backend

Salyan RİH-nin vəzifəliləri məsuliyyətə cəlb ediləcək

Salyan RİH-nin vəzifəliləri məsuliyyətə cəlb ediləcək

“Bəzi işçilərə faktiki işləmədikləri halda əmək haqqı ödənilib, təmizlik işlərinə xidmət məqsədi ilə vəzifələr müəyyənləşdirilərkən əməyin ödənişi üzrə işçilərə müvafiq dərəcə təyin olunmayıb, bəzi vəzifələr üzrə əmək haqqı düzgün müəyyənləşdirilməyib və nəticədə artıq əmək haqqı ödənilib”.

Bu barədə Azərbaycan Hesablama Palatasının 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatında qeyd edilib.

Hesabata deyilir ki, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi, yaşıllıqlara xidmət xərcləri proqnozlaşdırılan zaman müntəzəm süpürülən, qulluq edilən yaşıllıq sahələrinin və işıq nöqtələrinin dislokasiyası tərtib edilməyib, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi xərclərinin icrası zamanı vəsaitlərin funksional təyinatı dəyişdirilib, malların (işlərin və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyib, iddiaçılarla bağlı zəruri məlumatların araşdırılmaması müqavilələrə xitam verilməsi ilə nəticələnib.

Əsaslı təmir işlərinin yerinə yetirilməsində də tikinti norma və qaydalarına riayət edilməməsi aşkarlanıb:

“Həmçinin, yolun kənar hissələrində norma üzrə nəzərdə tutulan maillik dərəcəsinə riayət edilmədiyindən yağış suları yolun səthində qalaraq onun vaxtından əvvəl sıradan çıxmasına öz təsirini göstərib, mənzil fondunun əsaslı təmiri işləri aparılmış bir sıra obyektlərdə işlər podratçılar tərəfindən tam yerinə yetirilməyib, təsdiq edilmiş tələblərə riayət edilməməsi səbəbindən bir sıra abadlıq və təmir işləri keyfiyyətsiz yerinə yetirilib, küçələrin işıqlandırılması üzrə kreditor borcu olmadığı halda vəsait ödənilib, ilin sonunda icraçı təşkilatlarla üzləşmə aktları tərtib edilməyib”.

Hesablama Palatasının Kollegiyası Salyan rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Salyan rayon İcra Hakimiyyətinə göndərilib.
Qaynarxett.az