backend

İrəvana verilən Şərqi Anadolu, üçüncü sui-qəsd ehtimalı, “Alçaqlar, yaramazlar!”...

İrəvana verilən Şərqi Anadolu, üçüncü sui-qəsd ehtimalı, “Alçaqlar, yaramazlar!”...

Mərkəzi Asiya İslam Kərimovdan başqa daha bir liderinin itirə bilər. Söhbət Qırğızıstan prezidenti Almazbek Atanbayevdən gedir. Suriyada atəşkəs rejiminin təmin olunması barədə Rusiya və ABŞ arasında əldə olunan razılaşmanın uğursuzluğa düçar olduğu artıq bütün tərəflər tərəfindən bəyan edilib. Ankara isə Bəşər Əsədin siyasi gələcəyi barədə mövqeyini növbəti dəfə açıqlayıb. Türkiyə İŞİD-ə qarşı mübarizə aparan ölkələri quru əməliyyatına çağırıb. Kremlin “danışan ağzı” sayılan Vladimir Jirinovski Dövlət Dumasına seçkilərin nəticələri barədə danışarkən Rusiya rəhbərliyinə qarşı ağır ittihamlar səsləndirib.

İki dəfə zəhərlənən Atambayevin XƏSTƏLİK TARİXÇƏSİ

Bazar ertəsi Qırğızıstan prezident Almazbek Atambayev BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb. Nümayəndə heyəti İstanbulun Atatürk hava limanında təyyarəni dəyişməni planlaşdırırdı. Ancaq prezident sinəsindəki ağrıdan şikayət edib və bu səbəbdən ABŞ-a gedə bilməyib. O, hazırda Türkiyədə xəstəxanalardan birində müalicə alır.

Qırğızıstan prezident aparatı Almazbek Atambayevin səhhəti barədə məlumat verib. Məlumatda bildirilir ki, prezidentin vəziyyəti kafidir. "O, həkimlərin nəzarəti altındadır”, - aparat rəhbəri Fərid Niyazov bildirib.

O, Atambayevin İzmirdə klinikalardan birinə yerləşdirildiyi barədə Türkiyə KİV-lərinin xəbərlərini şərh etməkdən imtina edib: “Onun olduğu yeri şərh etmirik”.

Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətində yaranan problemlərə görə qısamüddətli məzuniyyətə çıxıb. Bu haqda dövlət başçısının mətbuat xidmətindən bildirilib. Qırğız liderinin Bişkekə qayıdaraq 1 oktyabrda işə başlayacağı gözlənilir. Bu vaxt ərzində dövlət başçısı tibbi müayinədən keçməlidir.

“Sputnik” agentliyinin Qırğızıstan redaksiyası prezidentin xəstəlik tarixi haqqında məlumat verib.

Agentliyin yazdığına görə, açıq mənbələrdə indiki dövlət başçısının səhhətindəki problemlər haqqında dəfələrlə məlumatlar çıxıb. 11 may 2007-ci ildə baş nazir olarkən Atambayev zəhərlənir. O, iş yerində bir stəkan su içdikdən sonra şüurunu itirib və iki gün özünə gəlməyib. Atambaev Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə keçib.

O, Ankaradakı klinikalarından birində 2008-ci ildə qida borusundan əməliyyat edilib. 2009-cu ildə prezident seçkiləri kampaniyasının gedişatında onu yenidən zəhərlədilər. Müxalifətin nümayəndələrinin məlumatına görə, çıxışlardan birində o, güc, koordinasiya və nitqin tam itkisini hiss edib (http://publika.az/p/150935).

Şərqi Anadolunu Ermənistana verdilər – ŞOK XƏRİTƏ

Kosovanın Prizren şəhərində məktəblərə paylanılan Türkiyə xəritəsi böyük reaksiya doğurub.

Şərqi Anadolu Ermənistan, Cənubi Şərq Anadolu bölgəsi isə “Kürdüstan” kimi göstərilib.

Xəritələrin Albaniyadan Kosovaya pulsuz göndərildiyi və bir sıra qurumlar tərəfindən paylandığı üzə çıxıb.

Hadisə ilə əlaqədar DHA-ya danışan Kosova Təhsil, Elm və Texnologiya Nazirliyinin Prizren şəhəri üzrə bölməsinin türk dilində təhsil şöbəsinin rəhbəri Fərdi Kovaç xəritələrin 2005-ci ildən qaldığını bildirib. O, xəritələrin məktəblərdən yığışdırıldığını deyib (http://publika.az/p/150950).

Ərdoğan Əsəd söhbətinə son qoydu: “Keçid hökumətində...”

“Suriyada keçid hökumətində Əsəd olmamalıdır”.

Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə müsahibəsində deyib.

“Əsəd hər hansı keçid hökumətinin parçası ola bilməz. Dünya Əsədin içində olmadığı bir həlli tapmalıdır. Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir. Bəzi dövlətlər bu qatilə niyə dəstək verirlər?” – Ərdoğan bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl verdiyi açıqlamasında rəsmi Ankaranın Suriya siyasətinin dəyişdiyini açıqlayıb. Nazir Türkiyənin Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı ultimatum verməkdən imtina etdiyini bildirib: “Türkiyə Suriyadakı terrorçuların ona ciddi təhlükə olduğunu anlayır. Bu səbəbdən Ankara ultimatumlara son qoymağa başlayıb”.

Daha əvvəl isə - avqustun 20-də Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, Suriya prezidenti Bəşər Əsəd keçid hökuməti dövründə hakimiyyətdə qala bilər.

“Suriyada keçid hökumətinin formalaşmasından sonra Əsəd postunu tərk etməlidir”, - o, deyib.

Çavuşoğlu: “... İŞİD-ə qalib gəlmək mümkün olmayacaq”

“Quru hərbi əməliyyatları keçirmədən İŞİD terror qruplaşmasının öhdəsindən gəlmək mümkün olmayacaq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN International telekanalına bildirib.

“Biz terrorçularla mübarizədə Azad Suriya Ordusuna dəstək göstəririk. Biz hər beynəlxalq görüşdə vurğulayırıq ki, quru əməliyyatları olmadan bu qanlı terror qruplaşmasına qalib gəlmək mümkün olmayacaq. Bizdə bir düşmən var və ona qarşı birlikdə hərəkət etməliyik. Cerablus əməliyyatından sonra hamıda əminlik yarandı ki, İŞİD-ə asanlıqla qalib gəlmək olar. Mən xatırladım ki, İŞİD-in 30 min döyüşçüsünə qarşı koalisiyanın 65 ölkəsi hərəkət edir”, - o, deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına nail olmaq istəyir.

Qeyd edək ki, Türkiyə 24 avqustda Suriyada “Fərat Qalxanı” əməliyyatına başlayıb və 8 saat ərzində Cerablusu İŞİD-dən azad edib. Növbəti bir neçə gün ərzində isə İŞİD-i Türkiyə-Suriya sərhədindən tamamilə təmizləyib.

Türkiyəyə NOTA: “Əsgərlərini geri çək!”

İraqın baş naziri Haydar İbadi Türkiyədən ölkəsindəki əsgərlərini geri çəkməsini istəyib. Baş nazir türk əsgərinin İraqdakı mövcudluğunun İŞİD-ə qarşı mübarizəni zəiflətdiyini bildirib.

“Əgər Türkiyə İŞİD-lə mübarizədə səmimidirsə, İraqın bu tələbinə müsbət cavab verməlidir”, - İraqın hökumət başçısı deyib.

Döyüşlər şiddətləndi: 100 nəfər öldürüldü


Suriyada son iki gün ərzində döyüşlər yenidən şiddətlənib. Rusiyanın Hava-kosmik gücləri tərəfindən dəstəklənən Suriya qoşunları Hələb şəhərinin cənubi-qərbində “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının hücumunu dəf edib.

Əsas döyüşlər hərbi məktəblər və “Kvartal 1070” adlanan ərazidə baş verib. Məlumata görə, Suriya ordusu əks-hücumun gedişatında dörd tank, üç piyada döyüş maşını, böyuk kalibrli pulemyotlarla doqquz avtomobili, həmçinin 100 döyüşçünü məhv edib.

“Ən-Nüsra” Cəbhəsi qruplaşması Hələb ətrafında Suriya hökumət qoşunlarının mövqelərinə 19 sentyabrda genişmiqyaslı hücuma başlayıb. Tank hücumundan əvvəl rejim gücləri artilleriya və reaktiv atəş sistemlərindən atəşə məruz qalıb.

Məlum olub ki, BMT və Qızıl Aypara Cəmiyyətinin birgə humanitar yardım karvanı atəşə tutulub. Ən azı 12 nəfərin həlak olduğu, 31 avtomobildən 18-nin zədələndiyi bildirilir (http://publika.az/p/150875).

Jirinovskidən ŞOK İFADƏLƏR: “Rədd olun! Alçaqlar, yaramazlar!” - VİDEO

Rusiya Dövlət Dumasına 18 sentyabrda keçirilən seçkilərdə iqtidardakı “Vahid Rusiya” Partiyası və Kommunist Partiyasına uduzaraq üçüncü yer tutan Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski hakimiyyətə qarşı sərt ittihamlar səsləndirib.

Jirinovski seçkilərin nəticələri ilə bağlı çıxışında hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib (http://publika.az/p/150910).

Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində təlim keçir

Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb. Müxtəlif qoşun birləşmələri işğal altında olan Aağdam şəhərində zirehli texnika və artilleriya qurğularından istifadə etməklə təlim keçir.

Ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz və tüstü dumanı təmas xəttindəki kəndlərdən görünür. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

Ömər Dağlı