backend

Vəhhabilərin Nazarbayev planı, Jirinovskidən Putinə məsləhət, Qarabağda yeni qarşıdurma...

Vəhhabilərin Nazarbayev planı, Jirinovskidən Putinə məsləhət, Qarabağda yeni qarşıdurma...

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkəsinin ərazisinin genişləndirilməsi üçün Kremlə məsləhətlər verib. Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev 2005-ci ildə ölkəsində baş verən inqilabda ABŞ-ın rolu barədə danışıb. Qazaxıstanlı ekspertlər ölkə rəhbərliyini vəhhabi təhlükəsi barədə xəbərdar ediblər.

Moskva və Vaşinqton ərazilərin qaytarılmasını istəyir – Qarabağda yeni QARŞIDURMA

“Moskva və Vaşinqton arasında Qarabağ münaqişəsi üzrə qarşıdurmanın yeni mərhələsinin başlandığı görünür”.

Bu barədə Ermənistanın “Yerkir” qəzeti yazıb (http://publika.az/p/150324).

Dünyanın gözlədiyi müqavilə imzalandı

ABŞ-ın İsrailə 10 il ərzində 38 milyard dollarlıq hərbi yardımı nəzərdə tutan müqavilə iki ölkənin rəsmiləri tərəfindən imzalanıb.

ABŞ tərəfindən dövlət katibinin müşaviri Tomas Şannon, İsrail tərəfindən isə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Yakob Nagel müqaviləyə imza atıb. ABŞ prezidenti anlaşma imzalandıqdan sonra verdiyi açıqlamada ölkəsinin 2019-2028-ci illərdə İsrailə 33 milyard hərbi yardım və 5 milyard dollarlıq raketdən müdafiə sistemi verəcəyini bildirib.

Yeni razılaşma: atəşkəs müddəti uzadıldı

ABŞ Dövlət Departamentinin sözçüsü Mark TonerKerri ilə Lavrovun telefon vasitəsi ilə müzakirə apardığını və tərəflərin 7 günlük atəşkəsin daha iki gün uzadılması haqda razılığa gəldiyini bildirib. ABŞ və Rusiya Qurban bayramı ilə əlaqədar Suriyada atəşkəs elan olunması barədə razılığa gəlib.

Avropa Birliyindən Moskvaya ZƏRBƏ

Avropa Birliyi Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı sanksiyanın müddətini daha yarım il uzadıb.

Siyahıya Rusiya və Ukraynanın 146 vətəndaşı, həmçinin 37 şirkəti daxil edilib. Sanksiyalar 15 mart 2017-ci il tarixinə kimi qüvvədə olacaq. Barəsində məhdudiyyətlər tətbiq edilən fiziki və hüquqi şəxslərin maliyyə aktivləri dondurulur, eləcə də Avropa Birliyinə girişinə qadağa qoyulur. Sözügedən məhdudiyyətlər 17 mart 2014-cü ildə tətbiq olunub.

“Zanbaq inqilabı”nın səbəbi açıqlandı: “ABŞ-a rədd cavabı verdim”

"Uzaqmənzilli radiolokasiya aşkarlayıcı təyyarələri olan AWACS-ların “Manas” bazasında yerləşdirilməsinə icazə verilməməsi 2005-ci ildə baş verən “Zanbaq inqilabı”nın əsas səbəbi idi”.

Bunu Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

“Mənə 2004-cü ildə AWACS-ların “Manas” aeroportunda yerləşdirilməsi təklifi ilə Dövlət Departamentindən müraciət etdilər. Dövlət katibinin xüsusi köməkçisi bununla bağlı danışmağa gəlirdi. AWACS “Boinq”dir, radiolokasiya stansiyasıdır. O, Qırğızıstanın üzərində qalxır və üç min kilometr radiusu müşahidə edirdi”, - Akayev bildirib (http://publika.az/p/150304).

“Amerika Qırğızıstandakı “Manas” hərbi bazasından Əfqanıstandan heroinin ixrac üçün istifadə edə bilərdi. Bu, tamamilə ehtimal olunandır”.

Bunu da “RİA-Novosti” agentliyinə müsahibəsində Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev deyib.

Onun sözlərinə görə, ABŞ-ın Latın Amerikasında həyata keçirdiyi əməliyyatlar da bunu deməyə imkan verir: “Siz bilirsiniz ki, ABŞ Amerika qitəsində öz xərcləri bununla çıxarırdı. Bunu niyə Əfqanıstanda etməsin? Əfqanıstanda ən yüksək keyfiyyətli heroin var” (http://publika.az/p/150263).

“Səddam Hüseynin taleyini yaşayacağıq, əgər...”- ŞOK PROQNOZ

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Rusiyanın genişmiqyaslı hücum edəcəyi halda, Ukraynanın əsas probleminin hava hücumundan müdafiə olacağını bildirib.

Bəyanatı şərh edən siyasi analitik Aleksandr Paliy bildirib ki, Ukrayna hava hücumundan müdafiə sistemini gücləndirməlidir.

“Yaxşı olardı ki, ABŞ bizə öz texnikasının hansısa oxşarını versin. Rusiya həqiqətən də havadan Ukraynaya güclü zərbələri vura və beləliklə, infrastrukturu tamamilə dağıda bilər. Bunun olmaması üçün Ukrayna özünün müdafiə sistemini gücləndirməyə məcburdur”, - Paliy deyib.

Politoloq Andrey Zolotarev hesab edir ki, quru qoşunları yaxşı vəziyyətdə olsa belə hava hücumundan müdafiə sisteminin yaxşı vəziyyətdə olmaması ciddi problemlər yaradacaq: “Səddam Hüseynin ordusunun taleyi buna nümunədir. Dünyanın ən böyük ordularından biri hava zərbələri qarşısında köməksiz qaldı. Ukrayna ordusu Səddam Hüseynin ordusunun taleyini yaşamaq riski ilə üz-üzədir”.

Ekspertin fikrincə, Ukraynanın aviasiya sistemini artırmaq imkanları olmadığı üçün mövcud hava hücumundan müdafiə sisteminin ömrü uzadılmalıdır: “Hava Hücumundan Müdafiə sistemi daha əvvəllər orduda ən güclü sistemlərdən biri idi. Hazırda texnikanın çox hissəsi köhnəlib. Amma onları hərəkətə gətirmək tamamilə mümkündür”.

“Penta” Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Fesenko hesab edir ki, Ukraynanın Hərbi Hava Qüvvələrinin potensialı kiçikdir.

“Daha bir problem odur ki, son 15 il ərzində Rusiyanın silahlı qüvvələrinin potensialı artıb. Ukraynada isə problemlər çoxdur. Xüsusilə, onu nəzərə alaq ki, son 10 il ərzində hərbi texnikanın çoxu satılıb”, - Fesenko qeyd edib.

İŞİD-in önünü açdıq – ŞOK ETİRAF

İngiltərə parlamenti Fransa və İngiltərənin 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən hərbi müdaxiləsini tənqid edib.

Parlamentin xarici əlaqələr komitəsinin hazırladığı hesabatda keçmiş baş nazir Devid Kameronun hava əməliyyatları üçün uyğun bir strategiyaya malik olmadığı bildirilir. Qeyd edilir ki, İngiltərə Liviyaya dəlillərə söykənmədən müdaxilə edib və İŞİD-in güclənməsinin önünü açıb.

İngiltərə hökuməti isə müdaxilənin beynəlxalq bir qərar olduğunu vurğulayıb. İngiltərə Xarici İşlər Nazirliyi müdaxilə üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının səlahiyyət verdiyini xatırladıb.

Nazarbayevin iqamətgahına girəcəklər - Vəhhabilərin ŞOK PLANI

Qazaxıstan parlamentinin komitə iclasında ekstremizm və terrorizmlə bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsində sələfizmin (vəhhabilik) qadağası nəzərdə tutulmayıb.

Ekspertlər isə əmindirlər ki, sələfilərin dövlət orqanlarda güclü lobbisi mövcuddur.

“Sələfizmin tərəfdarları öz ideologiyasının qanunverici qadağasına imkan verməmək üçün səylə çalışırlar. Əgər onları izləməklə kifayətlənsək, Aktobe və Almatıda baş vermiş hadisələr adiləşəcək. Burada məntiqli olaraq sual çıxır: hakimiyyət sələfilərin nə vaxt Akorduya (“Akord” prezident iqamətgahı – red.) girəcəyini gözləyir?” -“365info.kz” saytında Serqali Aslanbek xəbərdarlıq edib http://publika.az/p/150285).

Jirinovski: “Azərbaycan bizə lazım deyildi”

Rusiya Federasiyası ilə həmsərhəd olan tanınmamış respublikaların ərazilərini Rusiyaya birləşdirmək lazımdır.

Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Dnestryanı mütləq şəkildə “Krım vilayəti”nin tərkibinə daxil edilməlidir.

O, həmçinin Abxaziyanın Krasnodar əyalətinə, Cənubi Osetiyanın isə Şimali Osetiyaya birləşdirilməsinin vacib olduğunu bildirib:

“Bizim bütün dünyaya verdiyimiz pulları geri qaytarın. Biz dünyada ən varlı ölkəyik. Gürcüstan özü bizim yanımıza gəldi. Gürcüstan rus çarından özü xahiş etdi və I Aleksandr onlarla görüşə getdi. Bizə nə Gürcüstan, nə Azərbaycan, nə də Ermənistan lazım idi. Mərkəzi Asiyanın da bizə ehtiyacı vardı. Onlar Əfqanıstan olmaq istəmirdilər. Onlar maksimal azadlıq aldılar. Onlar rusları sevirlər”.

“Ukrayna nüvə dövləti olmalıdır” – ŞOK ÇAĞIRIŞ

Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk “Qordon.ua” nəşrinə müsahibəsində Kiyevi nüvə potensialının bərpa etməyə çağırıb.

“Ukrayna Donbasın xüsusi statusunun tanınması əvəzinə, İsrailin yolu ilə gedə bilər. Bu, nüvə potensialını bərpa etməkdir”, - o, söyləyib.

Qeyd edək ki, Almaniya və Fransa Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə, xüsusi olaraq, Ukraynanın cənub-şərqinin xüsusi statusu haqqında qanunu qəbul etməyə və yerli seçkiləri keçirməyə çağırıb.

Mayın 30-da “Azov” alayının komandiri, Ali Radanın deputatı Andrey Bileskiy Kiyevi təcili nüvə silahı almağa çağırıb. O, vurğulayıb ki, Ukrayna ABŞ-ın iştirakı ilə nəhəng müdafiə potensialından məhrum olub və buna görə də Vaşinqton bu təşəbbüsə qarşı çıxmaq hüquqlarına malik deyil.

Şəxsi nüvə silahının yaradılması təşəbbüsü ilə mart ayında Radikal Partiyasının lideri Oleq Lyaşko da çıxış edib.

Xatırladaq ki, Ukrayna 1992-ci ildə ölkənin qeyri-nüvə dövləti kimi tanınmasını nəzərdə tutan Lissabon protokolunu imzalayıb. 1994-cü ildə isə Kiyev, Moskva, London və Vaşinqton Budapeşt memorandumunu imzalayıb. Ukrayna bununla da sovet nüvə silahının onun ərazisində yerləşdirilməsindən imtina edib.

Krım tatarlarının lideri Mustafa Cəmilov isə bildirib ki, Rusiya Krımda altı nüvə başlığı yerləşdirib.

Onun sözlərinə görə, Rusiya ordusu həmçinin sovet dövründə nüvə anbarı kimi istifadə etdiyi Qızıltaşdakı obyektləri də yenidən bərpa edib. Cəmilov Krıma nüvə silahlarının yerləşdirilməsinin region üçün böyük təhlükə kəsb etdiyini bildirib.

Prezidentin ölümü barədə YENİ XƏBƏR: 900 metr qalmış...

Polşa prezidenti Lex Kaçinskinin olduğu Tu-154M təyyarəsi faciə yerinə 900 metr qalmış dağılmağa başlayıb.

Bunu hadisəni araşdıran Polşa komissiyasının sədr müavini Kazimej Novaçik mətbuat konfransında deyib (http://publika.az/p/150327).

Ömər Dağlı