backend

Xəritədən silinəcək şəhər, Putinin təqlidi, iki bədheybət...

Xəritədən silinəcək şəhər, Putinin təqlidi, iki bədheybət...

Suriyada ABŞ və Rusiyanın razılaşdırdığı atəşkəs rejimi qüvvəyə minib. Lakin Suriyada döyüşən tərəflərin hamısı razılaşmaya əməl etmək niyyətində deyil. Yapon dənizi ətrafında isə vəziyyət getdikcə pisləşir. Cənubi Koreya şimal qonşusunun sayca altıncı nüvə sınağını həyata keçirməyə hazır olduğunu bildirib. Seul qeyri-rəsmi kanallarla Şimali Koreyanın paytaxtı Pxenyanı xəritədən silə biləcəklərini açıqlayıb. Türkiyə ordusunun iki batalyonu isə İraqın şimalında PKK-ya qarşı uğurlu əməliyyat təşkil edib. Türkiyədə Qurban Bayramının ilk günündə terror aktı törədildi.

Türkiyə ordusu İRAQA GİRDİ

Türkiyə 48-ci Sərhəd Briqada Komandanlığının 600 nəfərdən ibarət iki batalyonu İraqa keçib.

Bu haqda hərbi mənbələrdən bildirilib.

Məlumata görə, İraqın şimalındakı Kelaspi dağının ətəklərindən 40 nəfərlik PKK qrupunun Türkiyəyə sızmaq üçün hazırlaşdığı müəyyən edilib. Kəşfiyyat məlumatı alındıqdan sonra 600 əsgərlik iki batalyon Şırnak vilayətindən İraq torpaqlarına sentyabrın 10-dan 11-nə keçən gecə saat 3.00 radələrindən keçərək 4 kilometrə qədər irəliləyib.

İki batalyondan biri operativ əməliyyat, digəri isə mühafizə tapşırığı almışdı. Əməliyyatın gedişatında PKK qrupundan 10-ə yaxın terrorçu öldürülüb. Əməliyyatdan xəbər tutan terrorçuların bir hissəsi qaçıb. Təşkilat üzvləri qaçarkən silah və sursatlarını ərazidə qoyublar.

DƏHŞƏTLİ PARTLAYIŞ: 48 yaralı

Türkiyənin Van vilayətində Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə valilik binası arasındakı ərazidə güclü partlayış baş verib.

Van valiliyi 2-i polis, 46-ı mülki şəxs olmaqla 48 nəfərin yaralandığını açıqlayıb.

AKP-nin Van millət vəkili Burhan Kayatürk terrorçuların hədəfinin AKP binası və binanı qoruyan polislər olduğunu bildirib. Van Polis İdarəsinin rəisi Suat Ekici içərisində partlayıcı olan və dayanacaqda dayanmış mikroavtobusun partladıldığını deyib.

Patlayış nəticəsində ətrafdakı binalar zərər görüb.

Suriyada müharibə başa çatır?

Suriyada ötən gecə yerli vaxtla saat 00:00-da atəşkəs rejimi qüvvəyə minib.

Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, Qurban bayramı ilə əlaqədar 48 saatlıq atəşkəs elan edilib. Atəşkəs rejiminin daha uzun müddətə uzadılacağı gözlənilir.

Türkiyə ve ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusu atəşkəsə riayət edəcəyini açıqlayıb. “Ahrar Əl-Şam” ve “Əl-Nüsra” Cəbhəsi atəşkəsi rədd edib. Suriya lideri Bəşər Əsəd isə “müharibəyə davam” mesajı verib ve ölkənin hər nöqtəsini almağa qərarlı olduqlarını söyləyib.

Nazarbayev Putinin yolu ilə getdi

Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Özbəkistana səfər edib.

Dövlət başçısı Səmərqənddə Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qəbrinə gül dəstəsi qoyub.

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti 2 sentyabrda həyatını itirib. Nazarbayevlə yanaşı, Rusiya prezidenti Vladimir Putin də dəfn mərasimində iştirak etməmişdi. Kreml administrasiyasından Putinin dəfn mərasimində iştirak etməməsi dövlət başçısının “sıx qrafik”i ilə izah olunmuşdu.

Amma Rusiya prezidenti sentyabrın 6-da İslam Kərimovun məzarını ziyarət edib.

Öcalandan son mesaj: "Qanlar, gözyaşları...”

Ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın yeni mesajı yayılıb.

Məlumata görə, bununla bağlı dünən həbsxanada Öcalanla görüşən qardaşı Mehmet Öcalan mətbuata açıqlama verib.

“Qardaşım dedi ki, bizim planlarımız var, əvvəlki prosesi biz bitirmədik. Altı ay ərzində problemi həll edərik. Bu kor bir savaşdır, artıq qanlar, gözyaşları dayansın”, - deyə o, bildirib.

O, qardaşının səhhətinin yaxşı olduğunu, hər hansı probleminin olmadığını da deyib.

Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana Qurban bayramı ilə bağlı ailə üzvləri ilə görüşməyə icazə verilib. Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.

Xəstə Klintonu onlar əvəz edə bilər – SİYAHI

“Əgər Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton seçkilərdə iştirakdan imtina edərsə, onun əvəzediciləri tapıla bilər”.

Bu haqda Britaniyanın “The Telegraph” nəşri yazıb.

Nəşr hesab edir ki, ABŞ-ın vitse-prezidenti Co Bayden və ya praymerizdə (partiyadaxili ilkin seçkilər – red.) uduzmuş Vermont ştatının senatoru Berni Sanders yeni namizəd olacaq. “The Telegraph” bildirir ki, əgər Klintonun özü prezidenti postu uğrunda mübarizədən çəkildiyini elan edərsə, qərar demokratların təcili partiya iclasında qəbul edilə bilər.

Namizədin mümkün dəyişikliyi haqqında danışıqlar Klintonun səhhətində yaranan problemlərdən sonra başlanıb. 11 sentyabr 2001-ci il terror qurbanlarının anma mərasimində iştirak edən keçmiş dövlət katibinin halı pisləşib. Onun həkimi bildirib ki, öz pasiyentinə sətəlcəm diaqnoz qoyub. O, antibiotiklər təyin edib, həmçinin Klintona istirahət etməyi və iş qrafikini dəyişdirməyi məsləhət görüb.

Nəticədə, demokratların namizəd Kaliforniyaya nəzərdə tutulan səfəri ləğv etmək barədə qərar qəbul edib.

Şiddətli döyüşlər: 4 liman ələ keçirildi

Liviyada general Xəlifə Haftarın komandanlıq etdiyi Liviya ordusu Aralıq dənizinin sahilində “neft ayparası”nda yerləşən Zuveytin limanını ələ keçirib.

Bu haqda brqadalardan birinin nümayəndəsi Məhəmməd əl-Azumi bildirib.

Tripolidəki milli razılıq hökumətinə tabe olmayan Liviya ordusu bazar günü ölkənin əsas neft terminallarına hücuma başlayıb. Hərbçilər Ras-Lanuf, Es-Sidr, Breqa və Zuveytin limanına nəzarəti ələ keçirib. Limanlara Tripoli hakimiyyətinə loyal olan silahlı dəstələr nəzarət edirdilər.

Qeyd edək ki, general Xəlifə Haftar daha əvvəl bildirib ki, ölkənin neft limanlarının tutulmasını qanunsuz hesab edir və onları azad edərək “qanuni hakimiyyət”in sərəncamına vermək niyyətindədir. Haftar Tobrukda yerləşən və 2014-cü ildə seçilən Liviya parlamentinin müttəfiqidir.

Şimali Koreya xəritədən silinəcək: NÜVƏ TƏHDİDİ

Şimali Koreya “Pxenyanın xəritədən silinməsi” təhdidinə cavab verib.

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi ölkənin nüvə gücünün davamlı şəkildə artırılacağını bildirib.

“Məhz ABŞ bizi nüvə döyüş başlığının hazırlamağa itələyən gunahkardır. Nüvə təhdidi və ABŞ-ın şantajı bir neçə on ildir ki, hər gün davam edir”, - diplomatın bəyanatında deyilir.

Cənubi Koreya hakimiyyəti bildirir ki, Koreya Xalq Demokratik Respublikası növbəti - altıncı nüvə sınağını həyata keçirməyə hazırdır. Daha isə Cənubi Koreya KİV-i qeyri-rəsmi informasiya yayıb ki, Seul Şimali Koreyanın nüvə təhlükəsinə cavab planı hazırlayıb.

“Nüvə silahından istifadə üzrə istənilən əlamət nümayiş etdirilərsə, Pxenyanın hər rayonu, xüsusilə Şimali Koreya rəhbərliyinin olduğu ehtimal edilən ərazilər ballistik raketlərlə tamamilə məhv ediləcək. Başqa sözlə, Koreya Xalq Demokratik Respublikasının paytaxtı xəritədən silinəcək”, – “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyindəki mənbədən sitat gətirib.

Filippindən ABŞ-a GÜC NÜMAYİŞİ: Dərhal...

Filippin prezidenti Rodriqo Duterte Amerika xüsusi təyinatlıların ölkənin cənub regionlarından çıxarılmasını tələb edib.

Dövlət başçısı xarici hərbçilərin terrorçuluğa qarşı əməliyyatın keçirilməsini çətinləşdirdiyini bildirib.

Amerika hərbçiləri 2002-ci ildən “Abu Sayyaf” terror qruplaşmasının döyüşçüləri ilə mübarizə çərçivəsində ölkənin cənubundakı Basilan və Colo adalarında yerləşdirilib. 2015-ci ildə onların böyük hissəsi ölkədən çıxıb, kiçik bir hissə isə yerli hərbçilərin hazırlığı ilə məşğul olmaq üçün qalıb.

“Amerika xüsusi təyinatlıları getməlidir. Mən Amerika ilə münasibətlərin pozulmasını istəmirəm, amma onlar getməlidir”, - Duterte bildirib.

Dövlət başçısının fikrincə, xarici hərbçilər döyüşçülər üçün çox qiymətli obyektdir və terrorçular girov götürdüyü xarici hərbçilərin azad edilməsi üçün yüksək miqdarda pul almaqda maraqlıdırlar.

Qeyd edək ki, bəyanat iki ölkə arasında diplomatik münasibətlərin soyuması fonunda səslənib. Keçən həftə Duterte ABŞ prezidenti Barak Obamanın anasını “əxlaqsız” adlandırıb. Filippin lideri daha sonra amerikalı həmkarından üzr istəyib.

Prezident kişi reseptini açıqladı

“Kişi vəzifələrinin icrası üçün gündəlik bir ət tikəsi yemək lazımdır”.

Belarus prezidenti Aleksandr Lukaşenko bu haqda jurnalistlərlə söhbət zamanı deyib.

Dövlət başçısının fikrincə, vətəndaşlar hər gün idmanla məşğul olmalıdır və əgər bunun üçün vaxt yoxdursa, qidalanma rejiminə ciddi riayət etmək lazımdır.

“Tıxmağa dayanın! Səhər yeməyinə maksimum üç yumurta və bir qəhvə fincan, nahara tərəvəz şorbası, kişi vəzifələrinin icrası üçün bir tikə ət, axşam isə kəsmik”, - deyə Lukaşenko məsləhət görüb.

Belarus prezidenti əlavə edib ki, o, hər gün idmanla məşğul olur: “Deyirlər ki, insanlarda vaxt yoxdur. Amma gündəlik yuxunun hesabına idmana minimum iki saat tapmalısanı.

Qeyd edək ki, Lukaşenko vaxtaşırı çöl işlərləri ilə məşğul olur və öz qonaqlarını kənd təsərrüfatı məhsullarına qonaq edir. Belorussiya prezidenti ilk dəfə deyil ki, həmvətənlərinə qidalanma üzrə məsləhətləri verir. O, 2014-cü ilin aprelində belorusluları ətlə kartofun adət edilmiş uyğunluğundan imtina etməyə çağırıb. Dövlət başçısı həmçinin əlavə edib ki, yalnız yerli istehsalı olan məhsullarla qidalanmaq lazımdır.

Belarus Qərblə münasibətlərini düzəltməklə Rusiyaya zərər vermək niyyətində deyil.

Bunu da jurnalistlərə açıqlamasında Aleksandr Lukaşenko deyib.

“Tam axmaqlıqdır. Qonşularla dost, razılaşma şəraitində yaşamaq, onlara xoş olmayan sürprizlərdən qaçmaq bizim qanımızdadır. Guya biz Qərblə dialoqa başlamaqla şərq qardaşımıza ziyan vururuq. Allah eləməsin!” - prezident bildirib.

Lukaşenko bildirib ki, Belarusun taleyi Şərqlə Qərb arasında körpü olmaqdır:

“Amma hələlik biz iki bədheybət – Avropa Birliyi və Rusiya arasında qalmışıq. Biz də bu rolu oynamağa məcburuq”.

Ömər Dağlı