backend

Sensasiya: İqtidar qəzeti Əli Kərimli və Arif Hacılıdan nələr yazmadı?! - ÖZƏL

Sensasiya: İqtidar qəzeti Əli Kərimli və Arif Hacılıdan nələr yazmadı?! - ÖZƏL

İqtidar mediası müxalifətə çarpaz atəş açmağa start verib

Referendum ərəfəsində fəallaşan AXCP və Müsavata yönəlik ititham dolu məqalələr dərc olunur.

Politika.Az onlardan ikisinin ixtisarla arayışını hazırlayıb. “Yeni Azərbaycan” qəzeti saxta yolla sədrlik kürsüsünü zəbt edən Arif Hacılı MSK-ya da saxta imzalar təqdim edib başlığı ilə yazı dərc edib.

Məqalədə deyilir ki, Müsavat Partiyasının “təkbaşına aksiya” oyununun arxasında xarici ermənipərəst dairələrdən pul almaq istəyi dayanır: “Təşviqat qrupu şousu” planı baş tutmayan Arif Hacılı isə özünü “təmizə” çıxarmaq üçün indi də müxtəlif yollara baş vurur.

Belə ki, hər zaman məntiqsizliyi ilə ad çıxarmış radikal düşərgə təmsilçilərinin tipik nümayəndəsi olan Arif Hacılı imza toplaya bilməmələrinin də səbəbini min bir yerə yozmaqla məşğuldur.

Daha doğrusu, etibarlı imzaları toplaya bilməmələrinin günahını hökumətdə, dövlətdə, xalqda, hətta isti keçən havalarda belə görən Arif Hacılı etiraf etmək istəmir ki, onun partiya daxilində apardığı repressiya siyasəti nəticəsində “Müsavat” ailə birliyinə çevrilib”.

Politika.Az-ın məlumatına görə, qəzetin digər səhifəsində isə AXCP sədri Əli Kərimlinin FƏTÖ ilə əməkdaşlığından bəhs edilib.

Sitat: “FETÖ-Kərimli işbirliyinin ştrixlərinin ortaya çıxması AXCP sədrinin təşvişinə səbəb olub.

Dünənə qədər FETÖ ilə əlaqələrini inkar edən Ə.Kərimli artıq özünü müdafiə etmək üçün başqa yollara əl atır. Belə ki, Ə.Kərimli artıq suçluluq psixologiyasından doğan etiraflar səsləndirməyə başlayır.

Fətullah Gülənlə əlaqələri ilə bağlı yazılan faktları təkzib etməkdə aciz olan Ə.Kərimli haqqında yazılanları oxuduğunu və təəccüblənmədiyini bildirib. Bu da təbii haldır. Belə ki, Ə.Kərimli artıq anlayır ki, FETÖ ilə əlaqələrini heç cür gizli saxlaya bilməyəcək.

Bu adam guya özünü müdafiə etmək üçün el təbirincə desək, hadisələri qabaqlamağa çalışır. Yəni, “hər zaman həbs olunma ehtimalımı mümkün saymışam”, - deyən Ə.Kərimlini belə düşünməyə məcbur edən onun suçluluq psixologiyasıdır. Axı o, özü öz əməllərindən xəbərdardır və bu mənada etdiyi əməllərin üstünün açılacağını bilir”.