backend

Naşirdən Lənkəranski iddialarına - Cavab

Naşirdən Lənkəranski iddialarına - Cavab

“Qanun” Nəşrlər Evinin mərhum avtoritet Rövşən Lənkəranskidən bəhs edən kitab nəşr etməsi sosial şəbəkədə etirazla qarşılanıb.

Axar.az xəbər verir ki, nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu Feysbuk səhifəsində etirazlara cavab verib. O, sözügedən kitabı hansı məqsədlə nəşr etdiklərini izah edib:

“Rövşən Lənkəranski haqqında yazılan kitabı nəşr etmək, onun paylaşdığı dəyərləri təbliğ etmək məqsədi daşımır. Məqsəd bəzilərinin büt hesab etdiyi şəxslər haqqında reallıqları çatdırmaqdır. Həm də bütün təbəqələrin marağına uyğun olan çeşidli kitablar nəşr etməkdir. Dünyada ən əzazil, ən qəddar, hətta öz rəqibinin ətini yeyən adamlar haqqında belə kitablar yazılıb, bundan sonra da yazılacaq. Bu o demək deyil ki, kitablar qəddarlığı və kannibalizmi təbliğ edir.

Yaxşı söz var, çox oxuyan çox bilər. Bu faktdır ki, bilgili, məlumatlı cəmiyyət daha sağlam və daha təhlükəsiz mühit yarada bilir. Gözünü yumub kimisə lider elan etmək fanatizm əlamətidir. Oxuyun, bilin, sonra kiminsə bayraqdarına çevrilin. Hərçənd, hər kəs öz bayraqdarına çevrilə bilsə, öz liderliyinə inansa, daha yaxşı olar”.

Qeyd edək ki, mərhum qanuni oğru Rövşən Lənkəranskinin həyatından bəhs edən kitabın müəllifi Bəhram Çələbidir.