backend

Bərdədə “Ərəbzəngi” tapılıb: Bəylərov məmurlardan da xərac yığır - Detallar

Bərdədə “Ərəbzəngi” tapılıb: Bəylərov məmurlardan da xərac yığır - Detallar

Bərdənin bələdiyyə sədrləri və icra nümayəndələri rayon daxilində müxalifətə çevrilir

Siyasi blok şəklində birləşəcək vəziyyətə çatan yerli məmurların ayrı əlacı qalmayıb.

Politika.Az-ın əldə etdiyi özəl məlumata görə, buna səbəb Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovdur.

Z.Bəylərov adı mətbuata tanışdır və müxtəlif neqativ hadisələrdə ismi hallanıb. Amma şöbə müdirinin əməllərinə “dur” deyən tapılmır. İş o yerə çatıb ki, artıq bələdiyyələr və icra nümayəndələri də boğaza yığılıb.

Rayonun “Həsən ağa”sına çevrilmiş Bəylərovun qeyri-rəsmi tələbləri onları intihara çatdırıb. Belə ki, RİH-də şöbə müdiri vəzifəsindən sui-istifadə edən Z.Bəylərov məmurlardan müxtəlif işlər adı altında pul tələb edir.

Bu tələbi yerinə yetirməyənlər isə “qara siyahı”ya salınır, cəzalandırılır. Həmin vəsaitlərin hansı məqsədlə yığıldığı bilinmir.

Amma çox çəkmir ki, Bəylərovun Bakıda və ya Tərtərdə yeni obyekt aldığından xəbər tuturlar. Bu əlverişli özbaşınalıq şəraitini ona yaradan Bərdənin icra başçısı Vidadi İsayevin olduğu deyilir.

Politika.Az-a daxil olan məlumata görə, V.İsayev Z.Bəylərovu Tərtərdən transfer edib. Ki, insanlara zülm etməyi, vəzifə səlahiyyətindən istifadə edərək büdcə pullarını talamağı, villa və obyektlərin sayını artırmağı Bərdədə davam etdirsin.

Z.Bəylərov da V.İsayevin ümidlərini doğruldur və peşəkar kadr potensialı olmayan bu məmur bələdiyyə və icra nümayəndələrinin gününü “göy əksiyə bükür”,
İddialara görə, şöbə müdirinin Tərtərdə, Bərdədə, o cümlədən paytaxtda obyektləri fəaliyyətdədir. Həmçinin, torpaq sahələri, imarətləri, maşın kolleksiyası da əskik deyil.

Bildirilir ki, hüquq-mühafizə orqanları onun telefon zənglərini dinləməklə hansı əməllərin sahibi olduğunu təsbit edə bilər. Ancaq Z.Bəylərov V.İsayevin himayəsi altında məsuliyyətə cəlb olunmayacağına arxayındır.

Bərdədə yerli peşəkar kadrlar olduğu və minlərlə savadlı gəncin işsiz qaldığı halda Tərtərdən Z.Bəylərovun gətirilməsi məhz şəxsi maraqlara xidmət edir.

Politika.Az-a deyilib ki, şöbə müdiri baxça müdirlərinə də qənim kəsilib.

Son aylarda Bərdədəki baxçaların müdirləri şöbə müdirinə hər ay 150-200 manat rüşvət verməyə məcbur olublar.

Şöbə müdirinin tələbini yerinə yetirməkdən imtina etməyə isə heç kimin cəsarəti çatmır. Bəylərovun hədə-qorxusundan canlarını qurtarmaq istəyən müdirlər tələb olunan rüşvəti ödəyir.

Görünür, şöbə müdiri Sulutəpə qəsəbəsində tikdirdiyi sarayı məhz bağça müdirlərinin hesabına ucalda bilib. Həmin villanın qeydiyyatı isə şöbə müdirinin qaynanasının adına olduğu deyilir.

Yada salaq ki, Qurban bayramında rüsvayçı qalmaqalla gündəmə gəlmiş Bəylərov mətbuatda tarix yazmış məmur kimi yaddaşlara həkk olub.

Belə ki, şöbə müdiri kəsilmək üçün alınmış 780 baş xırdabuynuzlu, 50 baş iribuynuzlu heyvanı gecəykən satıbmış.

Tərtər Sosial Müdafiə Mərkəzində çalışarkən əlillərin müavinətini mənimsədiyinə görə işdən qovulmuş, 2011-ci ildə Bərdəyə gəlmiş Zaur Bəylərova Qurban bayramı ilə əlaqədar tədbirlər həvalə olunur.

Bəylərov rayonun 40 inzibati ərazi dairəsinə, 109 bələdiyyəyə və 110 idarə rəhbərinə, fermerlərə, iş adamlarına qəti göstərişlər verib və tələb edib ki, diri çəkisi 30 kq olmaqla quzular, 100 kq olmaqla iribuynuzlu heyvan gətirməlidirlər. Bərdənin İqtisadiyyat Kollecinin emalatxana anbarına gətirilir və orada birbaşa Zaur Bəylərova təhvil verilir.

Elə mərəkə bundan sonra başlayıb. Rayona gəlmiş AzTV və digər telekanalların əməkdaşları hər hansı bir tədbirin keçirilmədiyini görüb gediblər.

İddia edilir ki, Bəylərov həmin heyvanların bir qismini ucuz qiymətə yerli qəssablara satıb. Bir qismi isə maşınlarla başqa istiqamətlərə aparılıb.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.