backend

Adamyeyən prezident, Qafqazdan NATO-ya müharibə elanı, “Rus Maydanı”nın vaxtı...

Adamyeyən prezident, Qafqazdan NATO-ya müharibə elanı, “Rus Maydanı”nın vaxtı...

Həftənin ilk günündə Çində təşkil edilən G20 (“Böyük iyirmilik”) sammitində keçirilən görüşlər və verilən bəyanatlar gündəmin əsas mövzusu idi. Türkiyə Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı qarşıya qoyulan hədəfə çatmaqdadır. Ankara ABŞ, Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə İŞİD-in de-fakto “paytax”ı olan Suriyanın Rakka şəhərinin azad olunması barədə planlar qurur. Bu gün isə ABŞ və Rusiyanın xarici siyasət idarələrinin başçıları 15 saatlıq danışıqlardan sonra Suriyada atəşkəsin elan edilməsi barədə razılığa gəldilər.

Putin və Obama nədən danışdı?

Heç şübhəsiz ki, Çinin Xançjou şəhərində keçirilən G20 (“Böyük iyirmilik”) sammitində əsas hadisə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında keçirilən görüş oldu.

Bir saat 10 dəqiqə davam edən görüşdə Suriya və Ukrayna məsələləri müzakirə edilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün yaxşı keçdiyini bildirib.

G20-də QALMAQAL: Obama Putinin əlini sıxmadı. Bir çox beynəlxalq tədbirlər kimi G20 sammiti də qalmaqalsız keçmədi. Çinin Xançjou şəhərində keçirilən G20 sammitindən əvvəl liderlərin şəkil çəkmə mərasiminə ABŞ prezidenti Barak Obamanın hərəkəti damğa vurub. Rusiyalı müxbir Dmitri Smirnov Barak Obamanın Rusiya prezidenti Vladimir Putinin əlini sıxmadığını bildirib.

G20-yə “hədiyyə”

Çində dünya liderlərinin toplandığı bir vaxtda Şimali Koreya davakar xasiyyətini növbəti dəfə nümayiş etdirdi. Koreya Xalq Demokratik Respublikasının atdığı ballistik raketlər Yaponiyanın Xokkaydo adasının dəniz ərazisinə düşüb.

Sentyabrın 9-da Şimali Koreya daha da irəli gedərək sayca 5-ci nüvə sınağını həyata keçirdi. Nüvə sınağı ən güclü təkanlarla qeydə alınıb. Nüvə sınağının keçirildiyi poliqonda 4,8-5,3 bal gücündə zəlzələ meydana gəlib. ABŞ-ın Geoloji Araşdırma Mərkəzi sözügedən nüvə sınağı zamanı zəlzələ ilə yanaşı böyük partlayışın da əmələ gəldiyini qeydə alıb.

Ərdoğan Moskvada Əsədlə görüşəcək? – Kremldən AÇIQLAMA

Həftə ərzində maraqla qarşılanan xəbərlərdən biri də Türkiyə, Rusiya və Suriya prezidentlərinin mümkün görüşü haqqında idi.

Livanın “As Safir” qəzeti Türkiyə prezidenti sentyabrın sonuna kimi Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşəcəyini iddia edib. Nəşrin məlumatına görə, Türkiyə və Suriya prezidentlərinin görüşü 18-22 sentyabr aralığında olacaq. Lakin bu informasiya Kreml tərəfindən təkzib edildi.

Rusiya Azərbaycan sərhədinə QOŞUN YERİTDİ

Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsi sentyabrın 5-də irimiqyaslı strateji komanda-qərargah təlimlərinə başladı. Bu gün başa başa çatacaq “Qafqaz-2016” hərbi təlimlərdə Rusiya ordusunun 12,5 min hərbi qulluqçusu, aviasiya qüvvələri, müxtəlif hərbi texnikası və gəmiləri qoşulub. Təlimlər Cənub hərbi dairəsinin poliqonlarında, Qara və Xəzər dənizlərinin akvatoriyalarında keçirilib.

“Qafqaz-2016” təlimlərini şərh edən ekspertlər bu fikirdədir ki, Rusiya müharibəyə hazırlaşır. Onlar hətta, Rusiyanın bir neçə istiqamətdə müharibəyə hazırlıq gördüyünü iddia edirlər( http://publika.az/p/149589).

Türkiyənin İŞİD-lə sərhədi qalmadı

Avqustun 24-də başlanan “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusu sentyabrın 5-də Suriyanın şimalında Azez və Cerabls xəttini tam olaraq öz nəzarətinə keçirdi. Bununla da Türkiyə ilə İŞİD-in heç bir sərhədi qalmadı.


İslam Kərimov Putini diz çökdürdü

“Sıx qrafik”i əsas gətirərək Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etməyən Rusiya prezidenti Vladimir Putin avqustun 6-da Səmərqəndə gedərək bu ölkə uğrunda mübarizə aparanlara mesaj verdi.

Səfər şəxsi xarakter daşıyırdı və məqsəd İslam Kərimovun xatirəsini yad etmək idi.

Putin Səmərqənddə İslam Kərimovun ruhuna ehtiram əlaməti olaraq diz çökərək mərhum prezidentin məzarı önünə gül dəstəsi qoyub. Rusiya prezidenti həmçinin Kərimovun xanımı Tatyana Akbarovna və kiçik qızı Lola Kərimova ilə görüşərək onlara İslam Kərimovun ölümü ilə əlaqədar başsağlığını ifadə edib.

Ağ Evdə son aylarını keçirən Barak Obama filippinli həmkarı tərəfindən təhqir olundu. Laosda keçiriləcək Şərqi Asiya Ölkələri sammiti (ASEAN) əsnasında mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən Duterte isteriyaya qapılıb və Obamanın anasını fahişə adlandırıb.

“Mən müstəqil və suveren ölkənin dövlət başçısıyam. Mənə sayğı göstərməli, nəyi nə zaman, necə etməyimlə bağlı göstəriş və əmrlər verməməlisən. Suallar və bəyanatları səpələməyə dəyməz. Bizi insan haqlarını pozmaqda suçlamazdan əvvəl ölkəmizdə nələr baş verdiyini anlasınlar. Əxlaqsız qadının oğlu, səni sammitdə lənətləyəcəyəm!" – deyə Rodrigo Duterte həmkarı təhqir edib.

Lakin sonradan Filippin prezidenti həmkarından üzr istəyib. O, Obamaya qarşı işlətdiyi ifadəsinə görə təəssüfləndiyini bildirib.

Filippin prezidenti Rodriqo Duterte isə tarixə terrorçuları diri-diri yeyən ilk dövlət başçısı kimi düşə bilər.

Dövlət başçısı “Abu Sayyaf” terror qruplaşmasının döyüşçülərini diri-diri yeməyə söz verib. “Onlar bunun üçün əvəz ödəyəcəklər. Vaxt gələcək, onları hamının gözləri qarşısında diri-diri yeyəcəyəm”, – dövlət başçısı bildirib.

Yeddi min “saatlı bomba” partlayacaq – PARTİZAN MÜHARİBƏSİ

İŞİD terror təşkilatının Türkiyə-Suriya sərhədində məğlub edilməsi və son dövrlər davamlı şəkildə torpaq itirməsi Avropa üçün böyük təhlükə yaradır. Bu barədə “Independent” nəşrinin xəbərində deyilir.

Nəşr qeyd edir ki, “Fərat Qalxanı” əməliyyatı ilə üç il sonra ilk dəfə NATO ilə birbaşa təması qalmayan İŞİD-in qərbli cihadçıları yenidən ölkələrinə qayıda bilər. İŞİD-ə qatılan qərbli cihadçıları “saatlı bomba”ya bənzədən təhlükəsizlik səlahiyyətliləri onların çox yaxşı təlim keçdiyini bildirirlər. “Independent” Avropaya qayıda biləcək “saatlı bombalar”ın sayının 5-7 min arasında olduğunu qeyd edib.

İŞİD Avropadakı tərəfdarlarını hücuma hazır olmağa çağırıb. “Avropadakı, xüsusilə Fransadakı qardaşlarımız hücuma keçməyə hazırlaşın, diqqətli və təmkinli olun”, - deyə terror təşkilatının sosial şəbəkə üzərindən yaydığı şifrəli mesajında deyilir.

İŞİD Türkiyəyə qarşı yeni təhdidlər səsləndirib.Terror qruplaşması “Dabıq” jurnalından sonra Roma mənasını verən “Rumiyah” adlı yeni jurnal çıxarmağa başlayıb. Jurnal Türk, Rus və Fransız dillərində yayımlanır. Jurnalının adının niyə “Rumiyah” seçilməsi onun ilk sayında açıqlanır.

“Jurnalımızın adının “Rumiyah” (Roma) seçilməsi Allahın qiyamətə yaxın bizim fəth edəcəyimizə işarə verdiyi yerdir. Rəbbimizdən arzulayırıq ki, bu torpaqları, həmçinin, ondan daha öncə fəth olunacaq Konstantinopolun (İstanbul) fəthini bizə nəsib etsin”, - deyə bildirilir.


Kremldə ÇEVRİLİŞ PLANI – “Rus Maydanı”nın vaxtı açıqlandı

Sosial şəbəkədə Rusiya millətçilərinin gizli kamera ilə çəkilmiş toplantısının videosu yayılıb. Toplantıda Vyaçeslav Maltsev, həmçinin Dmitri Demuşkin və Yuri Qorskiy iştirak edirdi.

Söhbətin gedişatında millətçilər Rusiyada çevrilişi müzakirə ediblər. Maltsev, Demuşkin və Qorskiy açıq şəkildə bildirir ki, hər şey 4 noyabrda “Rus marşı”ndan başlanmalıdır. “Noyabrın 4-də Lyublinoda çıxırıq, 5-də Kremldə bitiririk”, – Demuşkin bildirib (http://publika.az/p/149335).

Altı ay cinsi əlaqəyə girməyin! – ŞOK XƏBƏRDARLIQ

Dünya Səhiyyə Təşkilatı Zika virusunun geniş yayıldığı bölgələrdə yaşayan əhaliyə xəbərdarlıq edib.

Beynəlxalq təşkilat Zika virusunun yayılmasının qarşısını almaq üçün sözügedən bölgələrin əhalisindən 6 ay ərzində cinsi əlaqəyə girməmələrini istəyib.

Dünya Səhiyyə Təşkilatının daha əvvəlki xəbərdarlığı yalnız kişilərə idi və səkkiz həftə ilə məhdudlaşırdı. Məlumata görə, Zika virusunun aşkarlandığı 60 ölkədən 11-də virusun cinsi əlaqə yolu ilə yayıldığı müəyyən edilib.

Türkiyə ordusundan SON ZƏRBƏ hazırlığı – Ərdoğan siqnal verdi

Türkiyə-Suriya sərhədini İŞİD-dən təmizləyən Ankara bununla kifayətlənmək niyyətində deyil. Çində təşkil edilən G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ prezidenti Barak Obama İŞİD-in “paytaxt”ı Suriyanın Rakka şəhərinin azad edilməsi üçün birlikdə çalışmağı təklif edib.

Avqustun 9-da isə KİV-ə əməliyyatın detalları məlum oldu.

İngiltərənin paytaxtı Londonda "Fikirdaş Ölkələr" toplantısında iştirak edən olkələr Suriyada İŞİD-ə qarşı əməliyyatla bağlı ortaq fikrə gəliblər. Toplantıda Suriya münaqişəsinin həlli üçün İŞİD-in Suriyadan çıxarılmasının lazım olduğu, İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatın qaçılmaz olduğu təkrar vurğulanıb. Əldə edilən məlumata görə, Ramazan bayramından sonra Mosul və Rakkanın azad edilməsi üçün əməliyyatın keçirilməsi planlaşdırılır.

Əməliyyatda ABŞ və Türkiyə, həmçinin Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgə ölkələrinin də iştirakı təmin ediləcək. Bunun üçün ərəb ölkələri ilə müzairələr aparılacaq. Əməliyyat planına son şəklin 13-20 sentyabr tarixləri arasında Nyu-Yorkda keçiriləcək BMT sammitində verilməsi gözlənilir.

İlkin məlumata görə, Rakka əməliyyatına Azad Suriya Ordusuna daxil olan qrupların da qoşulması nəzərdə tutulur. Quru əməliyyatına hava dəstəyini isə Türkiyə və NATO verəcək. Türkiyə Azad Suriya Ordusuna zirehli texnika ilə dəstək verəcək. Səudiyyə Ərəbistanı, Qətər və əməliyyata dəstək verəcək digər bölgə ölkələri əməliyyatda iştirak edəcək gücləri silahla təchiz edəcək. Türkiyənin əməliyyata çox böyük hərbi güclə qatılması planlaşdırılmır.

Moskvada Qarabağ toplantısı

Sentyabrın 8-də Moskvada Dağlıq Qarabağla bağlı məsləhətləşmələr keçirilib.


Məsləhətləşmələrdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də qurumun fəaliyyətdə olan sədrinin köməkçisi Anjey Kaspşik iştirak edib. Bu, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə iyunun 20-də Sank-Peterburqda keçirilən prezidentlərin görüşündən sonra Qarabağla bağlı ilk toplantı idi.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktual məsələlər, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqa əldə olunmuş razılaşmaların reallaşdırılması vəziyyəti, habelə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.

Qiyamət burada başlayacaq – Azərbaycana o qədər yaxındır ki...

İŞİD terror təşkilatı Məhəmməd peyğəmbərin qiyamətlə bağlı söylədiyi deyilən “Romalılar Dabık və Amaka enmədikcə qiyamət qopmaz” hədisi ilə təbliğat aparır.

İŞİD qiyamətdən əvvəl “Melhame-i Kübra” kimi tanınan böyük döyüşün bu bölgədə baş verəcəyini bildirir.

Buna görə də İŞİD digər bölgələrdən fərqli olaraq bu bölgədə müqavimət göstərərək Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusunun irəliləməsinə mane olmağa çalışır. İŞİD-ə görə, III Dünya Müharibəsi də adlandırılan böyük döyüş Türkiyənin Kilis vilayətinin Elbeyli mahalının qarşısındakı Dabık ilə Hatay vilayətinin Amik düzənliyi arasında baş verəcək.

Dabık bölgəsi İŞİD üçün Əl-Babdan daha əhəmiyyətli hesab olunur. Buradakı döyüşdə qalib gələcəyinə inanan İŞİD İstanbulu da silahsız alacağı barədə təbliğat aparır. Terror təşkilatı media orqanlarına da “Dabık”, İstanbulun keçmiş adı “Konstantiniyye” və “Amaq” adlarını verib.

Türkiyə sərhədinin 20 kilometrliyində yerləşən bu bölgədə 1516-cı ildə Sultan I Səlimin başçılıq etdiyi Osmanlı ordusu ilə Məmlük ordusu üz-üzə gəlir.

Digər tərəfdən Türkiyənin İŞİD-ə qarşı bağladığı “Fərat Qalxanı” əməliyyatının tarixi də diqqət çəkir. Əməliyyatın başlandığı 24 avqust Türkiyə tarixində önəmli yer tutur. Avqustun 24-də Osmanlı ordusunun qalib gəldiyi Mercidabık döyüşünün 500 ili tamam olub.

İzlər Kremlə gedir? - Üç ölkədə eynivaxtlı çevrilişin DETALLARI

Sentyabrın 8-də üç keçmiş sovet respublikasının hökumət başçısı yeniləndi.

Bbir neçə saat ərzində Ermənistan baş naziri könüllü istefa verdi, Qazaxıstanın hökumət başçısı istefaya göndərildi, Özbəkistanda parlament prezidentin vəzifələrini icra edən şəxsi təyin etdi (http://publika.az/p/149657).

Prezidentin ölümünə FƏTVA verildi

Kral Səud Universitetinin professoru, səudiyyə ilahiyyatçısı Məhəmməd Ben Əbdülrəhman Əl-Arifi Çeçenistan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Ramzan Kadırovun qətlinə çağırıb.

Səudiyyə ilahiyyatçısı Qroznıda bu ilin avqustun sonunda keçirilən və Çeçenistanın birinci qanuni prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan Ümumdünya İslam Konfransını kəskin tənqid edib. Konfransda vəhhabi ideologiyası ittiham olunub.

Professor Çeçenistan liderini “kafir” elan edib və Kadırovun qanının tökülməsinə “icazə verib”. Əl-Arifi özünün sələfi (vəhhabi) davamçılarına bildirib ki, onların “islamın düşməni” olan Kadırovu öldürməyə haqqı var (http://publika.az/p/149611).

15 saatlıq qapalı görüşün nəticəsi: Suriya müharibəsi başa çatır?

ABŞ-ın Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Suriya məsələsi ilə bağlı Cenevrədə keçirilən görüş 15 saat davam edib.

Tərəflər razılığa gəliblər. S. Lavrov bildirib ki, Rusiya və ABŞ sentyabrın 12-si saat 00:00-dan etibarən Suriyada tərəfləri hərbi əməliyyatları tam dayandırmağa çağırıb.

“Atəşkəs rejimi qüvvəyə minəndən 7 gün sonra xüsusi mərkəz yaradılacaq və Rusiya ilə Amerika hərbiçiləri, hər iki ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları münaqişə tərəflərinin geri çəkilməsi istiqamətində birgə addımlar atacaqlar”, - deyə o bildirib.

Lavrov qeyd edib ki, ABŞ və Rusiya Suriya məsələsi ilə bağlı 5 sənəd imzalayıb.

Sənədlərin detalları açıqlanmır. Artıq Suriya rəhbərliyinin də bu sənədlərlə tanış olduğu deyilir.