dir. Bu dərsdə məcburi qaydada hər kəs iştirak etməlidir.

K.Mason Osmanlı amanından indiyə qədər Türkiyə tarixini incələyir.

Əsas tezisləri bunlardır:

- İslamdan öncə Türkiyə mədəniyyətinin təsirləri və bu mədəniyyətin davamı.
- Beynəlmilər, modernlik haqqında türk tezisləri.
- Dünyəvilik və Qərbləşmə üçün türk tezisləri.
- Modern Türkiyədə etnik azlıqların yeri.
- Çağdaş türk mədəniyyəti və siyasətində kamalizm və islamçı cərəyanlar arasında çəkişmələr.

***

Pakistan qana boyandı

“Taliban” hərəkatının “Djamat-ul-Axrar” qruplaşması Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində terror aktı törədib. Hadisə nəticəsində 93 nəfər insan həlak olub. Ölənlərin sayının artacağı gözlənilir.