backend

Üç cəbhədə savaş, Putinin “KQB” planı, “İldırımsürətli müharibə”...

Üç cəbhədə savaş, Putinin “KQB” planı, “İldırımsürətli müharibə”...

Qurban bayramından əvvəl Suriyada atəşkəs əldə olunsa da bu ölkədə vəziyyət daha dəhşətli hal ala bilər. ABŞ-ın Suriya ordusunu bombalaması atəşkəs rejimini faktiki olaraq başa çatdırıb. Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələri İŞİD-in əlində olan və Suriyanın şimalında ən strateji məntəqələrdən hesab olunan Əl-Bab şəhərinin azad edilməsi üçün əməliyyata başlayır. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə sürpriz qeydə alınmadı. Putin növbəti qələbəsini qazandı.

“İldırımsürətli müharibə” başlayır – ÜÇ MƏRHƏLƏ

İŞİD-in əlində olan Əl-Bab şəhərinin təmizlənməsi üçün həyata keçiriləcək əməliyyat 3 mərhələdə reallaşacaq.

Türkiyə mediasının yazdığına görə, ilk hədəf Türkiyə-Suriya sərhədindəki Çobanbəy qəsəbəsi ilə Əl-Bab şəhəri arasındakı 20 kəndi ələ keçirməkdir.

Əməliyyatda əsas yeri türkmanlardan təşkil olunan “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Hələb 1” briqadaları ilə ərəblərdən ibarət olan 3 min nəfərlik Azad Suriya Ordusu tutacaq.

1. Əməliyyatın ilk mərhələsində Çobanbəy ilə Əl-Bab arasındakı ərazi terrorçulardan təmizlənəcək. Daha sonra Əl-Babın ətrafına döşənilən minalar məhv ediləcək. Bu işi xüsusi təlim alan “Hələb 1” briqadası görəcək.

2. Minaların təmizlənməsindən sonra “Sultan Murad”, “Fateh Sultan Mehmet” və “Ahrar uş-Şam”dan ibarət olan üç qrup Əl-Baba doğru irəliləyəcək. Bu əməliyyatda ABŞ-ın 30 hərbçidən ibarət xüsusi təyinatlı qrupu iştirak edəcək.

3. Türkiyə Silahlı Qüvvələri birbaşa qarşıdurmada iştirak etməyəcək. Tanklar və zirehli birliklər İŞİD-in hədəflərinə arxa xətdən zərbələr endirəcək. Azad Suriya Ordusu İŞİD-in hədəflərinin məhvindən sonra Əl-Baba doğru irəliləyəcək.

Əməliyyata koalisiya qüvvələrinin təyyarələri də havadan dəstək verəcək. Xüsusilə, İŞİD döyüşçülərinin sıx mövqe tutduğu ərazilər koalisiya təyyarələri tərəfindən güclü bombardman ediləcək.

İŞİD-dən təmizlənəcək ərazidə uçuşa qadağan təhlükəsiz bölgənin yaradılması nəzərdə tutulur. 48 kilometr enində və 98 kilometr uzunluğundakı ərazinin ölçüsü təxminən 5 min kvadrat kilometrdir. Təhlükəsiz bölgənin tamamlanması üçün Əl-Babın şərq və qərbindəki çöl ərazilərin İŞİD-dən təmizlənməsi nəzərdə tutulur. Əməliyatın isə qısa müddətə başa çatdırılması planlaşdırılır.

Ərdoğan: “Üç cəbhədə savaşırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən əvvəl önəmli açıqlamalar verib.

Prezident 20-26 sentyabr tarixlərində Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının 71-ci sammitində hansı məsələlərdən danışacağı haqda məlumat verib. O, sammitdə FETÖ ilə bağlı çıxış edəcəyini də bildirib:

“Orada Suriya, miqrant məsələsi, 15 iyulda baş vermiş hərbi çevrilişə cəhdlə bağlı danışacağam. Suriyadakı savaş təkcə bu ölkənin deyil, bütün dünyanın problemidir. Artıq insanlar bu məsələyə laqeyd yanaşmamalıdır. Sammitdə bir daha təhlükəsiz, terrordan təmizlənmiş bölgə tələbini dilə gətirəcəyəm. Bundan sonra dünyanın heç bir ölkəsi FETÖ və terrorçuları üçün sığınacaq olmayacaq! FETÖ-nun necə təhlükəli bir qruplaşma olduğunu dostlarımıza izah edəcəyəm.

Bundan başqa, Suriyadakı savaşda Türkiyənin ağır yükün altına girdiyini də deyəcəyəm. Biz bir tərəfdən 15 iyul xəyanətinin yaralarını sağaldır, digər tərəfdən də “Fərat qalxanı” əməliyyatı ilə terror təşkilatlarına qarşı mübarizə aparırıq. Eyni zamanda da ölkə daxilində FETÖ, İŞİD və PKK kimi cinayətkar şəbəkələrlə savaşırıq”.

Yunanlardan ŞOK PLAN: türk əsgəri adadan çıxarılsın və...

Cənub Kipr və Yunanıstan Kipr müzakirələri ilə bağlı bir təklif hazırlayıb.

Təklifdə Türkiyənin “zamin dövlət” statusunun “məsləhətçilik” statusuna endirilməsi istənilir. Cənubi Kipr rəhbərliyi Kipr problemini sözügedən plan çərçivəsində müzakirə edəcəklərini bildirərək 8 səhifəlik Cənubi Kipr-Yunanıstan planını mediaya sızdırıb.

Planda Türkiyənin “zamin dövlət” statusunun tamamilə ləğvi, türk əsgərinin əvəzinə yalnız Avropa Birliyi ölkələrindən 2500 nəfərlik BMT polis gücünün adaya gəlməsi və gücün içində Türkiyənin yer almaması nəzərdə tutulur.

Türkiyənin “Akşam” qəzetinin xəbərə görə, Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Mustafa Akıncı planı rədd edib.

Əsəd ABŞ təyyarəsini vurdu

Suriyada vəziyyət getdikcə pisləşir. “Sputnik” agentliyinin Türkiyə xidmətinin xəbərinə görə, Suriya ordusunun Der ez-Zor bölgəsində yerləşən hərbi bazanın ABŞ tərəfindən bombalanmasından sonra əks həmlə Dəməşq rejimindən gəlib.

Məlumata görə, bu səhər eyni bölgədə Suriya ordusu ABŞ-a aid bir pilotsuz təyyarəni vurub.

AMN xəbər agentliyi isə “ərəb dünyasına yaxın” bir mənbəyə istinad edərək Suriya ordusunun 137-ci topçu briqadasına bağlı 17-ci tank birliyi tərəfindən atəş açılan pilotsuz təyyarənin Suriyanın hava məkanını tərk etdiyini qeyd edib.

Suriya müxalifətində bir səlahiyyətli isə ölkədəki atəşkəs rejiminin müvəffəqiyyətsizliyə uğradığını və başa çatdığını söyləyib.

Suriya müxalifəti isə ölkədə atəşkəs rejiminin sona çatdığını açıqlayıb. Müxalifət ABŞ və Rusiya arasındakı razılaşmanın uğursuz olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi də bəyan edib ki, Suriya ordusu tərəfindən atəşkəs rejiminə riayət edilməsini mənasız hesab edir.

“ABŞ Rusiyaya göstərdi ki...” - Münaqişə YENİ MƏRHƏLƏDƏ

Rusiya və ABŞ arasında Qurban bayramından əvvəl Suriyada atəşkəsin təmin olunması barədə razılaşma əldə olunsa da, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriya ordusunun mövqelərini bombalaması ölkədə vəziyyəti daha da gərginləşdirib.

Hadisədən dərhal sonra Moskva BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer toplantıda Rusiyanı ikiüzlülük və həyasızlıqda ittiham etdi. Öz növbəsində, Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin etiraz əlamət olaraq zalı tərk edib.

Ekspertlər “InfoResist” portalına açıqlamasında sözügedən hadisəni şərh ediblər (http://publika.az/p/150795).

Putinin “KQB” PLANI - 2018-ci ilə qədər...

Rusiya "KQB”ni - Dövlət Təhlükəsizlik Komitəsini (DTK) dirçəltməyi planlaşdırır.

Bu haqda öz mənbələrinə istinadən “Kommersant” nəşri yazıb.

Mənbənin sözlərinə görə, 2018-ci ilə qədər Rusiyada güc strukturlarının genişmiqyaslı islahatı çərçivəsində Federal Təhlükəsizlik Xidməti əsasında Dövlət Təhlükəsizlik Nazirliyinin yaradılması nəzərdə tutulur.

“Federal Təhlükəsizlik Xidmətinin faktiki olaraq SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə çevrilməsindən söhbət gedir. Güman edilir ki, yeni struktur Dövlət Təhlükəsizlik (Milli Təhlükəsizlik Nazirliyi) Nazirliyinin statusunu alacaq”, – nəşr qeyd edir.

Bildirilir ki, yeni strukturun tərkibinə Xarici Kəşfiyyat Xidməti və Federal Mühafizə Xidmətinin bölmələrinin əksəriyyəti daxil olacaq.

Müdafiə Nazirliyi də gücləndiriləcək. Onun tərkibinə mülki müdafiənin qoşunları, həmçinin xilasetmə və yanğınsöndürmə bölmələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin başqa xidmətləri daxil ediləcək.

Putinin ən böyük qələbəsi

İqtidardakı “Vahid Rusiya” Partiyası dünən Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə seçicilərin 54 faizindən çoxunun səsini alıb.

Partiya bununla da Dövlət Dumasına seçkilərdə ən inamlı qələbələrdən birini qazanıb.

“Vahid Rusiya” ilə birlikdə Dövlət Dumasına Rusiya Kommunist Partiyası, Rusiya Liberal-Demokratik Partiyası və “Ədalətli Rusiya” Partiyası keçib. Digər partiyalar parlamentin aşağı palatasına keçmək üçün lazım olan 5 faizlik baryeri keçə bilməyiblər.

“Vahid Rusiya” partiya sıyahısı üzrə Dövlət Dumasında 140, birmandatlı dairələr üzrə isə 203 yer qazanıb. Beləliklə, “Vahid Rusiya” Rusiyanın siyasi tarixi üçün rekord nəticə əldə edərək 450 yerdən 343-nə sahib olub. Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, “Vahid Rusiya” Dövlət Dumasında konstitusiya əksəriyyətinə malik olacaq.

“RİA-Novosti” agentliyi ilə söhbət edən politoloqlar hesab edirlər ki, “Vahid Rusiya” dövlət postlarının bir hissəsini müxalifətə güzəşt edə, həmçinin başqa partiyalar tərəfindən təklif edilmiş qanun layihələrini dəstəkləyə bilər.

“Vahid Rusiya” Dövlət Dumasına seçkilərdə ən yaxşı nəticəni 2007-ci ildə göstərib. Partiya həmin vaxt 64,3 faiz səs qazanaraq (315 mandat) konstitusiya əksəriyyətini qazanıb. Partiya 2011-ci ildə 49,3 faiz (238 mandat) səs toplayıb.

Seçki bülletenlərinin 93 faizinin sayılmasından sonra məlum olub ki, Kommunist Partiyası 42 (2011-də 50 mandat), Liberal-Demokratik Partiyası 39 (2011-ci ildə 22 mandat), “Ədalətli Rusiya” isə 23 mandat (2011-ci ildə 41 mandat) alacaq.

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Rusiyada keçirilən seçkiləri “məzhəkə” adlandırıb.

İstanbulda azərbaycanlı İŞİD-çilər həbs olundu

İstanbul polisinin terrorla mübarizə və kəşfiyyat şöbələri İŞİD-lə mübarizə çərçivəsində İstanbulun Fatih qəsəbəsində əməliyyat keçirib.


23 ünvana eyni zamanda keçirilən əməliyyat nəticəsində 40 nəfər şübhəli həbs olunub.


Həbs edilənlər Azərbaycan, İran, İraq və Əfqanıstan vətəndaşlarıdır. Onların Suriyada İŞİD tərkibində döyüşdüyü ortaya çıxıb.

Ömər Dağlı