backend

Müxalifət kimi vitse-prezident görmək istəyir?

Müxalifət kimi vitse-prezident görmək istəyir?
Mirmahmud Mirəlioğlu: “Özləri bu məsələləri həll edəcəklər”

Tural Abbaslı: “Kimin bu posta yiyələnməsi maraqlı deyil”

Əli Əliyev: “Vitse-prezidentlik postlarını 3 qrupa bölməyin tərəfdarıyam”


Referendumda konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı keçiriləcək referendum yaxınlaşdıqca, vitse-prezidentlik postu ətrafındakı müzakirələr artmaqdadır. Artıq hakimiyyət dəhlizlərində kimlərin bu postları tutacaqları ilə bağlı fikirlər səslənməyə başlayıb.

Naxçıvan Ali Məclisinin sədri Vasıf Talıbov və baş nazir Artur Rasi-zadənin adları bu psota namizədlər sırasında daha çox hallanır. Yalnız ölkənin müxalifət düşərgəsi bu məsələdə susqundur. Yəni müxalifət təmsilçiləri kimlərin vitse-prezident ola biləcəyi, yaxud olarsa nələrin baş verə biləcəyi ilə bağlı heç bir mövqe sərgiləmirlər. Demokratik düşərgənin bu yöndə təxminlərinin, namizədinin olmaması açıq şəkildə görünür.

KXCP sədri Mirmahmud Mirəlioğlu bu məsələdə susqun olmalarına səbəb olan amilləri göstərdi: “Biz bu dəyişiklikliyin əleyhinəyik. Məsələnin bu bir tərəfidir. Məsələnin ikinci tərəfi odur ki, hakimiyyət nəyi planlaşdırır, necə planlaşdırır, bu barədə öz mülahizələrimizi yalnız deyə bilərik. Bu mülahizələrimizin çoxu isə onlara gülməli gəlir. Onların özləri bu məsələləri həll edəcəklər. Vitse-prezident kim olacaq, hansı komandadan olacaq, indidən dəqiq bilinmir. Ola bilər ki, nazir olan bir şəxs orada olan bir şəxsə görə vitse-prezident olsun. Yəni birinci müavin də nazir olsun. Birinci vitse-prezident postu şəxsi sədaqətə, peşəkarlığa, nüfuza görə müəyyən ediləcək. Nəinki bizim, komanda da olanların belə dedikləri bir kənarda qalacaq. Son seçimi də birinci şəxs edəcək. Ona görə bu məsələdə deyilənlər sadəcə indiki vaxtda bir zarafatdır. Özümə və başqalarına rəva bilməzdim ki, kiminsə adını çəksinlər. Vasif Talıbovun adını çəkənlər təbii ki, onun xidmətini nəzərə alırlar. Bəs Artur Rasi-zadənin adını çəkənlər nəyi nəzərə alırlar, 20 Yanvarımı? Bir də onun yaşınımı?”

AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, bu məsələnin indiki şəraitdə bu qədər müzakirə olunması siyasi etik cəhətdən düzgün deyil: “Xalqın iradəsinin referendumda necə təzahür edəcəyini indidən müəyyən etmək olmaz. Bu baxımdan indidən vitse-prezident müzakirələrinin bu qədər gündəmdə olmasını siyasi etikaya sığmadığını düşünürəm. Qəbul edirəm ki, insanlar seçkiyə inanmırlar. Amma istənilən halda hər bir siyasətçi etiket qaydalarını qorumalıdır. Konkret mövzuya gəldikdə isə, dünyanın prezident üsuli-idarəsi olan ölkələrdə bu sistem işləyir. ABŞ nümunəsi var. Seçkilər dönəmində müəyyən dərəcədə namizəd bilinir. Amma biz də əksidir. Prezident təyin edəcək. Düşünürəm ki, seçki yolu ilə bu postların sahibi müəyyən olunsa, daha müsbət effekti olacaq. Kimlər vitse-prezident olacaq, burada şəxslər yox, kriteriyalar müəyyən olunmalıdır. Düşünürəm ki, birinci vitse-prezident postuna xalqın dəstəklədiyi birləşdirici fiqur təyin olunmalıdır. Bu şəxs müxalifətə də, iqtidara da aid ola bilər. Çünki bu postun sahibi ölkə rəhbərinin siyasi fövqəladə vəziyyət halında vəzifəsini icra edə bilməyəcəyi təqdirdə, səlahiyyətləri icra edəcək şəxsdir. Çox önəmli postdur. Bu baxımdan ümumi razılıqla olan şəxs vitse-prezident olmalıdır. Hakimiyyət komandasından olan hansısa qüvvə gücü ilə namizədini təyin etdirə bilər. Referendumdan sonra vitse-prezidentlərlə bağlı qanun qəbul edilməsinin tərəfdarıyam. Hansı kriteriyalara sahib olmalı kimi hallar qanunla tənzimlənməlidir. Konkret kimlərin bu posta sahib olacağını demək çətindir. Üzdə olan iqtidar təmsilçilərindən istənilən şəxs vitse-prezident ola bilər. Bu postlar hakimiyyətdaxili bəzi narazılıqları aradan qaldırmaq üçün də yaradıla bilər. Kimin post yiyələnməsi o qədər də maraqlı deyil”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev referenduma vitse-prezidentlər postu prizmasından yanaşılmasının əleyhinədir: “Düşünürəm ki, sualda qaldırılan vitse-prezident postu barədə fikirləri ümumi kontekstdən qopararaq dəyərləndirmək yanlışa yuvarladar. Ümumi olaraq, referendum müəllifi prosesləri və idarəçilik vasitələrini tamamilə bir ələ toplamaq, komandanın aqibətini fors-major asılılığından xilas etmək və hər hansı bir təsadüfü aradan qaldırmaq məqsədi güdür. Bunu məhkəmə və qanunverici hakimiyyət üzərində tam və qəti nəzarəti həyata keçirmək, mülkiyyət hüququnun məhdudlaşdırılması yolu ilə oliqarxiyanı nəzarətdə saxlamaq, hakimiyyətdaxili bioloji nəsil dəyişikliyini proqnozlaşdırılan etmək, yeni komanda dalğası üçün yolun qarşısını açmaq yolu ilə həyata keçirmək istəyir. Vitse-prezident postu ali hakimiyyəti nəzarətdə saxlamaq və fikrimcə, Qarabağ məsələsində həll aktuallaşsa, istifadə etmək üçün nəzərdə tutulub. Vitse-prezidentlik postlarını 3 qrupa bölməyin tərəfdarıyam. Bunların içində mühümü birinci vitse-prezident postudur ki, bu statusu digərlərindən fərqləndirmək lazımdır. Çünki təyin olunacaq bu şəxs hakimiyyət ierarxiyasında 2-ci şəxs olacaq və bu posta təyin olunacaq şəxs bilavasitə İlham Əliyevin etibar etdiyi insan olmalıdır. Digər vitse-prezidentləri önəmli saymasamda, təyinatları daha çox regional mənsubiyyətli görürəm. Hakimiyyət regional dəngə yaratmaq görüntüsünə çalışacaq. 2-ci qrupa daxil olan vitse-prezidentlər ballast missiyası daşıyacaq. Əhəmiyyətinə görə 2-ci olsa da, 3-cü qrupa daxil olacaq vitse-prezidentləri 1 və ya 2 nəfər görürəm. Bu qrup rəhbərlər Dağlıq Qarabağ konflikti üçün işə salına bilər. Fərziyyə kimi söylədiyim bu versiya o vaxt gərəkli ola bilər ki, beynəlxalq güclər problemin həllini zorla şərtləndirər və hakimiyyət çıxış yolu kimi vitse-prezidentlərdən birini və ya ikisini də Dağlıq Qarabağ icmalarının mənsublarından təyin edə bilər. Əminliyim ondadır ki, bu problemin həlli bugünkü şərtlər daxilində aktuallaşarsa, razılıq sənədinin altında tanımadığımız şəxsin imzası duracaq. Belə proseduranı həyata keçirmək üçün də referendum müddəalarında nəzərdə tutulmuş bənd mövcuddur. Adı çəkilən 3-cü qrup vitse-prezidentlər hakimiyyətə qarşı ciddi beynəlxalq koalisiyanın formalaşması və olmazın təzyiqlərin mövcudluğu daxilində mümkün görürəm. Başqa versiyaların ərsəyə gəlməsini də hesablamaq olar. 2 və 3-cü qrup potensial namizədlər haqda fikir yürütmək istəməzdim. Bu o qədər də önəmli deyil”.